Putinin üzr istəməsi: bu, başlanğıcdır, sonra... - Naumov
Tarix: 29-12-2024, 10:17 |
Çap et
Vladimir Putinin zəngi (Prezident İlham Əliyevə - red.) və üzr istəməsi həqiqətən hava məkanımızdakı vəziyyətə görə məsuliyyətin tanınması deməkdir (axı üzr istənilib), lakin Rusiya hava hücumundan müdafiə sisteminin günahının tanınması demək deyil — günahkarlıq məsələsini sonradan konkret ad və soyadlarla istintaq müəyyən edəcək.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.
“Hesab edirəm ki, bu, faciənin nəticələrinin siyasi həllinin yalnız başlanğıcıdır. Həm də təzminat ödəmək üçün təqsiri etiraf etmək lazım deyil - məsuliyyəti etiraf etmək kifayətdir, buna bənzər hallar dəfələrlə özünü göstərib (“bu, bizim səmamızdır və biz burada təyyarələrin hərəkətinin təhlükəsizliyini təmin edirik”). Biz də bu hadisəni izləyirik və necə deyərlər, müttəfiqlik çərçivəsində nizamlanmaya ümid edirik”, - o bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzr istəyib.