Əsas Səhifə > Ana xəbər / Güney Press > Əliuzun məmurların qandallanması

Əliuzun məmurların qandallanması


Bu gün, 10:52

Çoxdan idi, hansısa İH başçısının qandallanması xəbəri gəlmirdi və açığı, ictimaiyyət belə xəbərlər üçün darıxmışdı. Bəzən sual verirdilər ki, nə əcəb “qaramaskalılar” əvvəlki kimi işləmirlər.

“Qaramaskalılar” dedikdə hamı dövlət strukturunda əməliyyat keçirən və vəzifə adamlarının qoluna qandal vuraraq xüsusi nəqliyyat vasitəsi ilə paytaxta gətirən şəxsləri nəzərdə tutur.

Ancaq təbii ki, onlara belə bir əmr yüksək mənsəbli şəxs və ya instansiya tərəfindən verilməlidir. Verildisə, xüsusi təyinatlılar onu can-başla icra edəcəklər.

Bu dəfə “şahlıq quşu” Qax rayonunun İH başçısının, müavinlərinin və rayonun bir neçə vəzifəli şəxsinin başına... qonub. Onları rüşvətalma, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı olaraq saxlayıblar.

İndi reaksiyalara fikir verin, görün, heç olmasa bircə nəfər bu tutqu əməliyyatının qanuniliyini şübhə altına alırmı, tutulanların şərləndiklərini iddia edirmi, kiminsə onlara “torba tikdiyini” bildirirmi.

Belə şey yoxdur. Amma “torbatikmə” iddiası sonra olacaq. Bu, korrupsiyada ittiham olunaraq məsuliyyətə cəlb edilənlərin müdafiə edənlərin yeganə tutarqasıdır, suda boğulan saman çöpündən necə yapışırsa, onlar da ondan elə yapışırlar. Deyəcəklər, hamı alır də, niyə məhz bunları tuturlar.

Xalq əsl həqiqəti yaxşı bilir. Hamıya aydındır ki, müasir dövrdə ranqından asılı olmayaraq əksər məmurlar tutduqları posta arı pətəyinə baxan kimi baxırlar, hesab edirlər ki, bal tutan barmaq yalamalıdır.

Bəlkə də “bal tutanın barmaq yalaması”na dözmək, bu aktı görməzliyə vurmaq olardı, amma gerçəklik budur ki, bizim kimi ölkələrdə bal tutanlar barmaq yalamaqla kifayətlənmirlər, pətəyi və şanı da basıb yeyirlər.

Bu isə əndazəni aşmaqdır. Əndazə aşılan yerdə xeyir-bərəkət olmaz, cəza labüd olar.

Qaxın icra hakimiyyəti başçısı Musa Şəkiliyevin əndazəni nə dərəcədə aşdığı hələ məlum deyil. Yəqin ki, yaxın günlərdə onun sahib olduğu daşınmaz və daşınan əmlakının tam olmayan siyahısı yayılacaq və xalqımız növbəti dəfə heyrətlənəcək.

Hər dəfə belə olur. İctimaiyyət vəzifə adamlarının varidatı haqqında az-çox informasiyalara malik olur, bilir ki, filan otel, şadlıq sarayı, supermarketlər şəbəkəsi, yanacaqdoldurma məntəqələri, tikinti şirkətləri və sair və ilaxır obyektlər İH başçısınındır. Ancaq ortaya rayonun özündə, paytaxtda, hətta yaxın xaricdəki villa və mənzillərin, torpaq sahələrinin, lüks avtomobillər qarajının mündəricatı çıxanda, bu, ictimaiyyətdə şok yaradır.

Adamlar düşünür ki, İH başçısı və onun müavinləri bu qədər varidatı onlardan oğurlayıb. Amma bu, həqiqətin tam özü deyil. Xalqda o qədər sərvət yoxdur. Aşkar olunan əmlaklar bu xalqın təsis etdiyi dövlətdən oğurlanıb. Yalnız dövlətdən oğurlamaqla milyonçu olmaq olar. Xalqdan nəsə çırpışdıranlar adi rüşvətxorlardır. Onlar da yığdıqlarının yarısını aparıb İH başçılarına və onun müavinlərinə verirlər.

Əslində bu da qəribə işdir: bir İH başçısı yaxalanırsa, nəyə görə onun müavinlərinin də hamısı tutulur? Yəni onların içində heç “məni bu işlərə qatmayın, mən dövlət məmuruyam, istəmirəm adım maxinasiyalarda hallansın” deyən biri yoxdurmu? Belə görünür ki, yoxdur. İH başçıları mafiya bossları kimi özlərinə sədaqətli kadrlar yığırlar. Kim bilir, bəlkə də Siciliyadakı kimi “omerta” yasağı-za da tətbiq edirlər. Yəni heç kim o birini, xüsusilə də rəhbəri satmamalı, bir-birinin əleyhinə ifadə verməməlidir.

Musa Şəkiliyevin bioqrafiyası normaldır, Rusiyada ali təhsil alıb, uzun müddət ixtisası üzrə işləyib, karyera pillələrində yavaş-yavaş irəliləyib, nəhayət, 2010-cu ilin aprelində Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Adam 15 il imiş ki, bu vəzifədə çalışırmış. 15 il az müddət deyil.

İndi maraqlıdır ki, Şəkiliyev o biri həmkarlarından nəylə, hansı əməli ilə fərqlənib ki, “qaramaskalılar” ona qonaq gediblər. Axı Qaxdan bəridə qonaq gedilməli xeyli rayon var.

Əl-əlbət, bu məsələnin sirri də çözüləcək.

Bu kimi əməliyyatların əsas faydası odur ki, hər dəfə digər İH başçıları özlərini yığışdırırlar, aşmış olduqları çərçivənin içinə qayıdırlar və bərk qorxurlar. Ötən dəfəki tutqularda malik olduğu mülkləri tez-tələsik satanlar, uzaq qohumlarının adına keçirənlər, mal-qara fermalarının tikililərini dağıdanlar, mal-qaranı ora-bura yollayanlar olmuşdu.

Ola bilər, bu dəfə də elə bir kampaniya başlayıb. Ona görə də “qaramaskalı” qardaşlar yola çıxmışkən, o biri rayonlara da baş çəksələr, əliboş qayıtmazlar.

Belə əməliyyatlar vaxtaşırı olsa, son nəticədə tamahı Zülfüqar qılıncından iti olan vəzifəlilər anlayarlar ki, dövlətin malı dəniz deyil. Hətta dəniz dənizdir, onun da suyu azalır, hərə bir tərəfdən dövlətin varidatını talasa, dövlət quruyar.

Xalid KAZIMLI - musavat.com

Geri qayıt