MÜXALİFƏTÇİ TÜRMƏ RƏHBƏRLİYİNƏ QARŞI
Tarix: 23-01-2012, 12:47 |
Çap et
MƏHBUSUN NAMAZ QILMASI ƏNGƏLLƏNİB
İctimai Palatanın ötən il aprelin 2-də keçirilən aksiyasında həbs olunan Əhəd Məmmədli saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərliyini məhkəməyə verir.
Bu haqda vəkili Yalçın İmanov məlumat yayıb.
Məhbusun narazılığına səbəb 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məhbusa vaxtında namaz qılmağa icazə verməməsidir.
Y. İmanov deyir ki, Ə. Məmmədli həbsxanada su, tualet problemindən, istilik sisteminin olmamasından, işığın fasilələrlə verilməsindən və yaxınlıqdakı daş karxanasının səhhətinə vurduğu ziyandan da şikayətlənir.
Eyni həbsxanada saxlanan Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı da şəraitinin ağırlığı ilə əlaqədar Ədliyyə nazirinə müraciət edib. O, naziri cəza çəkdikləri müəssisəyə dəvət edir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə həbsxanada məhbusun namaz qılmasına qadağa qoyulması ilə bağlı fikirlərin əsasız olduğunu deyir:
«İbadət otağı var. Orda namaz qılmağa da, rejim qaydalarını pozmayan dini ayinlərin də yerinə yetirilməsinə icazə verilir».
Xidmət rəhbəri 14 saylı müəssisədə su olmaması barədə deyilənləri təkzib edir:
«O müəssisədə yüzlərlə məhkum var, onlar susuz bir gün dura bilərmi? Suyun olmaması ilə bağlı deyilənlər tamamilə cəfəngiyatdır».
Ötən ilin oktyabrında Əhəd Məmmədli 1 il 6 ay, Tural Abbaslı isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.