Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskvanın Qarabağ üçün “B planı” var?
Moskvanın Qarabağ üçün “B planı” var?Bu gün, 09:00 |
|
“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda “CivilNet” kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin hazırda Azərbaycan “əsirliyində” olan Ruben Vardanyanı unutmadığını, sadəcə, Ukraynadakı müharibədə resursların itirilməsinə görə Moskvanın indi müdaxilə edə bilmədiyini bildirib. Əgər Rusiyanın “demokratik” jurnalist hesab ediləni belə deyirsə, gör indi digərləri nə düşünür? Sanki Rusiya Venediktov vasitəsilə mesaj verir ki, onlar üçün Qarabağ məsələsi bitməyib. Digər rus jurnalisti Oleq Kaşin də provokativ status yazıb. Demək ki, Rusiyanın liberal görünən nasist düşüncəli yazarları hərəkətə keçib. Əslində təəccüblü deyildi ki, Rusiya Ukrayna cəbhəsində başı açılan kimi diqqəti Cənubi Qafqaza yönəldəcək. Çünki Qarabağ müharibəsinin nəticələri, sülhməramlıların regiondan erkən gedişi, ermənilərin bölgəni öz xoşu ilə tərk etməsi Rusiyanın 200 illik planlarına zidd idi. Hətta Kremlin tənqidçiləri belə bu mövzuda sərsəm çıxışlar etməyə başlayıblar ki, Qarabağda məsələ bitməyib. Hərçənd Qarabağdan gedən ermənilərin heç biri qayıtmaq istəmir. Onlardan bəziləri isə sülhməramlı qüvvənin təminatı altında geri dönməyə razıdır. Baş nazir Paşinyan isə Qarabağa qayıdışı sülh prosesi üçün ziyanlı sayır. Elə məhz Rusiyanın bu mövqeyini bildiyi üçün... Çünki Rusiya bu mövzunu qapatmaq niyyətində görünmür və Qarabağda hazırkı reallığı həzm etmir. Ermənistan isə yaxşı başa düşür ki, Rusiyanın ona canı yanmır, sadəcə, Cənubi Qafqazda təsirini saxlamaq üçün keçmiş münaqişəni yenidən gündəmə gətirməyə çalışır. Bu dəfə müəmmalı olan isə “liberal” rus jurnalistlərin məsələyə belə yanaşmasıdır. Məlum məsələdir ki, Qarabağ müharibəsi artıq qapanıb. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və bu, təkcə beynəlxalq hüququn tələblərinin icrası deyil, həm də 30 il ərzində pozulmuş tarixi ədalətin bərpasıdır. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa edilib və regiondakı proseslər Bakının iradəsi, dayanıqlı diplomatik xətti və yeni regional tərəfdaşlıqlar çərçivəsində formalaşır. Kənardan verilən nostalji bəyanatlar, köhnə imperiya düşüncəsinin xülyaları və revanşist çağırışlar artıq formalaşmış reallığı nə dəyişə, nə də geri çevirə bilər. Regionun təhlükəsizlik arxitekturası bu gün yeni prinsiplər üzərində qurulur: suverenlik, bərabərhüquqlu qonşuluq münasibətləri, iqtisadi əməkdaşlıq və dayanıqlı sülh. Azərbaycan qarşıdakı mərhələ üçün strateji kursunu müəyyən edib - sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, regional əməkdaşlığın dərinləşdirilməsi, Cənubi Qafqazın gələcəyinin müharibə ritorikasından tamamilə uzaqlaşdırılması. Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Elxan Mirzəyev Venediktovun erməni mediasına müsahibəsində məhz o cəmiyyətin könlünü xoş etmək üçün belə danışdığını güman edir. Onun fikrincə, rusiyalı jurnalist erməni auditoriyasına xitab edib: “Bununla onları inandırmağa çalışıb ki, ermənisiz Qarabağ guya müvəqqətidir və Rusiyaya hər bir halda güvənə bilərlər. Amma bu cəfəngiyyatdır və ciddi səslənmir. Ermənilərin də ağlı varsa, vaxtaşırı eşidilən belə çatlaq səslərə əhəmiyyət verməzlər. Çünki Rusiya Qarabağla bağlı onlara vəd verirsə, deməli, növbəti fəlakətə çağırır. Ermənilər işğal dövründə də Qarabağda yaşamaqla bir gün görmədilər. Məlum oldu ki, Rusiyanın himayəsi ilə separatçı rejim torpaqların sərvətini istismar edir, dinc əhali isə ac-yalavac yaşayır”. E.Mirzəyevin sözlərinə görə, Rusiya rəsmilərinin çıxışlarında bu haqda heç nə deyilmir və məsələ çoxdan bağlanıb: “Əlbəttə ki, Kreml başqa mənzərə istərdi. Lakin Azərbaycan onun planlarını pozdu. İkincisi, Rusiyanın regionla bağlı indi dərdi 10 noyabr sənədini qüvvədə saxlaya bilməkdir. Buna da ciddi reaksiya verilmir. O deməkdir ki, Moskvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı yenidən qızışdırıcı addımlar atmaq üçün əlində rıçaqlar qalmayıb. Eyni zamanda bölgədə yeni reallıqlar var - Türkiyə, Pakistan, "Tramp marşrutu" və sair. Bütün bunlar Rusiyanın Cənubi Qafqazda köhnə siyasətini yenidən təkrarlaması imkanlarını sıfırlayır". Hüquq müdafiəçisi Xəzər Teyyublu isə hesab edir ki, Rusiya müharibə səbəbindən Cənubi Qafqazda əvvəlki təsirə malik olmasa da, gələcəyə ümid edir: “Ukrayna savaşından sonra Rusiyaya elə gəlir ki, bölgədə öz ssenarisini həyata keçirə biləcək. Xüsusən də bir neçə min ermənini Xankəndinə qaytarmaqla köhnə "val"ı işə salmağı planlaşdırır. Biz bilməliyik ki, şimal qonşumuz həmişə problemdir və ondan təhlükə gözləmək lazımdır. Həmçinin Azərbaycan da təbliğat işini dayandırmalı deyil. Baxın, erməni lobbisi çalışır və xaricdəki rus jurnalistləri də onların yanında dayanıb. Həmin jurnalistlər Putinin siyasətinə qarşı ola bilər, amma erməni lobbisinin təsiri altında Rusiyanın və ermənilərin xeyrinə çıxış etmələri istisna deyil". X.Teyyublunun fikrincə, Rusiyanın I Pyotrdan bəri bir Qafqaz siyasəti var və onun zaman-zaman qabarma-çəkilmə şəklində yürüdüldüyünün şahidi oluruq: “Ola bilsin ki, Rusiya bu gün addım ata bilmir. Yəni bölgədə digər güclərlə hesablaşmalı olur. Amma imperiya təfəkkürü və Cənubi Qafqaza "arxa bağçası" kimi baxmaq yanaşması dəyişməyib. Bu da onun fürsət düşən kimi regionda öz hiyləgər planlarını işə salacağı ehtimalını gücləndirir. Ona görə də Azərbaycan güclü dövlət olmalıdır, Ordumuz həmişə qüdrətini artırmalıdır, sərhədlərimiz möhkəm saxlanmalı, müasir silahlar almalı, müdafiə qabiliyyətimizi artırmalıyıq. Çünki yaşadığımız region bunu diqtə edir. Nəzərə alaq ki, şimal və cənubdan həmişə təhdid var, ermənilər isə onların əlində tarixin bütün mərhələlərində alətə çevrilməyə hazırdır". “Yeni Müsavat” Geri qayıt |