Əsas Səhifə > Güney Press > “Anam məni ayağının altına salıb döyür, dişləyir, sonra üstümdə otururdu”
“Anam məni ayağının altına salıb döyür, dişləyir, sonra üstümdə otururdu”25-12-2013, 09:58 |
![]() ... Hər şey atasının evi tərk etməsilə başlayır. Hamilə qadın iki yaşlı balaca qızıyla tək qalır. O vaxt ailəsinə qarşı çıxıb sevdiyinə qoşulub qaçmışdı. İndisə həyatda tək idi. Bir zamanlar sevdiyi insanın onu tərk etməsini həzm edə bilməmişdi. İkinci dəfə ailə quran Kamilə xanımın birinci ərinə olan qəzəbi bitmək əvəzinə günü gündən böyüyür. O qədər böyüyür ki, atalarının qəzəbini qızlarından çıxır. Xüsusən də Türkandan. İş o yerə gəlib çıxır ki, anasının işgəncələri dözülməz həddə çatır. Və günlərin birində aylardı anasından gizli topladığı pulları da götürüb evdən qaçır. Həmin vaxt gedəcəyi bir yer vardı. Televiziya kanallarından birində yayımlanan veriliş. Taksiyə minən kimi bir başa Bakıya sürdürür. Verilişə getməyinin yaxşı tərəfi o olur ki, Türkan Bakıda fəaliyyət göstərən sığınacaq evlərindən birinə yerləşdirilir. Elə mən də onunla orda görüşdüm. Amma görüşməzdən qabaq sığınacaq evinin rəhbəri Kəmalə Ağayeva ilə söhbətləşdim. Türkan haqqında qısaca məlumat almaq üçün. K. Ağayeva sığınacağa gələndə Türkanın psixoloji vəziyyətinin ağır olduğunu dedi. Hətta bəzi adamlar onun yerinin sığınacaq evi yox, dəlixana olduğunu da söyləyib. Lakin Kəmalə xanım buna heç cür razı olmayıb. Sığınacaq evinə yerləşdirilən Türkana psixoloji yardım göstərilib. Ağayevanın sözlərinə görə, Türkan indi özünü çox yaxşı hiss edir. Sadəcə xarici görünüşü ilə problemləri var. Otaqda oturub Türkanı gözləyirəm. Qapı açılır. İçəri sıxıla-sıxıla bir qız girir. Türkanı rahatlatmaq üçün müxtəlif mövzulardan danışıram. Arada isə lazımı sualları verirəm. Türkanın 22 yaşı var. Anası ilə münasibətini belə izah edir: - Atam evdən gedəndə mənim iki yaşım olub. Anam isə bacıma hamilə imiş. Atam gedəndən sonra anamın bizə münasibəti çox dəyişdi. Lap balaca vaxtlarım yadıma gəlmir. Üç-dörd yaşımı xatırlayıram ki, anam çox pis söyüşlər söyərdi bizə. Böyüdükcə münasibəti düzəlməkdənsə, əksinə, pisləşirdi. Söyməklə doymayan anam artıq döyməyə başlamışdı. Yoxdan səbəblərdən bizi bərk döyürdü. Ən çox da məni. Bilmirəm, niyə mənə qarşı bu qədər nifrət doluydu?! Kənardan görənlər deyirdilər ki, bu, ya sənin doğma anan deyil, ya da xəstədi. Ögey olmadığına görə, mən onu xəstə qəbul edirəm. Çünki normal insan öz doğma balasına niyə belə zülm versin ki?! Bir neçə dəfə məktəbdən çıxarmaq istədi. Ayaqlarına düşüb yalvar-yaxar elədim yenidən məktəbə qayıtdım. Anam hirslənəndə mən boyda qızı ayağının altına salıb döyürdi. Ürəyi soyumazdı, dişləyirdi. Axırda da üstümdə oturardı. Yerimdən qalxmağa halım olmayanda ayağıyla təpikləyib “artistlik etmə” deyirdi. Söhbətdən əvvəl Kəmalə xanım Türkanın anasının rəfiqəsinin onlara zəng etdiyini demişdi. Türkanı bayrama evlərində gözləyirlərmiş. Türkandan geri qayıdıb-qayıtmayacağını soruşuram. - Qəlbim sınıb. Çox qırılmışam. Zamanla necə olacaq bilmirəm. Amma bir neçə günə çətin ki, nəsə dəyişər. Bayramı burda keçirəcəm. Deyir və kədərlənir. - Anam üçün yox, evimiz üçün darıxıram. Anası məcbur edir ki, bacısı onun sevdiyi oğlanla danışsın - Rayon yerlərində belə adət var. Deyirlər qızını varlı oğlana ərə ver, sənə də baxsın. Anam da istəyirdi ki, məni xalam oğluna versin. Ali təhsili yoxdu, ticarətlə məşğuldu. Mən isə ali təhsilli bir oğlanı sevirdim. Anam ayırdı bizi. O, zəng edən də telefonu bacıma verirdi ki, danış. Ona deyirdilər ki, guya mən daha onunla danışmaq istəmirəm. O da inandı. Artıq evlənib. Bacım yazıq da məcbur qalıb danışırdı. Yoxsa pis qız deyil. Anam məni otağa salıb ac saxlayanda o, xəlvətcə mənə yemək gətirirdi. İndi ailəlidi. Amma xoşbəxt deyil. Türkanın həkim pulunu anası xərcləyir - Mədəm ac qalmaqdan xəstədi. Ən çox ağrılarım uzananda olur. Dayımın yoldaşı Rusiyadan gələndə məni həkimə aparmışdı. Amma həkim yerində olmadı deyə göstərə bilmədi. Özü bilet almışdı, Rusiyaya qayıtmalıydı. Pulu anama verdi ki, sonra apararsan. Anam pulu xərclədi, amma məni həkimə aparmadı. Mən əvvəllər gözəl idim. Xəstəlikdən belə olmuşam. Çox istəyirəm sağalım. Üzümdəki səpkilər də gedəcək o zaman. Gələcəyi ilə bağlı isə Türkan bunları deyir. - Təhsil almaq istəyirəm. Kəmalə xanım mənə kömək edəcəyini deyir. Psixoloq olacam. İnsanlara yardım edəcəm. ... Otaq isti olsa da, Türkan başını örtmüşdü. O qədər ac qalıb ki, vitamin çatışmazlığından saçları tökülür. Bu da ona pis təsir edir. Utandığına görə saçlarını ləçəyin altında gizlədir. Sonda şəkil çəkdirmək istəyəndə bayaqdan bəri “mən güclüyəm. Hər xırda şey üçün ağlamaram” deyən qız, üzünü ovcuna sıxıb başlayır hönkür-hönkür ağlamağa. Hıçqırtılar arasından qırıq-qırıq səslər gəlir: “Utanıram, çox utanıram”. Bu gün Türkan sığınacaq evində yaşayır. Hələ ki, psixoloji yardım alır. İndi onun tək dərdi müalicə almaq, tökülmüş saçlarının bərpa olunmasıdır... Geri qayıt |