OQTAY GÜLALIYEVİ HƏBSDƏN BURAXMIRLAR
Tarix: 20-04-2012, 12:31 |
Çap et
ONA YENİ MADDƏ İLƏ CİNAYƏT İŞİ AÇILIB
Aprelin 20-də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevə qarşı cinayət işinin açılması xəbəri yayılıb. Aldığımız xəbərə görə, Sabirabad Rayon Prokurorluğu onun haqqında Cinayət Məcəlləsinin 221-ci maddəsi(Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə cinayət işi açıb.
Olayla bağlı “musavat.com” a danışan “Turan” informasiya agentliyinin direktoru, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının həmtəsisçisi Mehman Əliyev bildirdi ki, hazırda olayla bağlı araşdırma aparılır: “O.Gülalıyevə cinayət işi açılamsı ilə bağlı bizə xəbər verilib. Hazırda xəbəri dəqiqləşdirməyə çalışırıq”.
Qeyd edək ki, Oqtay Gülalıyevi həbsdə saxlamaqla, ciddi xəsarət yetirilmiş jurnalist İdrak Abbasova cinayət işi açmaqla mövcud hakimiyyət tutduğu sərt xəttədən geri çəkilməyəcəyini göstərir və xalqa belə məsələləri zor müstəvisində həll edəcəyinə dair mesaj verir. / musavat /