Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə uçot faiz dərəcəsi ilə bağlı ilk qərarını açıqlayıb.
"APA-Economics” xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.
***
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu açıqlayıb.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.