Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi?

Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi?


Dünən, 10:54
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi?
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşən gürcüstanlı nazir bir sıra maraqlı bəyanatlarla çıxış edib.
Gürcüstan Cənubi Qafqazdakı post-münaqişə dövründə təklif edilən "3+3" formatında iştirak etməsə də, gürcü nazir Cənbui Qafqazın 3 ölkəsi arasında əməkdaşlıq mexanizminin qurulmasını təklif edib.
Son zamanlar Gürcüstanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda onun regiona yönəlik siyasətində də dəyişiklik olacağı ehtimal edilir. Gürcüstan hakimiyyətinin ABŞ və Avropa İttifaqının israrlarına baxmayaraq müstəqil siyasət yeritməsi artıq öz neqativ təsirlərini göstərməyə başlayıb. Belə olduğu bir şəraitdə Gürcüstanın özünü müdafiə üçün alternativ əməkdaşlıq formatını nəzərdən keçirməsinə ehtiyac yaranır.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, Gürcüstanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda "3+3" formatına yanaşması dəyişə bilər:
"Bu gün bu format regionda təhlükəsizliyi təmin etmək, əməkdaşlığı gücləndirmək üçün ən uyğun platformalardan biridir. Yəni, region dövlətləri öz təhlükəsizliklərini kənar dövlətlərdə, təşkilatlarda, qurumlarda yox, region daxilində təmin etməlidirlər. Bunun üçün region ölkələri ilə əməkdaşlığı gücləndirmək tələb olunur. Ən doğru yol budur. Gürcüstanın da bu prosesə qoşulması önəmlidir. Xüsusilə də hazırkı dönəmdə Qərblə münasibətlərin pozulduğu, Gürcüstana getdikcə təzyiqlərin artdığı bir dövrdə bu addımların atılmasına və bu tədbirlərin həyata keçilməsinə böyük ehtiyac var. Yəni, bu adımlar atılmalıdır ki, növbəti proseslərdən sığortalana bilsin".

Ceyhun Məmmədov onu da deyib ki, Qərbin Azərbaycana qarşı ikili standartları mövcuddur:
"Xüsusilə də hazırki şəraitdə Qərbin qarşı təzyiqlərinin artdığı bir, ədalətsizliyinin daha geniş vüsət aldığı dövrdə bu daha aşkar görünür. Bölgə dövlətlərinə, xüsusilə Gürcüstana təzyiqlərinin artdığı bir dövrdə Gürcüstanın təklif olunan "3+3" formatı çərçivəsində əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Düşünürəm ki, bu məsələdə əvvəl də Gürcüstan tərəfindən ciddi qəbul edilirdi. Əsas səbəb Rusiya ilə münasibətlərdə bir az problemlərin olması idi. Artıq bu problemlər, demək olar ki, arxada qalıb. Yəni, münasibətlərin normallaşması istiqamətində tərəflər addımlar atırlar və bu da qeyd etdiyimiz, anlamda tərəflərin əməkdaşlığına öz töhfəsini mütləq verə bilər. Yəni, Gürcüstan da bu prosesdə maraqlı olmalıdır".
"Regionumuzda yeni bir əməkdaşlıq imkanları qurulmalıdır. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bölgə dövlətləri də çalışmalıdırlar ki, qonşuları ilə düzgün, sağlam münasibət qursunlar. Bununla bölgədəki proseslərin tənzimlənməsinə, əməkdaşlığının güclənməsinə, inkişafına öz töhfəmizi verə bilərik. Çünki nəzər almalıyıq ki, qarşıda bizi çox ağır günlər, çox çətin bir dövr gözləyir və bu mərhələdə biz imkanlarımızı səfərbər etməliyik ki, dövlətlərimizi gələcək təhlükələrdən qoruyaq. Dövlətlərimizin üzərinə böyük vəzifə düşür", - millət vəkili bildirib.

Politoloq Elşən Manafov isə hesab edir ki, Azərbaycanın Ermənistanla apardığı 44 günlük müharibədəki qələbəsi regionda yeni geosiyasi reallıqların bərqərar olmasına gətirib çıxarıb.
"Tərəflər arasında atəşkəs şərtlərinə nəzarət və monitorinq vasitəsilə Minsk qrupundakı həmsədr dövlətlərlə məsləhətləşmələr aparılmadan Rusiya sülhməramlı kontingentinin Azərbaycana yerləşdirilməsini Qərb narazılıqla qarşılayıb və bu hadisə yeni geosiyasi reallıqlar yaradıb".

Politoloqun sözlərinə görə, regionda dayanıqlı sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş "3+3" formatında əməkdaşlıq modelinə region dövlətləri müsbət yanaşır:
"Məlum model regionun təhlükəsizlik problemlərinin həllini yalnız bölgə dövlətlərinin iştirakı ilə nəzərdə tutduğundan Qərb ölkələri onu məqbul saymırlar. Bu da anlaşılandır, çünki məlum model regiondan kənar dövlətlərin regiona müdaxiləsinin yolverilməz olduğunu bəyan edir, bu isə Qərbin regionla bağlı maraqlarına cavab vermir".

"İlk gündən Gürcüstan hakimiyyəti bəlli layihəyə ilə bağlı məsələlərə kifayət qədər ehtiyatla yanaşıb və "3+3" formatı əsasında əməkdaşlığın onun maraqlarına zidd olduğunu bəyan edib. Məlumdur ki, Saakaşvili hakimiyyətinin avantürist siyasətinə görə 2008-ci ilə Gürcüstan-Rusiya münaqişəsi yaşanıb, tərəflər arasında diplomatik münasibətlər kəsilib. Bəlli layihə regionda kommunikasiya xətlərinin, dəhlizlərin açılmasını, infrastuktur və loqistika sahəsində əməkdaşlığı nəzərdə tutur. Gürcüstanın Qərbyönümlü müxalifəti hökumətə təzyiq edərək diplomatik münasibətlərin bərpa olunmadığı şəraitdə Rusiya ilə kommunikasiya xətlərinin açılmasının milli maraqlara xəyanət olacağını bəyan edir", - politoloq bildirib.
E.Manafov qeyd edir ki, bu zaman həmin müxalifət Qərbin bölgə ilə bağlı geosiyasi maraqlarının təmsilçisi rolunda çıxış edir:
"Qərb və Gürcüstandakı qərbyönümlü partiyalar kommunikasiya, nəqliyyat xətlərinin açılmasına Rusiyanın Gürcüstan infrastrukturuna və nəqliyyatına invenstisiya xərclərini arıtıracağı konteksində yanaşır, Abxaziya-Gürcüstan dəmir yolunun bərpasından sonra Rusiyanın Gürcüstana və regiona nüfuz imkanlarının artmasından narahat olurlar. Gürcüstan Rusiya münasibətlərində gərginliyin saxlanılması bütün hallarda Qərbin maraqlarına cavab verirdi və məhz buna görə də, nə parlament seçkilərinin nəticələrini, nə də Gürcüstanın yeni prezidentinin legitimliyini tanıyırlar. Gürcüstanı sanksiyalarla hədələyir, müxalifətin etiraz aksiyaları vasitəsilə ölkəni vətəndaş qarşıdurmasına sürükləyib mövcud hakimiyyəti devirməyə çalışırlar. Lakin, Gürcüstanda əhalinin mütləq əksəriyyətinin dəstəyi ilə Kobaxidze iqtidarı bu təzyiqlərə duruş gətirə bildi".
Onun fikrincə, hazırda Gürcüstan-Rusiya münasibətlərində yaşanan bir sıra hadisələrin fonunda Gürcüstanın da təklif olunan formatda regional təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı məsələlərə münasibətinin dəyişəcəyi istisna deyil.
Politoloq bildirir ki, Gürcüstan Rusiyadan aldığı neftin və qazın həcmini əhəmiyyətli şəkildə artırıb.Abxaziya və Osetiya problemlərinin Rusiya ilə danışıqlar yolu ilə nizamlana biləcəyi ilə bağlı fikirlər dolaşır.
"Üstəlik Qərbin Gürcüstan hakimiyyətinə maliyyə kreditlərini ayırmaq fikrindən daşınması konteksində Gürcüstan dövlətinin region dövlətləri, ilk növbədə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə marağı artır. Gürcüstan və Azərbaycanı bir sıra ümumi maraqlar birləşdirir. Gürcüstan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft qaz habelə Bakı-Tbilisi-Qars dəmir yol layihələri ilə Azərbaycanla bağlıdır. Məlum kəmərlərlə, o cümlədən Cənub Qafqaz qaz dəhlizi kəməri ilə nəql olunan neft və qazdan tranzit ölkə kimi böyuk mənfəət götürür, nəhayət, Qərbin regiondakı geosiyasi reallıqları dəyişdirmək cəhdlərinin qarşısının alınması zərurəti region dövlətlərindən "3+3" formatında əməkdaşlığın gücləndirilməsi üçün təxirəsalınmaz qərarların qəbul edilməsini tələb edir", - politoloq fikrini tamamlayıb.

Geri qayıt