
Ölkədə evlərin qiyməti getdikcə bahalaşır.
Nə vaxtsa ev almağa ümidi olan vətəndaşlar da artıq bu arzunun reallaşmayacağını düşünürlər. İnsanlar nəinki nağd, kreditlə belə ev almaqda çətinliklərlə üzləşiblər. Evlərin belə baha olmasının bir neçə səbəbi var.
Onlardan biri kimi də ölkədə, xüsusilə də Bakıda “makler mafiyası”nın genişlənməsi göstərilir. Belə ki, bu gün maklerlər həm satışda olan evləri yüksək qiymətə təqdim edir, həm də torpaq alıb indi “makler evləri” deyilən fərdi həyət evləri tikib satırlar. Beləliklə, bu gün evlərin alqı-satqısı “makler mafiyası”nın əlində cəmləşib ki, onlar da istədikləri qiyməti təqdim edirlər. Niyə daşınmaz əmlak bazarı evləri baha qiymətə satan maklerlərdən asılı vəziyyətə düşüb və bunun üçün onlar hansı məsuliyyəti daşıyırlar?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak bazarını idarə edən əsas şəxslər rieltorlardır:
“Adı rieltor olsa da, Azərbaycanda daha çox makler kimi tanınırlar. Onlar daşınmaz əmlakların satışı ilə məşğuldurlar və bundan əlavə, bəzi rieltorlar var ki, onlar özləri torpaq sahələri alaraq evlər tikir, çoxmənzilli binalarda mənzillər alıb təmir edərək satırlar. Ev tikib satan o şəxslər əmlak bazarında qiymətlərin artan xətt üzrə olmasına daha çox şərait yaradırlar ki, öz əmlaklarını daha baha sata bilsinlər. Azərbaycanda təəssüf ki, rieltorların fəaliyyəti ilə bağlı qanunvericilik strukturu qurulmayıb.
Bu sahənin idarə olunması üçün hazırda Azərbaycanda minlərlə, təkcə Bakıda isə 10 mindən çox rieltor fəaliyyəti ilə məşğul olan şəxs var ki, onların da böyük bir hissəsi qeyri-rəsmi işləyir. Rieltorluq sahəsi vətəndaşların evini satmaq və vətəndaşlara ev satmaq anlamına gəlir”.
Ekspert bildirib ki, əslində bu sahədə işləyən şəxslər mütləq şəkildə peşəkar olmalıdırlar:
“Onların satış, hüquqi qanunvericilik, sənədləşmə ilə bağlı tam anlayışları olmalıdır. Əmlak satışa çıxanda, mütləq şəkildə onun sənədlərini yoxlamalıdırlar. Sənəd qaydasındadırsa, onun satışını həyata keçirə bilərlər. Əks halda, sənədsiz ərazilərdəki evləri satmaq qanunsuzdur. Bu baxımdan düşünürəm ki, gələcəkdə Azərbaycanda rieltorlarla bağlı yeni bir qanunvericilik aktı hazırlanarsa, bu sahədə çalışanların bir qurumu olarsa, bu sahədə də peşəkarlar çalışarlar”.
Ekspert deyir ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) yaradılıb.Bu qurum yaranana qədər istənilən fiziki və hüquqi şəxs qiymətləndirmə fəaliyyəti ilə mə.ğul olub:
“Onlar vergi kodunu yükləyərək bu sahə ilə məşğul ola bilirdilər. Bu da qiymətləndiricilərin əmlaka istədikləri qiyməti qoymasına gətirib çıxarırdı.
İndi isə palata fəaliyyətə başlayıb və qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər Dövlət İmtahan Mərkəzində qiymətləndirmə ilə bağlı imtahan verməlidirlər. İmtahanlar asan deyil, çətindir. İmtahandan keçən şəxslər daha sonra AQP-nin üzvü olduqdan sonra qiymətləndirmə fəaliyyəti ilə məşğul ola biləcəklər. Bu, ona gətirib çıxartdı ki, artıq əmlak bazarında, qiymətləndirmə sahəsində qeyri-peşəkar qiymətləndiricilər olmayacaq. Çünki DİM-dən imtahandan keçən şəxslər peşəkardırlar və onların qiymətləndirmə fəaliyyəti göstərə bilmələri üçün palata üzvü olmaları şərtdir. Əks halda qiymətləndirmələri qəbul olunmur.
Palata üzvlüyünün əsas şərt olmasının səbəblərindən biri də verilən bütün qiymətləndirmələrə palatanın nəzarət edəcəyidir ki, burada hər hansı saxtakarlığa yol verilməsin. Rieltorlar sahəsində də belə bir qurum yaranarsa, artıq mütləq şəkildə onlar imtahandan keçməli, ondan sonra rieltorluq fəaliyyəti ilə məşğul olmaları mütləqdir. Hazırda minlərlə şəxs müxtəlif tikinti şirkətləri tərəfindən aldadılır.
Burada rieltorların da rolu olub, aldatmaqda yox, həmin evləri təklif etməkdə. Əgər rieltor peşəkardırsa, bina ilə bağlı araşdırma aparmalıdır, neqativ məlumat varsa, həmin mənzilləri müştəriyə təklif etməməlidir. Çünki ortada cinayət olanda həmin cinayətə rieltor da cəlb olunur. O baxımdan nə vətəndaşın aldadılması, nə də özlərinin cinayətə cəlb edilməməsi üçün mütləq şəkildə onların peşəkarlaşması, bir qrup tərəfindən nəzarət vacibdir”.
Əmlak bazarında bahalaşmaya “makler”lərin səbəb olmalarına gəldikdə isə ekspert deyir ki, əslində rieltorların rəsmi statusu olsa, onların qiymət qoymaq səlahiyyəti də ola bilər:
“Ancaq rəsmi statusları olmadığına, əksəriyyəti vergidənkənar, qanunsuz fəaliyyət göstərdiyinə, əksər hallarda qiymətlərdən məlumatsız olduqlarına görə bahalaşma yaranır. Çünki rieltor əmlak bazarıda həm məlumatlı olmalı, bazar qiymətlərini bilməli, satan tərəf reallıqdan uzaq qiymət təklif edirsə, ona izah etməlidir ki, əmlak bazarında qiymətlər bu deyil. Təbii ki, əmlak bazarında qiymətlərin artmasında və enməsində rieltorların böyük rolu var”.
“Makler evləri”nə gəldikdə isə ekspert bildirdi ki, bununla bağlı heç bir qadağa yoxdur:
“Vətəndaş, yaxud rieltorun çıxarışı olan torpaqda ev tikib satmasına heç bir qadağa yoxdur. Hazırda Azərbaycanın əmlak bazarında vəziyyət pisdir, satış sahəsi boş vəziyyətdə qalıb. Boşluqdan istifadə edən insanlar da istədikləri məsələni diqtə edə bilirlər. Bu baxımdan yeni bir nəzarət qurumu olmalıdır ki, bu cür problemlərin qarşısını ala bilsinlər”.