“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA
Tarix: 12-11-2019, 16:03 |
Çap et
“Azərbaycanda istifadə olunan buğda 4-5-ci sinifə aiddir. Aşağı keyfiyyətli buğda olduğu üçün, həmin buğdanın qiyməti bahalaşmır”.
Bu sözləri Yenicag.az-a Qazaxıstanda taxılın qiymətinin artmasının Azərbaycanda çörəyin qiymətinə təsiri ehtimalını şərh edərkən, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.
O, Qazaxıstanda taxılın qiymətinin artmasının ciddi səbəbləri olduğunu bildirib:
“Qazaxıstan çox böyük həcmdə taxıl istehsal edən ölkələrdən biridir. Ölkədə məhsuldarlığın, eləcə də istehsalın azalması, məhsulun maya dəyərinin artması taxılın bahalaşmasına gətirib çıxarıb. Azərbaycan Qazaxıstandan buğda almasa da, Qazaxıstanın Rusiya ilə ticari əlaqələri var. Onlar Rusiyadan taxıl idxal edib, digər ölkələrə ixrac edir. Bu da ümumi qiymətə təsir edə bilər”.
“Azərbaycanda çörəyin qiyməti artmayacaq”,- deyən, ekspert bunu keyfiyyətsiz buğdanın bahalaşmaması ilə əlaqələndirib:
“Azərbaycanda istifadə olunan buğda 4-5-ci sinifə aiddir. Aşağı keyfiyyətli buğda olduğu üçün həmin buğadanın qiyməti artmır, əksinə düşür. Azərbaycanda çörək keyfiyytəsiz buğdadan istehsal edildiyi üçün qiyməti də bahalaşmayacaq. Əksər ölkələrdə çörək bişirmədə 1, 2, 3-cu sinif buğdadan istifadə edilir. Azərbaycanda isə mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir. Yemlik buğdanın qiyməti elə də bahalaşmır”.