“Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfərinin gündəliyini açıqlamaqdan rəsmən imtina edir. Bir gün əvvəl Baş nazir Nikol Paşinyan da Ermənistanın diplomatik əlaqələri olmayan ölkəyə səfərinin məqsədini açıqlamayıb”. “Hraparak” nəşri belə yazır.
“Bu arada, hətta hakim “Vətəndaş Müqaviləsi” Partiyası sıralarında Türkiyədə saziş və ya ilkin sülh sənədinin imzalana biləcəyi ilə bağlı fərziyyələr dolaşmağa başlayıb. Bir neçə gündür ki, ekspert dairələri Azərbaycan Prezidenti İlham Əliyevin də Türkiyəyə səfəri ilə bağlı məlumatları müzakirə edirlər.
Bəzi məlumatlara görə, Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə tərəflər razılığa gələ və sülh müqaviləsi imzalaya bilərlər. Bu da öz növbəsində regionda üçüncü tərəfin hərbi mövcudluğunun aradan qaldırılması, xüsusilə də Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması demək olar.
Mümkün razılaşmaya ayrıca sənəd əlavə olunacaq və orada mövcud məlumata görə, Bakının əlavə tələbləri, o cümlədən 300 min azərbaycanlının Ermənistana geri qaytarılması barədə tələblər sadalanacaq”,-deyə “Hraparak” qeyd edir.
Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə rəsmi səfəri ilə bağlı Ermənistan mediası müxtəlif ehtimallar irəli sürməklə tərəflər arasında müzakirə ediləcək məsələləri öyrənməyə çalışır. Lakin Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın açıqlaması “Hraparak”da yazılanların daha çox konspiroloji yanaşmadan ibarət olduğunu göstərir.
Baqdasaryan Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında Türkiyədə görüş planlaşdırılmadığını bildirib. Bu isə istər Nikol Paşinyanın, istərsə də Prezident İlham Əliyevin Türkiyə rəhbərliyi ilə keçirdiyi görüşlərdə daha çox ikitərəfli və regional məsələləri müzakirə edəcəyini göstərir.
Təbii ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları Prezident Ərdoğanın Nikol Paşinyan və İlham Əliyevlə apardığı danışıqların gündəliyində mühüm yer tutacaq. Xüsusilə də Ermənistanın Baş nazirinin Ankaraya rəsmi səfəri Azərbaycanla sülh prosesini daha aktual edir. Çünki Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məhz bu məsələdən asılıdır.
Nikol Paşinyan çox güman ki, Türkiyə hakimiyyətini sərhədlərin açılmasının vacibliyinə inandırmağa çalışacaq. İsrail-İran müharibəsinin daha gərgin və üçüncü mərhələyə daxil olması hərbi əməliyyatların uzanacağından xəbər verir. Bu da öz növbəsində Ermənistanın iqtisadi blokadasını genişləndirən amilə çevrilməkdədir. İranda iqtisadi böhranın siyasi xaosa çevrilmək təhlükəsi var.
Birinci Qarabağ müharibəsindən etibarən Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olsa da, İran əsas təchizatçı ölkələrdən biri kimi işğalçıya dəstək göstərib. İndi isə vəziyyət dəyişib və İranın iqtisadi infrastrukturu dağılmaq təhlükəsi ilə üz-üzədir. İran və Ermənistan arasında idxal-ixrac əməliyyatlarını həyata keçirmək çətinləşib. Bütün bunlar Ermənistanı Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etməyə sövq edə bilər.
Nikol Paşinyan böyük ehtimalla Türkiyə hakimiyyəti ilə apardığı danışıqlarda İrandakı vəziyyəti nəzərə alaraq, Ermənistanla sərhədlərin açılması üçün razılaşma əldə etməyə səy göstərəcək. Hətta Paşinyanın səfərindən sonra Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr səviyyəsində 2023-cü ildən bəri yarımçıq qalmış müzakirələr yenidən aktivləşə bilər.
Tərəflərin diplomatik pasporta malik üçüncü ölkə vətəndaşlarının da Alican sərhəd-buraxılış məntəqəsindən keçməsi barədə razılaşmanın icrasına başlanılması istiqamətində də müəyyən addımlar atıla bilər. Amma sərhədlərin açılması ilə bağlı Türkiyə və Ermənistanın ortaq məxrəcə gələcəyi hələlik inandırıcı görünmür. Çünki Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları və qondarma soyqırım məsələsini irəli sürür.
Ermənistan Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə Türkiyənin 6 şərq vilayəti “Qərbi Ermənistan” adlandırılır. Eyni zamanda, Ermənistan dövlət gerbində Ağrı dağına ərazi iddiası yer alır. Bu isə Ermənistan Konstitusiyasının 21-ci maddəsində, həmçinin “Ermənistanın Dövlət Gerbi haqqında” Qanunda təsbit olunub.
Həmçinin, Müstəqillik Bəyannaməsinin 11-ci bəndində 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələr “soyqırım” aktı kimi təqdim olunur və dünyada tanınması qarşıya məqsəd qoyulur. Ona görə də Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün referendum keçirməli, qeyd edilən müddəaları konstitusiyadan çıxartmalıdır. Eyni zamanda, Ermənistanın dövlət gerbi dəyişdirilməlidir. Əlbəttə, bütün bunlar sərhədlərin açılması üçün yeganə səbəb ola bilməz.
Çünki Türkiyə və Ermənistan arasında dinc ticari-iqtisadi əməkdaşlığın qurulması İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasına dair danışıqları Azərbaycanla koordinasiyalı şəkildə aparır. Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına gəlincə, Azərbaycan və Türkiyə birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.
Bunu Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və konstitusiya referendumunun keçirilməsini gözləmədən də reallaşdırmaq mümkündür. Yəni Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndini yerinə yetirməlidir. Əgər Paşinyan Zəngəzur dəhlizinin açılması istiqamətində öhdəliyə əməl etməsə və Ankarada növbəti dəfə “Sülh kəsişməsi”ndən danışmaq davam edərsə, bu danışıqların ciddi nəticəsi olmayacaq.
Paşinyanın inadkarlığı Ermənistanın blokadasını gücləndirə bilər. Bu isə 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistan cəmiyyətində Nikol Paşinyan hakimiyyətinə qarşı narazılığın artmasında mühüm rol oynayacaq. İranda baş verən geosiyasi qarşıdurmanın regiona yayılması fonunda Paşinyanı devirmək istəyən qüvvələrin yaranmış konyukturdan istifadə etməsinə gətirib çıxarar.
Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz etməyə çalışan xarici aktorların da maraqlar toqquşması görünür, Paşinyanı təhlükəsizliyini təmin etmək üçün yeni addımlar atmağa vadar edib. Rusiya-Ermənistan-İran təhlükəsizlik üçbucağının dağılması regionda yeni güc mərkəzinin formalaşacağından xəbər verir. Bu baxımdan, Azərbaycanla sülhün əldə olunması və Türkiyə ilə barış Ermənistanın təhlükəsizliyi üçün ciddi təminata çevrilə bilər.
"Cebheinfo.az"