Əsas Səhifə > Güney Press > Kərimlidən sonra növbə kimindir?
Kərimlidən sonra növbə kimindir?Bu gün, 17:11 |
|
Son həbslər ölkə gündəmini dəyişib. Proseslər hara gedəcək, necə yekunlaşacaq, başqa kimlərin həbsi gözlənir – ictimaiyyəti bu suallar maraqlandırır. AXCP sədri Əli Kərimlinin saxlanılması, ardından məhkəmənin hökmü ilə ona 2 ay 15 gün həbs verilməsi proseslərin ciddi məcraya yönəldiyi anlamına gəlir. Ölkə tamamilə yeni mərhələyə keçir. O üzdən bu cür sərt qərarlar alınıb. Görünür, “şıltaq” radikalların kaprizi ilə çox oynamaq istəmir dövlət. Əslində ortada ciddi faktlar, dəlillər, şübhələr olmasa idi, Əli Kərimli haqda belə kəskin qərar verilməzdi. Neçə illərdir danışır, hakimiyyəti sərt dillə tənqid edir, sosial şəbəkələrdə sistem qurub, narazı elektorata etdiyi xitablarla gündəmdə qalmağa çalışır. Bunlara hakimiyyət dözümlü yanaşıb. Bəzən onun həbsi gözlənilsə də, dövlət soyuqqanlılığını qoruyub. Əli Kərimli və onun şəbəkəsi 44 günlük Vətən müharibəsi zamanı bir az kamuflyaj olundu. Amma 10 noyabr 2020-ci il tarixindən başlayaraq özlərini çox pis apardı. Qazanılan möhtəşəm qələbəni gözdən salmaq üçün yarışa girmişdilər sanki. Şuşaya bayraq sancan Ali Baş Komandan haqda olmazın iftiralarını deyirdi, yazırdı. Bu azmış kimi, şəbəkə üzvlərini də Azərbaycanın Zəfərinə qarşı səfərbər etmişdi. Rusiya sülh məramlı qüvvələrinin Qarabağa gəlməsini Azərbaycan hakimiyyətinin Qarabağı Rusiyaya satması kimi təqdim edirdi. “Niyə Xankəndi azad edilmədi?”, “Xocalı işğalda qalıbsa, bu qələbənin mənası yoxdur!”, “İlham Əliyev Laçını Ermənilərə bağışladı” və sair belə şantajlarla dövlətin üstünə yeriyirdi. 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatından sonra yenə susmadı. İndi də Rusiya sülhməramlılarının hələ də Qarabağda qaldığını əsas gətirib, az qalsın qələbənin legitim olmadığını söyləyirdi. Rus ordusu da çıxdı Qarabağdan – həm də Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə. Sonra da başladı Zəngəzur “zənguləsi” vurmağa. Bir sözlə, son 5 ildə bu qədər möhtəşəm nəticələrə rəğmən Əli Kərimlini nə məmnun etmək mümkün oldu, nə də razı salmaq. Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli Böyük Britaniya kraliçası İkinci Elizabetin doğum günü ziyafətində O, siyasi mübarizəni şəxsi düşmənçiliyə çevirdi. Hakimiyyətə qarşı mübarizə apardığını desə də, Azərbaycanın ən strateji maraqlarına qarşı cəbhə açmışdı. Dekabrın 1-də Əli Kərimlinin barəsində məhkəmə hökm verdi – 2 ay 15 gün müddətə həbs edildi. Onunla birlikdə həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də eyni hökm çıxarılıb. Milli Şura üzvü Gültəkin Hacıbəylinin də İstanbuldan Azərbaycana deportasiya edildiyi deyilir. Noyabrın 30-da Milli Şura sədri Cəmil Həsənli DTX-da sorğu-sual edilib. Bütün bunlar “Mehdiyev işi” ilə bağlıdır. Ramiz Mehdiyevin barəsində oktyabrın 14-də həbs qərarı verildikdən sonra bunun böyük prosesə çevriləcəyi məlum idi. Prezident Administrasiyanın sabiq rəhbərinin Rusiyaya yazdığı məktub aşkarlandıqda onun 50 nəfərdən ibarət Dövlət Şurası yaratmaq istədiyi, Azərbaycanın konstitusion quruluşunu dəyişdirmək niyyətində olduğu bilindi. 50 nəfərlik heyətin tərkibində Əli Kərimlinin və Gültəkin Hacıbəylinin yer aldığı deyildi. İndi əsas sual budur: Mehdiyevçi şəbəkənin digər üzvləri də həbs ediləcəkmi? Onların ifşası gözlənilirmi? Qalan 48 nəfər kimlərdir? Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən deputatlar, məmurlar da istintaqa cəlb ediləcəkmi? Bu adamları ictimaiyyət tanıyır. Son günlər Mehdiyev haqda tərif deyən xeyli şəxsin videoları yayıldı. Əsas diqqət çəkənlər deputat Məlahət İbrahimqızı, vitse-spiker Ziyafət Abbasov, Milli Məclisin üzvü Əhliman Əmiraslanov, AMEA prezidenti İsa Həbibbəyli, prezidentin sabiq köməkçisi Əli Həsənov və sairdir. Bunların Ramiz Mehdiyevə yaxın olduqları çoxdan məlumdur. Bu adamların karyerasında Mehdiyein qələmənin, sözünün danılmaz xidməti var. Məsələn, Məlahət İbrahimqızı Ramiz Mehdiyevin ən yaxın qadın tərəfdarlarından olub. İndi az qalsın “Ramiz Mehdiyev kimdir, mən belə birini tanımıram” desin. Bunlar bilinənlərdir. R.Mehdiyevlə iş, biznes, ideya ortağı olan və adları hələ də çəkilməyən xeyli şəxs var. Deyilənə görə, elə yüksək vəzifəli məmur var, onun biznesindən hələ də Ramiz Mehdiyevin ailəsinə faiz ödənir. Bunun nə qədər səhih məlumat olduğunu deyə bilmərik, çünki faktımız yoxdur. Yalan olduğunu da söyləmək mümkün deyil. Mehdiyevin ən yaxın adamları ilə əlaqəsini, münasibətini kəsməyən deputatların, məmurların olduğu haqda mediada, sosial şəbəkələrdə fikirlər dolaşır. “Mehdiyev işi” milli təhlükəsizlik məsələsinə çevrilib. Ona görə də dövlətin özünüqoruma mexanizmləri işə düşüb. Bu mexanizmin kimsəyə acıyacağına inanmırıq. Yəqin Əli Kərimlidən, Məmməd İbrahimlidən, Gültəkin Hacıbəylidən sonra növbə hakimiyyətin daxilinə keçəcək. Bir qədər əvvəl Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Daxildə aparılan təmizləmə işləri genişləndirilə bilər. Bu, sosial sifariş halını alıb. Necə deyərlər, dövlət vaxtaşırı bağırsaqlarını təmizləməlidir ki, sağlam olsun. Tibdə bağırsaq insanın ikinci beyni adlandırılır… Aydın Aslan Geri qayıt |