
"“Əqrəb mövsümü” serialında (baxmamışam, sırf rəylərə əsaslanıram) prokuror işdən çıxarılanla bağlı deyib ki, “göndər onu vəkildən zaddan işləsin”. Bəzi həmkarlarımın xətrinə dəyib. Mənim isə xətrimə dəymir..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib.
O daha sonra fikrini belə əsaslandırıb: "Çünki analoji münasibəti vəkillərə dövlət qurumlarının əksəriyyəti bədii əsərlərdə deyil, reallıqda nümayiş etdirir. Adi misal. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli krediti ala bilənlər siyahısında vəkillər yoxdur. Gənc məmurlar, o cümlədən prokurorluq işçiləri var, amma gənc vəkillər yoxdur. Sözügedən Fond deyir ki, məqsədəuyğun deyil. Yəni vəkil-zad kimdir ki, güzəştli ipoteka krediti ala bilsin?! İndi təsəvvür edin ki, bütün fəaliyyəti qeyri-şəffaf olan, barəsində min cür neqativ söz-söhbət gəzən hansısa İpoteka və Kredit Zəmanət Fondu qanunçuluğun, insan haqlarının keşiyində duran vəkillər barəsində bu cür münasibət sərgiləyirsə, başqalarından nə gözləməliyik?.."