2 TÜRK “AVROVİZİYA”ÇI DUET OXUYACAQ
Tarix: 14-03-2012, 12:18 |
Çap et
SAFURA ƏLİZADƏ VƏ HADİSƏNİN DUETİ ALINACAQMI?
Avropa tamaşaçısının bir qisminə azərbaycanlı sənətçi Safura Əlizadənin ismi tanışdır.
"Eurovision"dakı uğurundan sonra səhnə imkanlarını məhdudlaşdırmayan sənətçi sənət yeniliklərinin həllini daha geniş miqyasda düşünür. Vaxt məhdudiyyəti ilə tez-tez rastlaşan Safura Milli.Az-a danışır ki, belə bir problemi olmasaydı, bəlkə, düşündüyü bir çox işlərin həllini görə bilərdi. Bunlardan biri Safuranın türkiyəli Hadisə ilə duet oxumaq sevdasıdır.
Onlar bir-birlərini daha yaxından tanımasalar da, salam-sağolları var. Hadisə Bakıda səfərdə olanda onlar görüşüb ayaqüstü söhbət ediblər. Lakin başqa bir tədbirə tələsən Safura təklifin belə bir vəziyyətdə verilməsini məqsədəuyğun hesab etməyib.
"Vaxt məhdudiyyəti bəzən işimizə əngəl törədir. Hadisə ilə düşündüyüm dueti elə bu səbəbdən danışa bilmədim. Onunla yaxından tanış deyiləm. Amma bir-birimizi tanıyırıq. Həm də səhnə imicimiz yaxındır. Ümid edirəm ki, duet yaransa, Beyonse-Şakira dueti qədər maraqlı qarşılanacaq. Amma bu, hələ ki, ideya olaraq qalır. Gerçəkləşəcəyinə inanıram. Sadəcə, konsert çıxışlarıma və bir sıra tədbirlərə daha çox vaxt ayırmalıyam. Bunlar sənətimə verilən bir dəyərdir və təklifləri həyata keçirməliyəm", - deyə Safura bildirdi.