Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya bizə NƏ EDƏ BİLƏR?

Rusiya bizə NƏ EDƏ BİLƏR?


Bu gün, 07:05

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının məlumatına görə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədən sonra Rusiyada Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb.

Belə ki, dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı sözləri kontekstdən çıxarılaraq təhrif olunub. Kampaniya KİV, sosial şəbəkələr və radikal yönümlü bloqerlər vasitəsilə, həmçinin botlardan və hədəfli reklamlardan istifadə edilməklə aparılır.

“Bu cür iyrənc kampaniya Azərbaycan ictimai rəyinə heç bir təsir göstərmir. Bu cür addımlar yalnız saxta faktlara əsaslanaraq Rusiya cəmiyyətində düşmənçiliyi alovlandırmağa və qonşu dövlətlərlə əsassız ədavət yaratmağa yönəlib. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini isə “Z” bloqerlərin fəaliyyətində axtarmaq lazımdır”, – bəyanatda qeyd olunub.

Komissiya dövlət strukturları ilə birgə preventiv tədbirlərin davam etdiriləcəyini də bildirib.

Bununla yanaşı, bir çox xarici politoloqlar qonşu ölkədən gələn bu cür ritorikanın Azərbaycan üçün təhlükəli olduğunu vurğulayırlar. Tez-tez qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü dayansa və ya hətta dayanmasa belə, Moskva Azərbaycanı “cəzalandırmaq vaxtının çatdığını” düşümərək, qoşunlarını sərhədə yönəldə bilər. Çünki Mərkəzi Asiyadan Avropaya bütün enerji və nəqliyyat marşrutlarının yeganə əsas qovşağı məhz Azərbaycandır. Bəs, bu təhlükə nə dərəcədə realdır? Azərbaycan mümkün təcavüzün qarşısını almaq üçün təcili tədbirlər görməlidirmi?

Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər münasibət bildiriblər.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqdanın sözlərinə görə, Rusiyanın Azərbaycana hücum edəcəyi ilə bağlı heç bir konkret siqnal yoxdur.

Lakin başa düşmək lazımdır ki, cənab Əliyev Azərbaycanın sovet işğalı ilə bağlı bəyanat verdikdən sonra Kreml təbliğatçılarının Azərbaycana daha çox diqqət ayıracağı ehtimalı artıb və bunu nəzərə almaq vacibdir. Yəni bunu başa düşmək lazımdır. Ayrıca olaraq bir şeyi məsləhət görmək olar: özündə Rusiya ilə qarşıdurmaya getməyə güc hiss edən istənilən dövlət iki şeyi etməlidir – bir tərəfdən öz daxilində möhkəmlənmli, digər tərəfdən isə müttəfiqlər axtarmalıdır.

Mən başa düşürəm ki, Azərbaycanın Türkiyə kimi etibarlı müttəfiqi var. Bu baxımdan həmişə kömək əli uzadan olacaq. Amma bu, yalnız bir tərəfdir, digər tərəfdən düşünürəm ki, başqa müttəfiqlərin də olması vacibdir. Ukraynada deyirlər ki, “birlikdə ataya qarşı da durmaq asandır”. Bu, Rusiyanın bizim hamımıza “atalıq” iddiasına aiddir”, – Maqda izah edib.

Rusiyalı siyasi ekspert, hazırda Tbilisidə yaşayan Yeqor Kuroptev isə bildirib ki, Rusiyada həqiqətən də Azərbaycana və Türkiyəyə qarşı geniş miqyaslı dezinformasiya və qaralama kampaniyası aparılır.

Kampaniya son dərəcə aqressivdir və Kremlin göstərişi ilə sosial şəbəkələr, messencerlər və digər platformalar vasitəsilə yayılır. Bundan başqa, adi xəbərlərdə uydurma cinayətlər barədfə xəbərlər verilir və “cinayətkarların” milli mənsubiyyəti xüsusi olaraq qabardılır. Azərbaycanın bölgədə tam müstəqil oyunçu kimi möhkəmlənməsi, eləcə də Türkiyə faktorunun təkcə Cənubi Qafqazda deyil, bir çox yerlərdə Kremlin təsirindən qat-qat güclü olmasının Moskvanın narazılığına səbəb olması və hətta son dərəcə qəzəbləndirməsini açıq şəkildə görürəm.

Amma bu təhdidi daha çox Moskvanın isterikasının və acizliyinin nəticəsi kimi təsvir edərdim. Ukraynadakı müharibə səbəbindən Rusiyanın daxili və xarici vəziyyəti daim pisləşir. Bəli, yaralı, quduz heyvan dişləyə bilər, amma onu “yemək” üçün dişləri yoxdur”, – analitik hesab edir.

O, deyir ki, artıq Azərbaycan özü kifayət qədər güclüdür, üstəlik Türkiyənin dəstəyi ölkəni Kreml üçün demək olar əlçatmaz edir. “Əlbəttə ki, hibrid təhdidlər, təbliğat, Moskvanın diaspora hücumları davam edəcək. Daxili aktorlar və ya qonşular vasitəsilə təsir göstərməyə də cəhdlər ola bilər. Burada ilk növbədə Kremlin tamamilə ram etdiyi Gürcüstan hökumətini qeyd edərdim. Əslində, İvanişvilinin apardığı siyasət nəticəsində məhz Gürcüstan regionun ən zəif halqasına çevrilib. Gürcüstan hökumətinin yerinə olsaydım, ölkənin Kreml tərəfindən işğal edilməsinin mümkünlüyü üzərində ciddi şəkildə düşünərdim. Böyük ehtimalla, resurs tələb etməyən, hərbi əməliyyat nəzərdə tutmayan sürətli anneksiya ssenarisi artıq masa üzərindədir. Çünki bu, Moskvanın regional güclər arasında öz rolunu möhkəmləndirməsinin, güc nümayiş etdirməsinin və aqressiv planlarını qəbul etdirməsinin ən asan yolu ola bilər.

Bakı isə şübhəsiz, Kremlin dezinformasiyasına qarşı mübarizəni qat-qat gücləndirməli, eyni zamanda hərbi baxımdan da güclü mövqeyini qorumağa davam etməlidir. Çünki Kreml yalnız gücü anlayır”, – Kuroptev vurğulayıb.


Geri qayıt