Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”


Bu gün, 09:40

Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri azalıb. Bu ilin 3 rübündə qonşu ölkəyə cəmi 99 min nəfər yollanıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni zaman kəsimində həmin statistika 144 min nəfər olub. Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon azalıb.

“Rusiyada miqrasiya sahəsində baş verən son proseslər, miqrantlara qarşı münasibət və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ondan xəbər verir ki, bu ölkədə qanunsuz miqrasiya ilə mübarizə şüarı altında çox sərt siyasət yürüdülür. Bu da istər-istəməz, xüsusən MDB ölkələrindən Rusiyaya səfər edən insanlar üçün ciddi çətinliklər yaradır”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib.

Onun sözlərinə görə, hazırda Rusiyaya istənilən formada səyahət sərt prosedurlarla müşayiət olunur: “İyunun 30-dan etibarən qüvvəyə minən yeni qaydaya əsasən, Rusiya ərazisinə səfər etmək istəyən şəxslər mütləq QR kodu almalı, bunun üçün səfərə 72 saat qalmış aidiyyəti strukturlara müraciət etməlidir. Ancaq bu o demək deyil ki, həmin şəxs mütləq ölkə ərazisinə buraxılacaq. Çünki Rusiya sərhədçiləri ona giriş izni versə belə, Federal Miqrasiya Xidmətinin əməkdaşları "stop" qoya bilər".

Parlament üzvü vurğulayıb ki, yeni qaydalar xarici ölkə vətəndaşlarında Rusiyaya səfər etməklə bağlı tərəddüdlər yaradır: “Bu, çox sərt qaydalardır və nəticə etibarı ilə insanlar yenə də qeyri-müəyyən vəziyyətə düşmüş olurlar. Əvvəlki illərdə nisbətən daha sərbəst səfərlər və əmək fəaliyyəti ilə məşğul olmaq mümkün idi. İndi demək olar ki, qeyri-mümkündür. Üstəlik, miqrant ailələrindən olan uşaqların məktəbə götürülməsində də məhdudiyyətlər tətbiq olunur. Şəxs rus dilini bilmirsə, məktəbə yolu bağlıdır. Bu kimi şərtlər istər-istəməz miqrantlar üçün Rusiyanı cəlbedici ölkələr siyahısından çıxarır”.

Bu statistika - yəni azərbaycanlıların Rusiyaya axınının azalmasının ölkəmizin iqtisadi həyatına müsbət və mənfi təsirləri nədən ibarət ola bilər? Rusiyaya gedənlərin azalması yeni iş yerlərinin açılmasını qaçılmaz edirmi? Hazırkı reallıq əhalinin sosial həyatına necə təsir edəcək? Rusiya özü niyə miqrant axını ilə bağlı məhdudiyyətlərdə bu qədər maraqlıdır?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, son illər ərzində Rusiya hökumətinin miqrantlarla bağlı sərgilədiyi siyasət demoqrafik durumu yetərincə acınacaqlı halda olan bir dövlət üçün ən ağılsız və heç bir məntiqlə izah edilə bilməyən addımdır: “Rusiyada keçən ildə 1 milyon 400 min uşaq doğulub və 1 milyon 660 min insan ölüb. Göründüyü kimi, doğumla ölüm sayı arasında fərq bir il üçün 260 min nəfər təşkil edir. Yəni Rusiyada əhalinin sayı hər il 260 min nəfər azalır. Əgər bu sıraya artıq 4 ilə yaxındır Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin ölkənin demoqrafik durumuna vurduğu zərbəni də əlavə etsək, o halda vəziyyətin nə qədər acınacaqlı olduğunu daha aydın görmək mümkündür. Gəlin bu müharibənin Rusiyanın demoqrafik durumuna vurduğu zərbələri əks etdirən rəqəmlərə nəzər salaq. Dörd ilə yaxın davam edən müharibədə Rusiya 1 milyon 200 minə yaxın hərbçi itirib, bu müharibədə 3 milyondan çox insan müxtəlif dərəcəli əlil olub. Bundan başqa, müharibə səbəbindən ölkəni 2,5 milyona yaxın insan tərk edib ki, bunun da böyük əksəriyyəti 25-50 yaşında olan kişilərdir”.

Fikrət Yusifov dedi ki, Rusiyada hər il əhalinin sayının təbii olaraq 260 min nəfər azalması və müharibə səbəbindən ölkənin demoqrafik durumunda yaranmış acınacaqlı durum müəyyən qədər gələn miqrantların hesabına kompensasiya edilirdi: “Belə bir vəziyyətdə miqrantlara qarşı "tələbləri" sərtləşdirən Rusiya hökumətinin ölkənin demoqrafik durumu ilə bağlı hansı hədəfləri reallaşdırmaq istədiyi aydın deyil. Onsuz da müharibə səbəbindən Rusiyada yaranmış ağır iqtisadi vəziyyətə görə bir çox miqrantlar ölkəni öz təşəbbüsləri ilə tərk edib gedirlər. Bu sırada miqrantların inzibati qaydaları sərtləşdirməklə ölkədən yola salınması isə heç anlaşılan deyil".

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə Azərbaycandan Rusiyaya gedənlərin sayının azalması da bu dediyimiz səbəblərdən baş verir: “Bu gün Rusiyada çalışan miqrant müharibədən öncəki səviyyədə qazanc əldə edə bilmir. Təbii ki, Rusiyada müharibənin yaratdığı acınacaqlı iqtisadi durumda orada çalışan miqrantların Azərbaycanda yaşayan ailələrinə və yaxınlarına göndərdikləri pul vəsaitlərinin də həcmi kəskin şəkildə azalıb. Ancaq nə etmək olar, burada Azərbaycan tərəfdən asılı ola biləcək heç nə yoxdur. Azərbaycan hökuməti Rusiyaya miqrant kimi gedib orada iş yeri tapmış, lakin bəlli səbəblərdən geri qayıtmış insanlarımızın işlə təmin edilməsi üzərində düşünməlidir. Nəzərə almaq lazımdır ki, bu insanların sayı yüzlərlə deyil, minlərlə ölçülür”.


Geri qayıt