"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun inşa etdiyi binanın sakinlərinə zorla müqavilə imzalatmağa çalışması fiasko ilə nəticələnib.
BakuPost-un məlumatına görə, "Hacı Mazan” bina sakini Faiq Seyfullayevlə səs-küylü çəkişməsində geri addım atmağa məcbur olub.
Qeyd edək ki, "Hacı Mazan” öz adamları ilə müqaviləni imzalamaqdan imtina edən Faiq Seyfullayevin mənzilinə hücum edərək, "Xəzər” telekanalının əməkdaşlarına təzyiq göstərmiş, mənzil sahibinə bədən xəsarətləri yetirmişdi. Bu faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və hazırda işə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində baxılır. İndiyədək bir neçə üzləşmə həyata keçirilib, cinayət işində adı keçən adamların ifadələri alınıb. "Hacı Mazan”ın özü dəfələrlə çağırıldığı üzləşmələrə gəlməyib və ölkədən çıxışına məhdudiyyət qoyulub.
"Hacı Mazan”ın qohumları tərəfindən yaradılan və özünə məxsus "İnam Bayram” MTK tərəfindən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov 4C ünvanında inşa edilmiş binalara kommunal xidmət göstərən "Baba 2017” MMC Faiq Seyfullayevə yeni müqavilə təklif edib. Beləliklə, şirkət sakinin tələblərini qəbul etdiyini bildirib.
Bundan əvvəl "Hacı Mazan”ın Yeni Yasamal yaşayış massivində inşa etdiyi binada kommunal xidmət müqaviləsi məsələsində iş adamı sakin qarşısında geri çəkilməyə məcbur olmuşdu.