Əsas Səhifə > Ana xəbər / Güney Press > Hökumətdən bahalı gediş: əlinizi cibinizə salın…
Hökumətdən bahalı gediş: əlinizi cibinizə salın…Bu gün, 02:19 |
Bakı və ətraf qəsəbələrdə, həmçinin metroda gedişhaqqı artırılaraq, 60 qəpik müəyyənləşdirilib. Bu, əvvəlki 50 qəpiklə müqayisədə 10 qəpik və ya 20 faiz artım deməkdir. Qərar 2025-ci il oktyabrın 1-dən qüvvəyə minir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qiymət dəyişikliyini paytaxtda ictimai nəqliyyatın müasirləşdirilməsi, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və daşıyıcıların maliyyə dayanıqlığının təmin olunması ilə izah edib. Nazirlik bildirir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro və avtobus parkının yenilənməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin gətirilməsi, yeni stansiyaların tikilməsi və xidmət infrastrukturunun qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Paytaxtda bu il 100-dən artıq ekoloji təmiz avtobus istifadəyə verilib, ilin sonunadək bu rəqəm 400-ə çatacaq. Metroya gəlincə, hazırda 10 yeni stansiyanın layihələndirilməsi yekunlaşmaq üzrədir, 2026-cı ildə onlardan ilk stansiyanın istifadəyə verilməsi gözlənilir. 2030-cu ilə qədər isə ümumilikdə 299 yeni nəsil vaqon metropolitenə əlavə olunacaq. Nazirlik hesab edir ki, tarif dəyişikliyi sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəldəcək, avtobus parkının daha sürətlə yenilənməsinə imkan verəcək, nağdsız ödəniş sisteminə keçidi stimullaşdıracaq, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini artıracaq və sərnişindaşımada şəffaflığın təmin olunmasına töhfə verəcək. Nazirliyin açıqlamasından məlum olur ki, dəyişiklik metronu tam əhatə etsə də, avtobusların böyük bir qismi bu qiymət artımından kənarda qalacaq. Belə ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək. Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək. Azərbaycanda metro və avtobuslarda gediş haqları son on ildə bir neçə dəfə dəyişib. 2015–2017: Metro və avtobuslarda gediş haqqı 20 qəpik olaraq qaldı. Bu dövrdə qiymətlər sabit idi. 2018: Tarif Şurasının qərarı ilə metro və avtobus gediş haqqı 30 qəpiyə qaldırıldı. 2023 (fevral-mart): Gediş haqqı metro və şəhərdaxili avtobuslarda 40 qəpik müəyyən edildi. Şəhərətrafı marşrutlarda məsafəyə görə 40 qəpikdən 1 manata qədər dəyişən tarif tətbiq olundu. 2024 (iyul): Tariflər yenidən artırılaraq, metro və avtobuslarda 50 qəpik edildi. 2025 (sentyabr-oktyabr): Metroda və yalnız müəyyən tip (ekoloji təmiz, CNG, elektrik və nağdsız ödəniş sistemi ilə işləyən) avtobuslarda 50 qəpik tarif qüvvəyə mindi. Digər marşrutlarda əvvəlki qiymətlər saxlanıldı. Beləliklə, ictimai nəqliyyatda 2018-ci ildən sonra daha sürətli bahalaşma müşahidə olunur. 5 il ərzində (2018–2023) qiymət 30 qəpikdən 40 qəpiyə qalxsa da, cəmi 2 ildə (2023–2025) artıq 50 qəpiyə yüksəlib. Bəs bu dəyişiklik hər gün ictimai nəqliyyatdan istifadə edən vətəndaşların ailə büdcəsinə necə təsir edəcək? Məsələn, bir ailədə 4 nəfər, hər biri gündə 4 dəfə gediş edir: Köhnə tarif = 50 qəpik (0,50 AZN) Yeni tarif = 60 qəpik (0,60 AZN) Köhnə xərci: Bir nəfər/gün: 4 × 0,50 AZN = 2,00 AZN 4 nəfər/gün: 2,00 × 4 = 8,00 AZN Yeni xərci: Bir nəfər/gün: 4 × 0,60 AZN = 2,40 AZN 4 nəfər/gün: 2,40 × 4 = 9,60 AZN Günlük fərq: 9,60 − 8,00 = 1,60 AZN/gün Aylıq fərq (30 gün): 1,60 × 30 = 48 AZN Beəliklə, tarif 50 qəpikdən 60 qəpiyə qalxdığı üçün bu ailə ayda təxminən 48 AZN əlavə xərcləyəcək. İqtisadçı Natiq Cəfərli Pressklub.az-a şərhində bildirib ki, əslində bu qərar gözlənilməz deyildi, uzun müddətdir ki, ictimai rəy bu addıma hazırlanırdı: “Sadəcə, nazirliyin verdiyi açıqlamalar insanlarda qəribə hisslər yaradır. Çünki bahalaşma keyfiyyət artımı ilə əsaslandırılır. Halbuki, son 10 ildə dəfələrlə qiymət artımları baş verib – 20 qəpikdən 60 qəpiyə qədər yüksəlib. Amma sual budur: bu bahalaşmalar keyfiyyət dəyişikliyi gətiribmi? Cavab açıqdır – xeyr. Ona görə də qiymət artımını keyfiyyət yüksəlişi ilə əlaqələndirmək “arabanı atın arxasına bağlamaq” kimi məntiqsiz görünür. Əvvəlcə xidmət keyfiyyəti artmalı, sonra qiymətə toxunulmalıdır”. İqtisadçı vurğulayır ki, qərarın Tarif Şurasından kənar, nazirliyin birbaşa qərarı ilə verilməsi də diqqətəlayiqdir: “Mən bunu ikili yanaşma ilə dəyərləndirirəm. Bir tərəfdən, Tarif Şurası onsuz da hüquqi baxımdan problemli qurumdur. Vergilərə və ödənişlərə təsir edən bir orqanın mövcudluğu Konstitusiyaya ziddir, bu səlahiyyət yalnız parlamentə məxsusdur. Ona görə də məsələ gələcəkdə Tarif Şurasının ləğvi ilə nəticələnəcəksə, bu, doğru addım olar. İkincisi isə qiymətləri artıran qurumun konkret adı və ünvanı olmalıdır ki, məsuliyyətdən yayınma imkanı qalmasın. Bu baxımdan, məsuliyyətin birbaşa nazirliyin üzərinə götürülməsi şəffaflıq baxımından müsbət sayıla bilər”. N.Cəfərlinin sözlərinə görə, digər mühüm məsələ birdəfəlik gediş haqqının bu qədər müzakirə mövzusu olmasıdır. İqtisadçı hesab edir ki, əslində bu, daha çox turistləri və ictimai nəqliyyatdan az istifadə edənləri maraqlandırmalıdır: “Biz illərdir təklif edirik ki, zamanla bağlı diferensial qiymət sistemi tətbiq olunsun: məsələn, 1 saatlıq, 1 aylıq, 6 aylıq və ya illik abunə biletləri. Bu model bir çox ölkələrdə var və çox asan tətbiq olunur. Nə qədər uzunmüddətli bilet alsan, qiymət də bir o qədər sərfəli olmalıdır”. Geri qayıt |