Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sahil Babayev niyə maliyyə naziri oldu?
Sahil Babayev niyə maliyyə naziri oldu?Bu gün, 17:56 |
![]() Sahil Babayev maliyyə naziri təyin edildi. Əslində bu, heç də gözlənilməz olmadı. Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunandan dərhala sonra xəbər çıxdı ki, boşalan kresloda Sahil Babayev oturacaq. Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi, necə deyərlər,öz işini artıqlaması ilə gördü. Əvvəlki illərdə verilmiş xeyli əlillik statuslarını, ünvanlı yardımları qanunsuz deyə ləğv etdi. Bu yolla dövlət büdcəsinin vəsaitlərinə qənaət etdiyini də çıxışlarında söyləyirdi. "Sosial büdcəyə necə qənaət eləmək olar?!" deyə təəccüblənənlər də çox oldu. Ancaq Sahil Babayev bunu da etdi. Sərt idarəçilik üslubu olan nazirdir. Buna görə də Sahil Babayevdən narazı olanlar da az deyil. Təkcə cəmiyyətdə yox, elə Nazirliyin öz içində də. Xüsusilə də kadr məsələləri ilə bağlı. Ancaq Sahil Babayev bu narazılıqları öz üzərinə sanki qəsdən çəkirdi. Yükü üzərinə götürürdü. Onun bu xüsusiyyətindən yeni vəzifədə istifadə olunacaq. Məlumdur ki, indiki Maliyyə Nazirliyi əvvəlki kimi olmayacaq; bu, mediada deyildiyi kimi, geniş səlahiyyətlərə malik meqanazirliyə çevriləcək. Məqsəd dövlətin həm gəlirlərinə, həm də xərclərinə daha sərt nəzarətdir. Əgər açıq qaynaqlarda yayılan məlumatlar doğrudursa, vergi və gömrük xidmətləri də Maliyyə Nazirliyinə birləşəcək. Bu, hökumətin ən iri və təsirli strukturlarından biri olacaq. Məntiqə görə, nazir müavinləri də dövlət rəhbərliyinin ən çox inandıqları şəxslər arasından seçiləcək. Samir Şərifovun gedişindən sonra qısa müddət onu əvəz etmiş Azər Bayramov, böyük ehtimalla öz yerində qalacaq. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır. Eyni zamanda rəhbərlikdə yeni şəxslər də təmsil olunacaq. Hər halda Nazirliyin qarşısına qoyulacaq vəzifələri və buna uyğun kadr dəyişikliklərini təxmin etmək olar. Beləliklə, Sahil Babayev maliyyə naziridir. Onun fərdi xarakteri, iş üslubu nəzərə alındı və bu səbəbdən, dövlət büdcənin başına gətrildi. Artıq büdcə vəsaitlərinə əli çatanlar düşünsün. Çünki həm nəzarət, həm qənaət rejimləri daha da sərtləşəcək. Ədalət naminə onu da demək lazımdır ki, Sahil Babayev çox çətin vaxtlarda əmək və əhalinin sosial müdafiəsi naziri oldu. Bu qurumda həmişə korrupsiya vardı, yenə var. Hər halda zaman-zaman mediaya məlumatlar çıxır. Həm də əhalinin həssas kateqoriyaları ilə işləyir. Xüsusilə, 2020-ci ildən - müharibədən sonrakı illərdə bu çətinliklər artdı; "postmüharibə sindromu" bütün ağırlığı, emosional yükü, sosial təzyiqi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşürdü. Bu, obyektiv reallıqdır. Eyni zamanda əhalinin yoxsul təbəqəsini də məmnun etmək asan deyil. Heç də həmişə hamını razı salan qərarlar verilmirdi. Son dövrdə bura hərbi xidmətə çağırılanların tibbi müayinəsinə dair yekun qərar vermək səlahiyyəti də əlavə olunmuşdu. Ancaq bu iş hələ yenicə başlayırdı ki, Sahil Babayev başqa işə keçdi. Əslində bu nazirliyin özü də Səhiyyə Nazirliyi ilə birləşdirilə, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi də əlavə olunmaqla Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (ad şərtidir) yaradıla bilər. Ancaq bu, əlbəttə, ölkə prezidentinin üsrün səlahiyyətidir. Bu yerdə Muxtar Babayevin ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad olunması da diqqət çəkdi. Bu nazirliklə bağlı sonrakı qərarın necə olacağını yalnız ehtimal etmək olar. Ancaq Muxtar Babayev heç də bəzi media mənsublarının yazdığı kimi, "vurulmayıb". Prezidentin iqim məsələləri üzrə nümayəndəsi kimi Muxtar Babayevin görəcəyi çox iş var. COP29 çərçivəsində götürülmüş öhdəliklərin icrası ilə bağlı, ümumiyyətlə, iqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlar səbəbindən belə bir dəyişiklik edilib. Muxtar Babayev COP29-la bağlı yüksək etimadı doğrultmuş sayılır. Buna görə də prezident Muxtar Babayevi öz Administrasiyasına aparıb və onunla birbaşa çalışmağa qərar verib. Bütün hallarda hökumətdəki son dəyişikliklər cəmiyyətdə xüsusi maraq doğurur. Bu cür yerdəyişmələr, rotasiyalar həmişə yeni gözləntilər də yaradır. Bunların nə dərəcədə və necə doğrulacağını isə zaman göstərəcək. Seyid Əhmədli, bizimyol.info Geri qayıt |