Əsas Səhifə > Güney Press > Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban”

Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban”


Bu gün, 13:02

Əfqanıstan və Pakistan arasındakı münaqişə, konkret desək, sərhəd atışmaları dünənin, bu günün məsələsi deyil. Ötən ilin martında da sərhəd boyunca silahlı toqquşmalar olub.

“Taliban” 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan və Pakistan arasında sərhəd münaqişələri dəfələrlə alovlanıb. Pakistan hökuməti “Taliban”ı İslamabadı təhdid edən “Təhrik-e-Taliban” hərəkatına sığınacaq verməkdə ittiham edir.

Dünyanın qəribə işlərindən biri də budur. 1979-1989-cu illər arasında Əfqanıstana soxulmuş sovet-rus hərbi kontingentinə qarşı əfqan müqavimətinin əsas bazası məhz Pakistanda yerləşirdi. ABŞ və onun müttəfiqlərinin, eləcə də teokratik ərəb ölkələrinin əfqan mücahidləri üçün göndərdikləri ərzaq, silah, pul yardımları Pakistanda toplanır, ondan sonra döyüşən əfqanlara çatdırılırdı.

Başqa sözlə, həmin illərdə Pakistanın əməli və hərtərəfli yardımı olmasa, bəlkə də Əfqanıstan müstəqil dövlət olmaz, ya da müasir Tacikistan kimi Moskvadan tam asılı vassala çevrilərdi. Əslində artıq belə olmuşdu. Amma Pakistan bu ölkəni dartıb “rus ayısı”nın caynağından alan əsas dövlət oldu.

2024-cü il martında isə əfqanlar Pakistana qarşı vuruşan qüvvələrə ciddi dəstək verməyə başlayblar. “Taliban”ın pakistanlılardan ibarət qolu partlayıcılarla dolu yük maşın ilə sərhəd məntəqəsində Pakistan əsgərlərinə hücum ediblər. Yük maşınının partlaması və hücum nəticəsində Pakistanın 7 əsgər həlak olub. Hücuma görə məsuliyyəti “Ceyş-e-Fursan-e-Məhəmməd” kimi tanınan silahlı qrup öz üzərinə götürüb. Pakistan hökuməti onun üzvlərinin “Tehrik-e-Taliban Pakistan”ın bir hissəsi olduğunu iddia edib. Ancaq “Taliban” hökuməti cinayəti törədənlərin Əfqanstan ərazisindən hərəkət etdiklərini inkar edərək durumu gərginləşdirib.

Bundan bir neçə gün sonra Pakistanın hərbi hava qüvvələri Əfqanıstanın şərqindəki Xost və Paktika əyalətlərinə iki hava hücumu həyata keçirib. Əfqanıstan hökuməti hava hücumlarında beş qadın və üç uşağın öldüyünü iddia edib. Hava hücumlarına cavab olaraq Əfqanıstan Müdafiə Nazirliyi sərhəddə Pakistanın çoxsaylı mövqelərini hədəf alıb, Kürramda 4 mülki şəxs və 3 əsgər yaralanıb, pakistanlı kapitan həlak olub.

Sonra sərhəd döyüşləri Bəlucistan vilayətində davam edib, martın 22-də bir kamikadze maşınını Pakistanın hərbi karvanına çırpıb. Hücum nəticəsində iki pakistanlı əsgər həlak olub, daha 15 nəfər yaralanıb.

Mart ayı boyunca davam edən və səngiyən döyüşlər bir də ilin axırında, dekabrda bərpa olunub. Bu dəfə “Təhrik-e Taliban” qüvvələrinin Cənubi Vəziristandakı posta hücumu nəticəsində ən azı 16 Pakistan əsgəri həlak olub. 4 gün sonra Pakistan hərbi hava qüvvələri Paktika əyalətinin 4 kəndinə hava hücumu həyata keçirib və 20-25 terrorçunu öldürüldüyünü iddia edib.

Hava hücumları nəticəsində terrorçuların düşərgələri və komandirlərin sığınacaqları dağıdılıb. “Təhrik-e Taliban”ın komandiri “Şir Zaman” ləqəbli Muxlis Yarın düşərgəsi, Əbu Həmzənin səfərbərlik qərargahı və “Axtar Məhəmməd” ləqəbli Xəlilin kamikadze uşaqlar hazırlayan təlim düşərgəsi məhv edilib.

Bu ilin oktyabr ayında alovlanan münaqişəyə isə artıq “Taliban” döyüşçüləri də qatılıb. Kabildə baş verən partlayışlara görə isə “Taliban” İslamabadı günahlandırıb.

Tərəflər bir-birini ittiham edərkən əks-hücum və “cavab zərbələri” də gecikmir. İslamabadın əsas tələbi odur ki, özlərini “Taliban”ın qolu sayan “Pakistan talibləri”nin Əfqanıstan ərazisindəki fəaliyyətinə son qoyulsun və onlar Pakistana təhvil verilsinlər. Çünki “Taliban” 2021-ci ildə hakimiyyətə gələndən bəri “Pakistan talibləri” Pakistanın yüzlərlə əsgərini öldürüblər. Bu, gösərir ki, onlar güclərini “Taliban”dan alırlar və bu təşkilatın himayəsindədirlər. Onlar Pakistanda ərazi nəzarəti əldə etmək istəyirlər, ancaq buna terror aktlarıyla nail olacaqlarını düşünürlər. “Pakistan talibləri”nin taktikaları Əfqanıstan “Taliban”ının xarici müdaxiləyə və marionet hökumətə qarşı apardığı müharibə zamanı istifadə etdiyi taktikanın eynisidir.

Belə görünür ki, Əfqanıstanda hakimiyyəti götürən, özlərinə inamı birə yüz artan “Taliban”ın adı qulağına dəyib, eyforiyaya qapılıb və öz “inqilab”ını regionda yaymaq, region ölkələrini qorxu altında saxlamaq istəyir.

Pakistan isə həm böyük, nüvə dövlətidir, həm də bu ölkədə pis-yaxşı demokratik sistem var, qanunlarla idarə olunur. Ona görə də onun quldarlıq quruluşunu bərpa etmək, 21-ci əsrdə satraplıq yaratmaq istəyən terrorçu dövlətə boyun əyməyəcəyi şübhəsizdir.

Hərbi qüdrətlərinə gəldikdə isə Pakistanla Əfqanıstanın gücü müqayisəolunmaz şəkildədir. Müasir qırıcılarla pulemyot quraşdırılmış pikapları müqayisə edin.

Hazırda Pakistan “Taliban”a ağır artilleriya, tanklar, pilotsuz uçuş aparatları və döyüş təyyarələri ilə cavab verir.

Bir sözlə, vaxtilə əfqan mücahidlərini himayə və silah-sursatla təmin edən, əfqan xalqının öz dövlətçiliyini qorumasına böyük kömək göstərən Pakistan dövləti, heç demə, uzaq perspektivdə özünə bəla böyüdürmüş.

Ona görə də hansısa dövlətin daxilində bölücülüyə can atan, bu zaman ən iyrənc üsullardan, terror aktlarından istifadə edən qüvvələr heç bir dövlət tərəfindən dəstəklənməməlidir. Çünki həmin qüvvələr öz məqsədlərinə çatan kimi birinici “çörək verəninə kəm baxan yetim” kimi hərəkət edir, onun üzünə ağ olurlar. Dünyada bunun onlarla presedenti var.

Burası da var ki, Pakistan-Əfqanıstan müharibəsi ABŞ prezidenti Trampdan başqa heç kimə sərf etmir. Trampa da ona görə sərf edir ki, o, tərəflərə müraciət edəcək, onsuz da böyük müharibəyə həvəsli olmayan tərəflər atəşkəs razılaşmasına gedəcəklər, nəticədə Tramp deyəcək ki, “daha bir müharibəni dayandırdım”.

Araz Altaylı, Musavat.com


Geri qayıt