ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlayandan sonra Cənubi Qafqazda, Ermənistan-Azərbaycan münasibətlərində nələr baş verəcək? Zəngəzur dəhlizinin açılmaması, sülh sazişinin imzalanması ləngiyir. Türkiyə sülh sazişində, dəhlizin açılmasında maraqlıdır. Bu baxımdan Ankaranın təzyiq mexanizmlərini işə salması gözlənilirmi?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, 2025-ci il bir çox hadisələrin sürətləndiyi dövr olacaq:
“Trampın hakimiyyətə gəlişi, Türkiyənin Suriyadakı mövqelərini gücləndirməsi, oradakı PKK, YPG-yə qarşı mübarizə, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı həlledici proseslərin baş verməsi gözlənilir. Prosesi aparan oyunçuların mövqeyi, atacağı addımlar bunların gerçək olub-olmamasını müəyyən edəcək.
Politoloq qeyd edib ki, dövlətlər həyati əhəmiyyətli məsələləri həll etmək üçün ortaya qətiyyətli mövqe qoya bilər:
“Bu, Azərbaycan və Zəngəzur dəhlizi üçün də belədir. Rəsmi Bakı bu məsələdə qəti mövqe sərgiləyir. Bakı yaxşı bilir ki, dəhliz onun üçün çox vacibdir. Bu baxımdan Ankaranın prosesə qoşulması mümkündür.
Ermənistan 2025-ci ilin yanvarında ilk süprizi edərək Avropa İttifaqına qoşulmaq haqda qanun layihəsini təsdiqlədi. Görünür, Ermənistanı tələsdirirlər. Bu baxımdan 2025-ci il çox maraqlı proseslərlə yadda qalacaq”.