Distant təhsillə alınan diplomların tanınması planda yoxdur.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov illik hesabat tədbirində deyib.
Təhsil eksperti Elşən Qafarov Referans.az-a açıqlamasında distant təhsillə əldə edilmiş diplomların Azərbaycanda tanınmama səbəbindən danışıb.
“Azərbaycan Respublikasında distant təhsil forması tətbiq edilmir. Ona görə də biz distant formada təhsil alanların diplomlarını tanımırıq. Distant təhsil alma formamasının tanınmaması Azərbaycan təhsili üçün, xüsusilə də, ali təhsil üçün çox böyük mənfi nəticələrlə nəticələnə bilər. Nəzərə alsaq ki, keçən əsrin 70-ci illərindən distant təhsil artıq rəsmən təsdiq olunub və dünyanın bir sıra aparıcı ölkələrində, o cümlədən, vaxtilə bir tərkibdə olduğumuz SSRİ məkanındakı dövlətlərin bəziləri də distant təhsili tam şəkildə qəbul ediblər. Bununla bağlı bir sıra sənədlər qəbul edilib, artıq açıq cəmiyyət institutları fəaliyyət göstərir və hazırda fəaliyyət göstərən ali məktəblər dünyanın istər aparıcı ali təhsil müəssisələri, istər Avropa, istər şərq, istərsə də qərb fərq etmir – hər biri distant təhsilalmanın əsas təhsil formasına çevriləcəyini nəzərə alaraq bu sahədə böyük işlər görürlər. Çox təəssüf olsun ki, Azərbaycanda distant təhsilalma ilə bağlı nə hüquqi baxımdan, nə infrastruktur baxımından addımlar da atılmır. Eyni zamanda biz distant təhsilalmanı da tanımırıq”.
Ekspert qeyd edib ki, distant təhsilalmanın tanınmaması insanların təhsilalma hüquqlarının əllərindən alınmasıdır.
“Bu təhsil formasının tanınmamasının əsas səbəblərindən biri Azərbaycanda distant təhsil formasından çəkinilməsidir. Biz qorxuruq ki, distant təhsil almanı tətbiq etsək, bu gün bizim gənclərimiz daha aşağı qiymətə dünyanın bir sıra aparıcı universitetlərində distant təhsil almağa başlayacaq və Azərbaycanın ali təhsil müəssisələri boş qalacaq. Nəticə etibarı ilə biz sədd çəkirik insanların təhsil almasına, bu da konstitusiyaya zidddir. Düşünürəm ki, yaxın gələcəkdə artıq distant təhsil alma o qədər sürətlə yayılacaq ki, bunun qarşısını almaq mümkün olmayacaq. Artıq o sədd dağıldıqdan sonra Azərbaycan universitetləri nə qədər geri qaldıqlarını görəcəklər amma o zaman çox gec olacaq. Nümunə üçün deyim ki, qonşu Rusiya 1996-cı ildən artıq distant təhsillə bağlı qərar qəbul edib. Hətta Rusiyada bir neçə ali məktəb, o cümlədən, Sankt-Peterburq açıq cəmiyyət institutu fəaliyyət göstərir ki, ancaq distant təhsilalma prosesini həyata keçirir. Xüsusilə də, pandemiya dövründə COVID19-un geniş yayıldığı dövrdən distant təhsilalma daha geniş yayılmağa başladı”.