Etibarlı mənbədən "DogruXeber.az"a təqdim olunan məlumatlara əsasən, Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verənlər nəzarətdən çıxmış vəziyyətin artıq adiləşdirildiyini, təhsilin məqsədi ilə gəlirin marağının yerlərini dəyişdirdiyini bir daha göstərir.
Məktəbdə sinifdənkənar və sinifdənxaric fəaliyyətlər demək olar ki, formallığa çevrilib. Təşkilat saatları kağız üzərində “keçilir”, realda isə keçirilmədiyinə dair kifayət qədər sübut var. Sinif guşələri ya ümumiyyətlə yoxdur, ya da ötən illərin paslı materialları ilə vitrin naminə saxlanılır. Sinif rəhbərlərinin icra etməli olduğu sənədlər – illik iş planı, valideynlərlə iş jurnalı, sinif rəhbərinin gündəliyi və s. ya mövcud deyil, ya da illərdir yenilənmir. Bu məktəbdə “görülmüş iş” anlayışı sadəcə jurnal səhifəsində qalan söz yığınından ibarətdir.
Əsl fəaliyyət isə məktəbin içində gizli şəkildə yürüdülən pullu repetitorluq mexanizmidir. Direktor Ağamət Ağamətov və həyat yoldaşı, fizika müəllimi Akina Ağamətova məktəbi tamamilə özəlləşdirilmiş hazırlıq kursuna çeviriblər. Biologiya kabineti artıq laboratoriya deyil, ailə biznesinin məşğələ otağıdır. Uşaqlar dərs saatı ərzində dərslərdən çıxarılır, həmin otaqda direktor və həyat yoldaşı ilə pullu məşğələyə cəlb olunurlar. Hətta bəzi hallarda şagirdlər Qusar şəhərində yerləşən şəxsi evə çağırılır və orada dərs adı altında pul qarşılığında hazırlaşdırılır.
Məsələn, 01 aprel 2024-cü il tarixində 10-cu sinif şagirdləri Muradxanova Liana, Abbasov Orxan və Ağamirzəyev Zamir dərs saatında Piral kəndindən 23 km uzaqdakı Akinanın evində pullu dərsdə olublar. 31 may 2024-cü ildə isə 7-ci sinif şagirdləri İsayev Cavid və Əlisultanova Qızılgül üçüncü dərs zamanı digər fəndən çıxarılaraq biologiya otağında ayrıca məşğələyə cəlb olunublar. Həmçinin, 2024-2025-ci dərs ili və ondan əvvəlki illərdə Səfiyeva Elnaz, Saruxanova Sofiya, İsayev Murad, Muradxanova Alyona, İsayeva Elmina, Rüstəmova Nayira, Mikayılov Fariz və Xaspoladov Elnur kimi şagirdlər günün birinci yarısında icbari təhsildən yayınaraq Qusar şəhəri, Cibir, Hil və digər kəndlərdə repetitorların yanına göndərilib. Bütün bunlara isə məktəb rəhbərliyi bilərəkdən şərait yaradıb.
Direktor Ağamət Ağamətovun özü də hələ 2021-ci ildən başlayaraq, 2025-ci ildə 11-ci sinfi bitirmiş Abbasov Orxan, eləcə də hazırda 11-ci sinifdə təhsil alan Ağadadaşova Fatma və digər şagirdləri rəsmi tədris proqramından yayındıraraq, direktor otağında və biologiya kabinetində “özəl dərslərə” cəlb edib. Orxanın vaxtilə sinif yoldaşlarına dediyinə görə, atası hər ay direktora 30 manat ödəyib ki, oğlu bu “əlavə diqqətdən” yararlansın. Digər şagirdlər də təsdiqləyirlər ki, direktor istədiyi vaxt Orxanı dərsdən çıxarıb, öz otağında məşğələyə aparırdı.
Bu qanunsuz fəaliyyətdən cəsarətlənən digər müəllimlər də prosesə qoşulub. Qusar şəhərindən gələn qadın rəsm müəllimi 2023-2024-cü dərs ilində şagirdləri səhər dərslərindən çıxararaq onlara ayrıca, pullu dərslər keçib. İsayeva Elmina (10-cu sinif, hazırda məzun) hər ay 30 manat, Müslümova Leyla (9-cu sinif, hazırda 10-cu sinif şagirdi) isə 20 manat ödəyib. Riyaziyyat müəllimi Ramiz Məcidov, psixoloq Əfsanə Müslümova (ixtisasca azərbaycan dili müəllimi) da eyni praktikaya qoşulublar – direktorun “xeyir-duası” ilə məktəbdə pullu dərslər keçiblər.
2022-2023-cü dərs ilində 9-cu sinif şagirdlərindən ibarət qrup yaradılıb. Direktorun göstərişi ilə Azərbaycan dili müəllimi Aytən Abdurəhmanova bu qrupa dərs saatı ərzində pullu dərs deyib. Hər şagirddən aylıq 30 manat alınıb. Bu fəaliyyətin qanunsuzluğu isə rəhbərlik tərəfindən guya “şagirdlərin nəticələrini yaxşılaşdırmaq məqsədi” ilə əsaslandırılıb.
Burada adıçəkilən bütün hallar təkcə etik pozuntu deyil – bu, həmçinin Təhsil Nazirinin müvafiq əmrlərinin kobud şəkildə pozulmasıdır. Məktəb rəhbərliyi və bir qrup müəllim tərəfindən həyata keçirilən bu fəaliyyət açıq şəkildə icbari təhsilin sabotajıdır. Hökumət tərəfindən təmənnasız təhsil almaq üçün yaradılmış mühit, konkret şəxslərin şəxsi gəlir mənbəyinə çevrilib.
Bu hal davam etdiyi müddətdə valideynlərin və şagirdlərin ədalətə olan inamı, təhsilin dəyəri və dövlətin etibarı birgə şəkildə aşınır.
"DogruXeber.az"
Geri qayıt
|