Əsas Səhifə > Güney Press > Kiçik görünən böyük səhvlərimiz
Kiçik görünən böyük səhvlərimiz15-10-2024, 10:46 |
Ölkənin populyar xəbər portallarından birində bu səhər yenə də oxuyuram: "Azərbaycanla Naxçıvanı birləşdirən "Zəngəzur dəhlizi"..." Bəlkə Naxçıvan Muxtar Respublikası Azərbaycandan ayrılıb öz müstəqilliyini elan edib, xəbərimiz yoxdur?! Bu boyda yanlış olar? "Azərbaycanla Naxçıvanı birləşdirən" yox, "Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını əlaqələndirən" yazmaq lazımdır. Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birləşməyə ehtiyacı yoxdur; onsuz da onlar bir bütövün hissələridirlər. Diqqət etdinizsə, bu kontekstdə "Naxçıvan" deyil, "Naxçıvan Muxtar Respublikası" yazıram. Çünki Naxçıvan deyəndə Muxtar Respublikanın mərkəzi şəhəri başa düşülə bilər. "Azərbaycanla Naxçıvan arasında", "Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında" ifadələrini leksikondan, mediadan çıxarmaq lazımdır. Bu, Naxçıvan Muxtar Respublikasının sanki Azərbaycandan ayrı, müstəqil subyekt olması assosiasiyası - yanlış təsəvvür yaradır. Azərbaycan mediasını ölkə xaricində də izləyirlər. İndi bu, çox asanlaşıb; tərcümə proqramları var və sair. Ölkənin hansısa bir hissəsini əsas hissədən ayrı düşünmək belə olmaz, nəinki o yanlışı mediaya daşımaq və tirajlamaq. Təkcə bu da deyil. Hələ də "Dağlıq Qarabağ" ifadəsindən əl çəkmirik. Təbii ki, istəmədən olur bunlar. Ancaq ciddi səhvlərdir. "Dağlıq Qarabağ" deyilən bir coğrafi məkan yoxdur. Naxçıvan Muxtar Respublikasının bir hissəsi dağlıq ərazilərdir. Biz "Dağlıq Naxçıvan" ifadəsini işlədirikmi?! Xeyr! Qarabağ deyə tarixi-coğrafi anlayış var. Aranı və dağı ilə birlikdə. İşğaldan azad olunmuş ərazilərdən danışarkən Qarabağ və Şərqi Zəngəzur nəzərdə tutulur. Çünki Azərbaycanın iqtisadi rayonlaşmasında bu cürdür. Eyni zamanda indiki Ermənistan ərazisindəki Azərbaycan, türk toponimlərini də unutmaq olmaz. Artıq xeyli müddətdir ki, Ermənistanın paytaxtını "Yerevan" yazmırıq, çünki bu, tarixi Azərbaycan şəhəri İrəvandır. Qərbi Azərbaycandakı başqa tarixi türk toponimləri də İrəvan kimi daim dilimizdə olmalıdır. Tez-tez işlətməliyik. İrəvan demişkən, hələ də mediamızda və ictimai-siyasi leksikonda qalmaqda davam edən bir yanlışımız da var. Bu, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı rəsmi Bakının tələbi haqdadır. Hələ də tez-tez eşidirik, yaxud oxuyuruq: "Ermənistan Konstitusiyasını dəyişməlidir". Xeyr! Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir. Azərbaycan Ermənistandan Konstitusiyasını dəyişməyi tələb etmir, dəyişikliklər etməyi tələb edir. Bunlar fərqli şeylərdir. Azərbaycanın nəyinə lazımdır, Ermənistan yeni Konstitusiya qəbul edəcək, ya yox?! Bizə lazım olan indiki Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların, maddələrin ordan çıxarılmasıdır. Bunun adı "Konstitusiyanı dəyişmək" deyil, "Konstitusiyada dəyişiklik etməkdir" (Bu haqda artıq bir dəfə yazmışdım, ancaq, xüsusilə, telekanallarda tez-tez bu məsələdə yanlış davam edir). Bütün bunlar bəlkə kiməsə adi görünə bilər. Ancaq mahiyyətinə varanda, görürsən, çox ciddi nəticələr doğura bilən yanlışlardır. Xatırlayaq, Hindistan Azadlıq Hərəkatının lideri, dünyaca məşhur siyasətçi və fikir adamı Mahatma Qandi müdrikcəsinə demişdi: “Düşüncələrinizə diqqət edin, duyğularınıza çevrilər. Duyğularınıza diqqət edin, davranışlarınıza çevrilər. Davranışlarınıza diqqət edin, vərdişlərinizə çevrilər. Vərdişlərinizə diqqət edin, dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin, xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin, taleyinizə çevrilər...” Qandi necə də doğru ifadə edib! Biz də buna görə yazının əvvəlində demişdik: hətta düşüncəmizdə belə ölkənin bir hissəsini əsas hissədən - ana torpaqdan ayırmayaq. O da ola əsas ərazi ilə hələlik quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası... Diqqətli olmaq lazımdır. Mahatma Qandinin də dediyi kimi, insanın öz yanlışları bəzən özünün taleyinə çevrilə bilir. Allah qorusun! Bahəddin Həzi, Bizimyol.info Geri qayıt |