Əsas Səhifə > Ana xəbər / Güney Press > ANCA-nın Azərbaycanı ittiham edən “ağzı”
ANCA-nın Azərbaycanı ittiham edən “ağzı”Bu gün, 09:06 |
Ermənilərin ABŞ-dakı ən böyük təşkilatı Bakını və Ankaranı daima hədəf alaraq siyasi sabitliyə təhdid yaradır ki, bu da Ağ Evin regionda strateji maraqlarına ziddir - reaksiya Məlumdur ki, ABŞ-da ictimai fəaliyyətlə və hökumətlə əlaqələrlə məşğul olan ən böyük və ən nüfuzlu erməni-amerikan təşkilatı Amerika Erməni Milli Komitəsi - ANCA-dır. ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş istənilən addımın arxasında istisnasız olaraq ermənilərin, xüsusilə erməni lobbisinin və diaspor təşkilatlarının durduğu heç kimə sirr deyil. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir. Bu təşkilat 1941-ci ildə ANCA adlanmağa başlayıb, ona qədər Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi idi. Komitə Birləşmiş Ştatlarda erməni xalqının əsas nümayəndəsidir, onun milli maraqlarının keşiyində dayanır, onu yerli, regional və federal səviyyədə təmsil edir. Ancaq qurum bu istiqamətdə fəaliyyət göstərməkdən daha çox Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparmağı əsas qayəsinə çevirib. Komitə bu məqsədi həyata keçirmək üçün ələ düşən bütün fürsətlərdən yararlanmağı qarşısına vəzifə qoyub. ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi ölkənin vergi ödəyicilərinin vəsaiti hesabına fəaliyyət göstərən ANCA-nın fəaliyyəti nəinki ABŞ-ın Cənubi Qafqazla bağlı maraqlarına, ümumilikdə xarici siyasətinə də ciddi zərər vurur. ANCA-nın Konqresdə bu qədər geniş təsir imkanlarına rəğmən, Ermənistan Cənubi Qafqazda Amerikanın bir saylı düşmən bildiyi İranın müttəfiqidir. ANCA-nın lobbiçiliyi regionda siyasi sabitliyə və təhlükəsizliyə təhdid yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir. Həmçinin regionda ABŞ-ın əsas strateji tərəfdaşı olan Azərbaycana qarşı mənfi fəaliyyət göstərir. ANCA-nın terrorçu təşkilat kimi tanınması, fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı çağırış edilsə də faydası olmayıb. Son olaraq ANCA amerikalı ifaçı Castin Timberleykin Azərbaycanın paytaxtında çıxışının ABŞ-dakı erməni diasporu arasında böyük rezonans doğurduğunu bildirib. ANCA Timberleykin çıxışını “sadəcə konsert deyil, Azərbaycanın insanlığa qarşı cinayətlərinə haqq qazandırmaq üçün davam edən kampaniyası” adlandırıb. Halbuki insanlıq əleyhinə cinayətləri, qətliamları, qadın, qoca, körpə bilmədən edilən vəhşilikləri ermənilərin dəfələrlə azərbaycanlılara qarşı törətdikləri tarixi faktlardan və yaxın keçmiş olan Xocalı soyqırımından bəllidir. Sadəcə, ANCA amerikalı pop müğənninin konsertini bəhanə edərək Azərbaycana qara yaxmağa fürsət axtarıb. Amma erməni təşkilatı bu dəfə də uduzur. Çünki elə ABŞ liderinin təşəbbüsü ilə liderlər səviyyəsində sülh danışıqları gözlənilir. O baxımdan, erməni təşkilatının kampaniya xarakterli çağırışları Ağ Evdə heç eşidilmir... Siyasi ekspert Fuad Əliyev, ümumiyyətlə, ANCA-nın 44 günlük müharibə nəticəsində fiaskoya uğradığını düşünür. Onun mövqeyi budur ki, bütövlükdə erməni lobbi və diasporu məğlubiyyətə uğrayıb, xərclənən pullar isə batıb: “Təbii ki, erməni diasporunun, müxtəlif təşkilatların fəaliyyəti uzun illər təsiredici olub. Onlar Azərbaycan haqda yanlış təsəvvür formalaşdırmağa çalışıblar. Bu səbəbdən, torpaqlarımız işğal altında olanda ermənilərə dəstək olan Qərb dairələri var idi, biri də elə ABŞ-dır. Birləşmiş Ştatlar "artsax"a maliyyə dəstəyi göstərmiş dövlətdir. Erməni təşkilatları dünyaya car çəkirdi ki, Qarabağda guya xristian əhalisi əzilir, məzlumdur və sair. Bu saxta təbliğatı ANCA və digər erməni təşkilatları uzun illər aparıblar. İndi isə bu saxta piar keçmir. Sözügedən erməni təşkilatı demək istəyib ki, guya antiterror əməliyyatından sonra əhali Qarabağdan zorla çıxarılıb, amma Timberleykin konsertinə şərait yaradılır. Bu da absurd və gülməli yanaşmadır, məsələni siyasiləşdirmək cəhdidir". F.Əliyevin sözlərinə görə, Azərbaycan bir sutkalıq antiterror əməliyyatı zamanı bir mülki məntəqəni hədəf almadı, bir mülki erməni demədi ki, burnu qanayıb: “Yəni dövrün ən müasir, unikal əməliyyatı keçirilmişdi. Üstəlik, əməliyyatdan qabaq vərəqələr paylandı, səsgücləndirici ilə mülki ermənilərə çağırış edildi ki, evlərini tərk etməsinlər. Ona görə də ANCA iddia edə bilməz ki, insanlıq əleyhinə cinayət törədilib. Eləcə də xunta rejimi ağ bayraq qaldırdıqdan sonra dinc sakinlərə qalmaq təklif olunub, sadəcə, imtina ediblər. Hətta köçəndə də hər bir şərait yaradıldı ki, əsassız ittihamlar səslənməsin. Azərbaycanlılar isə Qarabağdan qovulmuşdular, etnik təmizləmə aparılmışdı, mülki əhali qətlə yetirilmişdi. Odur ki, ANCA fəaliyyət profilinə yenidən nəzər salmalıdır, bu dəst-xətt Bakı-İrəvan danışıqlarının dinamik dövründə tamamilə əhəmiyyətsizdir”. Hüquq müdafiəçisi Xəzər Teyyublu isə ermənilərin təbliğat maşınının saxtakarlığı davam etdirdiyini fikirləşir: “Timberleyk məşhur sənətçidir. Onun milyonlarla fanatı var. Əlbəttə ki, belə bir ulduzun Bakıda konsert verməsi ermənilərin diqqətini cəlb etməyə bilməzdi. Eyni zamanda ANCA fürsət bilib ki, Timberleyk üzərindən milyonlarla amerikalının diqqətini bəyanatına cəlb etsin. Sadəcə, ucuz siyasi şoudur və bu təşkilat qrantları xərcləmək yolları axtarmaqdadır. Xatırlayıram ki, bu təşkilat 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarına Azərbaycanın qatılmasına mane olmaqla bağlı çağırış etmişdi. O da nəticə vermədi. Millətlərarası nifrət yaymaqla məşğul olan ANCA müxtəlif dönəmlərdə oxşar addımlar atıb. Bu addımları ölkəmizə qarşı hədə-qorxu, təzyiq vasitəsi hesab edən komitə fəaliyyətində terrorçu və təxribatçı niyyətini açıq nümayiş etdirib. Hələ 2021-ci ildə Azərbaycanın ABŞ-da ovaxtkı səfiri Elin Süleymanov da ermənilərin təhdidlərinə məruz qalmışdı. Belə ki, Amerikanın Erməni Milli Komitəsi səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlamışdı. Ümumən, ANCA terrorçuluğun müxtəlif formalarını öz fəaliyyətində davam etdirir”. Qeyd edək ki, ANCA keçmiş konsul Vahan Kardaşyan tərəfindən qurulan Müstəqil Ermənistanın Amerika Komitəsinin (ACIA) bir qoludur. Mərkəzi Nyu-York ştatında yerləşirdi və 13 ştatda 23 regional ofisi var idi. Bu, Birinci Dünya müharibəsindən az sonra baş verib. “Yeni Müsavat” Geri qayıt |