Əsas Səhifə > Ana xəbər / Güney Press > Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir
Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədirBu gün, 07:37 |
"Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından məmnundur. Lakin təklif olunan "Tramp marşrutu"nun həyata keçirilməsi ciddi şübhələr yaradır". Bunu Rusiya Federasiya Şurası komitəsinin sədr müavini Vladimir Cabarov deyib. Cabarov həmçinin əlavə edib ki, Trampın planı o qədər də asan həyata keçirilməyəcək. Xüsusilə, Tramp administrasiyasının bölgədən minlərlə kilometr aralıda yerləşdiyini nəzərə alsaq, bu istiqamətdə çoxlu suallar yaranır: "Rusiya, Türkiyə və İran bu regiondadır. Ona görə də sözügedən marşrut bütün tərəflər, o cümlədən Ermənistan və Azərbaycan sülh və əməkdaşlıq marşrutuna çevrilməlidir. Bütün tərəflərin faydalanmasını təmin etmək üçün maraqlar balansı yaradılmalıdır. Cənubi Qafqazda sabitliyin təmin edilməsində Rusiyanın rolu əsas olaraq qalır". O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı problemləri Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil: "Rusiya həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərində maraqlı olub və belə də qalır. Bu yol üçüncü ölkələrin maraqlarına deyil, adıçəkilən dövlətlərin inkişafına xidmət etməlidir. Tramp öz missiyasını yerinə yetirib və artıq regionda baş verənlərlə maraqlanmır". Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.
Politoloq Sülhəddin Əkbər "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın geopolitik hədəfi müasir dövrdə imperiyanı bərpa etməkdir. Ekspertin sözlərinə görə, bu, keçmiş SSRİ sərhədlərində, Rusiya imperiyası sərhədlərində də mümkündür:
"Rusiya öz müstəqilliyi dövründə heç zaman bu hədəfindən vaz keçməyib. Moskvanın strateji niyyəti budur. SSRİ dağılarkən Rusiya düşünürdü ki, zəifləyib, güc itirib, amma müəyyən vaxt keçəndən, yəni gücünü toplayandan sonra imperiyanı bərpa edə bilər. Bu müddət ərzində Rusiya ordusunu modernləşdirdi, Qərbə təsir rıçaqları yaratdı, xüsusən Avropa Birliyinin enerji sahəsində asılılığını təmin etdi. Yəni enerjini silaha çevirdi. Eyni zamanda hibrid müharibə metodlarını mənimsədilər. 2008-ci ildə Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə razılığın verilməməsi Rusiyaya hərəkətə keçmək üçün "yaşıl işıq" yandırdı. Məhz həmin ilin avqustunda Rusiya Gürcüstana təcavüzə başladı, bir sıra ərazilərini işğal və ilhaq etdi. 2014-cü ildə Krım və Donbasın bir hissəsini işğal etdi, nəhayət, 2022-ci ildə irimiqyaslı işğala, imperialist müharibəyə başladı. Bunların hamısı imperiyanın bərpasına hesablanmış addımlar idi. Bir faktı da diqqətə çatdırım ki, 2008-ci ilin avqust ayında Rusiyanın enerji daşıyıcılarından gəliri ən pik həddə idi. Rusiya sadəcə Buxarest sammitindən çıxan qərara görə yox, həmçinin, özünün hazırlığını tamamladığı üçün işğala başlamışdı. Əslində, savaş 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında Kreml rəhbərinin çıxışı ilə başlamışdı. Putin o zaman Qərbi təhdid edərək, öz mesajlarını vermişdi".
Analitik hesab edir ki, Cabarovun çıxışı bu prosesin davam etdiyini göstərir:
"Rusiyada Ukrayna strateji tələyə düşüb. Rus strateqləri də bunu anlayırlar. Amma bu o demək deyil ki, Rusiya imperiyanı bərpa etmək planından asanlıqla vaz keçəcək. Rusiya bu gün zəifləyib, müəyyən bölgələrdə mövqelərini itirib. Lakin Kreml hesab edir ki, Cənubi Qafqaz yüzillərdir Rusiyanın oyun məkanıdır. Bu bölgəni Qərbdən, Avropadan daha yaxşı tanıdığını iddia edir. Düşünürlər ki, əgər ABŞ-də, Avropada istədikləri namizədi hakimiyyətə gətirə bilirlərsə, Gürcüstanda vəziyyəti dəyişirlərsə, niyə Azərbaycan və Ermənistanda bunu edə bilməsinlər?! SSRİ-nin dağıldığı dövrdə olduğu kimi Rusiya iqtisadi-hərbi sferada yenə uduzur, amma xüsusi xidmət orqanları sahəsində öndə olduqlarını zənn edirlər. Ona görə də Avropa Birliyi və NATO ilə müharibəyə hazırlaşırlar. Almaniya kəşfiyyatının rəsmi məlumatına əsasən, Rusiya NATO ilə müharibəyə hazırlıq görür".
S.Əkbər vurğulayıb ki, yeni dünya nizamının qurulması böyük savaş olmadan mümkünsüzdür:
"Dünyada analitiklər iki qisimdir. Bir hissəsi hesab edir ki, yeni nizamın formalaşması savaşsız da mümkündür. Ancaq digər qisim bunun əksini düşünür. Mən də o fikirdəyəm. Böyük güclər böyük iddialardan heç zaman vaz keçməzlər. Hər güc öz gücünün sərhədini görənədək irəliləyəcək, öz xoşuna durmayacaq. Savaş artıq yeni mərhələyə keçib, kosmik səviyyəyə qalxıb. Quruda, suda, havada, kosmosda və kiberməkanda savaş gedir. Bu da gec-tez əvvəlcə hərbi toqquşmalara, lokal savaşlara və böyük müharibələrə gətirib çıxaracaq. Ola bilsin, tərəflər bir müddət bundan qaçsınlar. Amma nəzərə alaq ki, Rusiya artıq NATO ölkəsinin hava məkanını pozur. Üç rus hərbi təyyarəsi Estoniya hava məkanında 12 dəqiqə hərəkət edib. Dronlar Avropa ölkələri üzərində uçur. Vəziyyətin ciddi olduğunu düşünürəm və daha pis varianta hazırlaşmağın tərəfdarıyam. Arxayın olmamalıyıq".
Geri qayıt |