Əsas Səhifə > Güney Press > Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdirBu gün, 09:52 |
Millət vəkilləri telekanallarda həkimlərin reklamına qarşı çıxıb. Yaxşı həkimin reklama ehtiyacı olmadığını qeyd edən millət vəkilləri Azərbaycanda həkim reklamının qadağan olunmasını təklif edib. Milli Məclisin yaz sessiyasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, bir sıra televiziya kanallarında şou proqramlarında, tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklam edilməsi göz önündədir: “Reklam edilməsi bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi deontologiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədə kiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur. Ümumiyyətlə, həkimlərin şəxs olaraq reklam edilməsi, dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”. Deputat Aqil Abbas da təklif edib ki, yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” qanuna dəyişikliklər daxil edilsin: "Sovet hökuməti dövründə heç bir həkimi qəzetdə tərifləməyə icazə yox idi. Jurnalistlər həkim haqqında xoş söz yazanda belə onu cəzalandırırdılar. Bu gün televiziyada bütün şou proqramlarda həkimlərin və dərmanların reklamı gedir. Buna bir əncam çəkmək lazımdır. Bu gün hərəsi bir yerdən diplom alanların, gedib Harvardda filan kurs keçənlərin reklamı gedir. Bu dərəcədə həkim reklamı düzgün deyil. “Reklam haqqında” qanuna yenidən baxılsın. Bu, televiziyalara böyük ziyan vuracaq. Çünki özəl kanallar arvad davası və həkim, dərman reklamı ilə dolanır”. Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, həkimlərin efirdə reklamına məhdudiyyət yoxdur. Qanunvericilikdə bu məsələ "Reklam haqqında" qanunun 29-cu maddəsi ilə tənzimlənir: "Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı" ilə bağlı maddədə qeyd edilib ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Buraya donor orqanların reklamı da aiddir. Həmçinin kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir". Göründüyü kimi, qanunvericilik həkimlərin efirlərdə reklamını qadağan etmir. Tibb elmləri doktoru, professor Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında dünyanın hər yerində həkimlərin reklamının birmənalı olaraq qadağan olduğunu deyib: “İnsanların sağlamlığı məsələsi milli strateji məsələdir. Amma bu gün həkimlər televiziyaya çıxıb özünü reklam edirlər. Televiziyalarda danışan həkimlər haqqında neqativ fikirlər demək istəmirəm. Kimin kim olması hər kəsə bəllidir. Biz onların istedadına da, gücünə də bələdik. Çox təəssüflər olsun ki, "N1” adlandırılan həkimlər savadına görə axırıncı sıralarda dayanan insanlardır. Kanallarda reklamı aparılan, özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan, anatomiyadan xəbəri olmayan şəxslərdir. Təəssüf ki, camaat buna inanır və reklama uyur. Reklamı güclü gedən həkimə tələbat artır və bu da həmin həkimi məşhurlaşdırır, qəbul qiymətini artırır. Bizim millət belə reklamlara, qəbulu baha olan həkimə daha çox inanıb etibar edir. Hansısa həkim çıxıb deyir ki, bu mənim öz müalicə üsulumdur. Sən kimsən axı, öz üsulun da ola?! Həkim hər hansı xəstəlikdən danışa, onun müalicə prosesindən çəkiliş edə bilərlər. Amma onları efirə çıxardıb pul xatirinə reklam etmək insanların sağlamlığına da təhdiddir. Müalicə metodunun reklamı ayrıdır, bu, informasiya xarakterlidir. Ancaq bu həkimə gəlin, bu, respublikada bir nömrəli ginekoloqdur, nə bilim, qulaq həkimidir... Belə reklam biabırçılıqdır. Bilinir ki, söhbət nədən gedir". İcbari tibbi sığortanın həkimlə xəstə arasında münasibətləri tənzimləyən sistem olduğunu xatırladan həkim deyib ki, bütün həkimlər növbəli şəkildə xəstələrə baxsa, bir sıra həkimlərin reklamına ehtiyac qalmayacaq. Bu sahədəki problemləri görmək lazımdır, bununla bağlı məsələlər müzakirə olunmalıdır. Geri qayıt |