Türkiyədən Naxçıvana kənd təsərrüfatının inkişafı üçün gətirilən məhsullar Sədərək gömrüyündən buraxılmır. Burada mallar strateji məhsul adı ilə təsərrüfatçıların əlindən alınaraq, anbara vurulur. Malları anbardan çıxarmaq üçün, onlara Naxçıvan şəhərinə gedib, yerli Qida Təhlükəsizliyi Agentliyindən arayış gətirmək tələb olunur. Bu arayışı almaq üçün isə, agentlik hər kiloqrama 5 manat tələb edir.
Bu qiymət sərf etmədiyindən, təsərrüfatçılar əllərindən alınan malın anbarda qalması ilə razılaşırlar. Daha sonra həmin mallar bazarda satışa çıxarılır və elə mal sahiblərinin özünə baha qiymətə satılır.
Yerli sakin F. Süleymanov deyir ki, oğlunun onun üçün gətirdiyi arı mumu gömrükdən buraxılmayıb:
“Arı saxlayıram. Oğlum Türkiyədən gələrkən mənə 20 kq arı mumu gətirirdi. Gömrükdə əlindən alıb, ambara vurublar. Deyiblər ki, Qida Təhlükəsizlik Agentliyindən arayış gətirməli, 60 manat da rüsum ödəməlisən. 20 kiloqrama 60 manat pul ödəyəcəyəmsə elə buradan alaram. Başa düşmürəm ki, arı nə vaxtdan strateji məhsul olub. Agentlik maldan nümunə istəyir. Gömrük isə deyir ki, arayışsız nümunə də buraxa bilmərik. İmkan vermirlər işləməyə. Yaxşısı budur ki, yeni başladığım arıçılıq işinə son qoyum. Sonra da deyirlər ki, kənd təsərrüfatı, arıçılıq inkişaf etmir. ”
Başqa bir şikayətçi fermer Kənan Seyidov da gömrükdə kənd təsərrüfatının inkişafı üçün lazım olan malların buraxılmamasından, brokratik əngəllər yaradılmasından gileylənib:
“Biz əkinçiliklə məşğul oluruq. Bir tərəfdən dövlət əkin üçün subsidiyalara verir. Fermerlərə güzəşt edir. Nazirlər Kabineti toxumluq buğda və kartofa gömürük rüsumunu qaldırır, digər tərəfdən Naxçıvan gömrüyü gətirməyə imkan vermir. Əvvəllər MR Kənd Təsərüfatı Nazirliyinin, İqtisadi inkişaf Nazirliyinin, yerli icra hakimiyyətlərinin verdiyi sənədlər əsasında bir neçə fermer birləşərək Türkiyədən əkmək üçün toxumluq buğda və kartofu gətirə bilirdik. İndi buna imkan vermirlər.
Keçən ay əkmək üçün Türkiyədən 100 kiloqram məhsuldar toxumluq kartof sortu gətirmək istəyirdim. Gömrükdə vurdular anbara, dedilər ki, sənədin yoxdur. Məcbur qalıb geri qaytarmalı oldum. Manopoliya imkan vermir. Biz də əkə bilmirik. Bu səbəbdən qiymətlər qalxır. ”
"Gündəlik Naxçıvan"