Səlim Müslümovun vaxtında problem var idi, o, DSMF-dən getdi, problem yenə də qalır - Uşaqpulu cəncəli
Tarix: 6-05-2014, 10:34 |
Çap et
DİA.AZ: - Bakı sakini redaksiyamıza şikayət məktubu ilə müraciət edib. Vətəndaş (probleminin hələ də qalması səbəbindən anonim qalmasını xahiş edib -red.) bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi illərdir ki, onu süründürməkdədir.
Vətəndaşın diaaz.space-a yazdığı müraciəti: «Artıq böyük övladımın 9, 2-ci övladımın isə 8 yaşının tamam olmasına az qalıb. Amma mən hələ də dövlət tərəfindən uşaq dünyaya gələrkən ayrılan uşaqpulunu ala bilməmişəm».
Vətəndaş DİA.AZ-a müraciətində bildirir ki, buna səbəb DSMF-nin əməkdaşlarının özbaşınalıqlarıdır: «Təsəvvür edin, 80 manat pul ala bilmək üçün elə bir şərait yaradıblar ki, gərək 200 manat xərc çəkəsən. Səlim Müslümovun vaxtında problem var idi. O, DSMF rəhbərliyindən getdi, problem yenə də qalır.
İndi hara şikayət edəcəyimi də bilmirəm. «ASAN» xidməti də bu problemimə kömək etmir».
Narazı vətəndaş bildirir ki, məqsədli olaraq çoxlu sayda sənədlər tələb edirlər ki, sonradan valideynlər uşaqpulunu almaqdan, birdəfəlik yardımı tələb etməkdən vaz keçsinlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.