İki ölkə arasındakı sərhəd ərazilərdə üçüncü ölkə qüvvələrinin olmaması barədə Bakının tələbini İrəvan dolayısı ilə yerinə yetirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Belə ki, 2022-ci ildə 2 ay müddətinə, “mülki missiya” olaraq Azərbaycanla sərhədə yerləşdirilən AB müşahidəçiləri ilə 2023-cü ilin fevralında Ermənistan birtərəfli qaydada, Azərbaycanın razılığı olmadan 2 illik müqavilə bağlamış, daha sonra isə “mülki missiya”nın həcmi genişləndirilmiş, “müşahidəçilərin” sayı artırılmışdı. Xüsusilə Kanada kimi AB-yə aid olmayan ölkədən də bu “missiya”nın tərkibinə müşahidəçilərin əlavə edilməsi, onların keçmiş hərbçilər və xüsusi xidmət orqanı əməkdaşları arasından seçilməsi isə artıq sərhəddə NATO qüvvələrinin olduğu təəssüratı yaradır ki, Azərbaycan da buna qarşıdır.
“Missiya”ın müddəti 2025-ci ilin fevralında başa çatır. Avropa Birliyi missiyanın uzadılmasına çalışsa da, hələlik İrəvanın rəsmi cavabı yoxdur.
Nəşrin iddiasına görə, İrəvan “missiya”nın uzadılmasının yolunu tapıb:
“Hakimiyyət AB müşahidəçilərindən necə qurtulmaq variantını nəzərdən keçirir. Məsələ ondadır ki, Qərb ötən ilin əvvəlində başladığı monitorinq missiyasını dayandırmaq istəmir. Ermənistan hakimiyyəti kompromis variantla çıxış edib. Fevralda missiyanın müddəti bitdikdən sonra Ermənistan tərəfi müvafiq ərizə təqdim edərsə, müddət uzadıla bilər.
Hakimiyyət qərara gəlib ki, səlahiyyətin uzadılması üçün ərizə təqdim etsin, lakin formatı dəyişdirməyi təklif edəcəklər. Yeni təklifə görə, müşahidəçilər sərhədi birbaşa yerdə izləməyəcəklər, İrəvanda və ya məsələn, Cermuk kimi şəhərlərdəki ofislərdə işləyəcəklər və əlaqədar qurumlardan alınan məlumata görə sərhəddəki vəziyyəti təqib edəcəklər”.