Əsas Səhifə > Ana xəbər / Güney Press > Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır

Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır


Bu gün, 11:19

“Hazırda masada olan diplomatik həll bir neçə fərqli variant təklif etdiyi üçün konstitusiya dəyişikliyinin zəruri olduğu fikri ilə tam razı deyiləm”.

Bunu Musavat.com-a açıqlamasında təqaüddə olan amerikalı fəlsəfə doktoru, Atlantik Şurasının geosiyasi analitiki Riç Outzen deyib.

Onun fikrincə, daha ağıllı və daha real həll yolu ABŞ-nin Ermənistanı konstitusiyaya uyğun şəkildə və onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər: “Çünki bir dövləti konstitusiyasını dəyişməyə məcbur etmək çox çətin addımdır və açığı, Paşinyan üçün ciddi siyasi risk yaradar”.

Analitik hesab edir ki, ABŞ-nin müsbət rolu Paşinyanı və onun ətrafındakıları konstitusiya ilə eyni hüquqi gücə malik, Ermənistan qanunvericiliyinin bir hissəsinə çevriləcək, qonşulara qarşı ərazi iddialarının olmayacağına təminat verən yaradıcı hüquqi sənəd üzərində düşünməyə həvəsləndirmək ola bilər: “Məncə, belə bir razılaşma realdır. Konstitusiyanın dəyişdirilməsini mütləq şərt kimi irəli sürmək isə ümumi prosesi tamamilə poza bilər. Buna görə də alternativ, lakin hüquqi cəhətdən qüvvədə olan bir saziş və təminat mexanizmi üzərində çalışmaq ABŞ-nin həm edə biləcəyi, həm də etməli olduğu bir addımdır”.

Ekspertə görə, seçkilərə qədərki aylarda görülə biləcək çox iş var: “Məncə, Nikol Paşinyan sülh istiqamətində irəliləməyə çalışmaqla müəyyən siyasi riskə gedib. Əgər irəliləyiş olmazsa, yeni iqtisadi layihələr başlamazsa, resurs axını baş verməzsə və yerində real dəyişikliklər görünməzsə, o, Ermənistanda seçicilər qarşısında çox zəif duruma düşəcək. Əksinə, əgər gözləntilər belə olsa ki, əldə olunacaq razılaşma Ermənistan xalqı üçün real iqtisadi fayda gətirəcək, o zaman bu, Paşinyanın seçki baxımından xeyrinə olacaq. Odur ki, beynəlxalq və regional tərəfdaşların etməli olduğu prosesi mümkün qədər sürətləndirməkdir. Düşünürəm ki, Tramp administrasiyası artıq bu istiqamətdə, Ermənistana bu sülhdən real iqtisadi faydaların düşəcəyini göstərən layihələr üzərində çalışır”.

Amerikalı analitikin təklifi reallaşa bilərmi? Konstitusiya dəyişikliyi əvəzinə hansısa əlavə sazişin imzalanması ilə Bakının əsas şərtinin təmin olunması mümkündürmü? Azərbaycanı bu variant nə dərəcədə qane edə bilər?

Hüquqşünas Qulamhüseyn Əlibəyli Paşinyan üçün risklər olduğu ilə razıdır. Onun fikrincə, təklif olunan variant ilk baxışda cəlbedici görünə bilər, lakin bu, mövcud problemi həll etmir və məqbul sayıla bilməz. “Mahiyyət etibarilə bu, Azərbaycana qarşı konkret ərazi iddialarına əsas verən Ermənistan Konstitusiyasının müddəalarının, habelə Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının və Ermənistanın müstəqillik bəyannaməsının həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəalarının qüvvədə qalması deməkdir. Həm də nəzərə alınmalıdır ki, Ermənistan Konstitusiyasında təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddialarına əsas verən müddəalar var”.

Q.Əlibəylinin fikrincə, Ermənistan Konstitusiyasının hazırkı mətninin və göstərilən sənədlərin qüvvədə qalması revanşistlərin öz maraqlarına uyğun irredentizm siyasəti üçün həmişə hüquqi əsas yaradır: “Çünki istənilən saziş konstitusiyaya bərabər tutula və ya konstitusiyadan üstün hüquqi qüvvəyə malik ola bilməz. Ermənistan hökuməti və revanşistlər istənilən zaman həmin sazişi konstitusiyaya zidd hesab edib, Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb təcavüzkar siyasətlərini davam etdirə bilərlər”.

Onun sözlərinə görə, digər tərəfdən, erməni cəmiyyətində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması əleyhinə rəy üstünlük təşkil edir, Paşinyan da bunu başa düşdüyü üçün konstitusiya dəyişikliklərinə tələsmir: “Regionda sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa nail olmaq üçün Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi əsas yaradan maddələrinin Ermənistan qanunvericiliyindən çıxarılmasını təşviq etmək Tramp administrasiyasının edə biləcəyi, həm də etməli olduğu bir addım hesab oluna bilər”.

Siyasi şərhçi Əli Zülfüqaroğlu isə bildirib ki, Azərbaycan sülhün dayanıqlı olmasına və gələcək riskləri minimuma endirməyə çalışır: “Ona görə də Ermənistanın konstitusiya dəyişikliyinə getməsi və Azərbaycana qarşı rəsmi ərazi iddialarının aradan qaldırılması vacibdir. Ermənistanda vəziyyət kökündən dəyişərsə, o zaman Rusiyaya bağlı revanşist qüvvələr, ümumiyyətlə, Azərbaycanla sülh sazişi imzalamaqdan boyun qaçıra bilər. Təbii ki, bu, Ermənistan üçün fəlakət ssenarisi olsa da, bölgənin qeyri-sabit vəziyyətə sürüklənməsi üçün yetərlidir. Nəzərə alaq ki, Paşinyana qarşı Rusiyadan təlimat alan kilsə və revanşist siyasi qüvvələr çox ciddi şəkildə hərəkətə keçiblər. Bu da mənzərəni daha aydın təsəvvür etməyə imkan verir”.

Təhlilçi hesab edir ki, ABŞ-dəki vəziyyət də ciddi şəkildə nəzərə alınmalıdır: “Trampa qarşı təzyiq var. Xüsusilə qlobal imperializmin rıçaqları Tramp hakimiyyəti üçün ciddi təhlükə yaradır, hər cür şantaja, qaralama kampaniyalarına əl atırlar. Epşteynlə bağlı proses də bu qəbildəndir və bəlli məqsədlərə hesablanıb. Onu da nəzərə almalıyıq ki, Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ilə bağlı iddialar da ABŞ mediasında sürətlə yayılır. Təbii ki, Trampın da əks arqumentləri var. Amma istənilən halda ABŞ-də vəziyyət daha gərgin xarakter almağa başlayır. Tramp hökuməti ilə yaxın münasibətlərə malik ölkə olduğumuz nəzərə alınmalıdır. ABŞ mürəkkəb idarəçilik sisteminə malikdir və orada iki qlobal gücün savaşının bütün dünyaya təsir edəcəyi qaçılmazdır. Buna görə də, Azərbaycan Paşinyanın mövqelərinin güclənməsinə çalışmalıdır”.

Ə.Zülfüqaroğluna görə, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının yekun sülh sazişindən sonraya saxlanılması uyğun variant ola bilər: “Təbii ki, Ermənistan bunu edəcəyi ilə bağlı üzərinə rəsmi öhdəlik götürməlidir. Bununla da Paşinyanın üzərində təzyiqlər azala, sülh sazişi imzalanmaqla onun mövqeləri daha da möhkəmlənə, beləliklə də revanşistlərə ciddi zərbə vurula bilər”.


Geri qayıt