Əsas Səhifə > Güney Press > Suyun qiyməti bahalaşacaq?

Suyun qiyməti bahalaşacaq?


15-10-2024, 14:00
Suyun qiyməti bahalaşacaq?
"Azərbaycanda suyun tarifinin diferensiallaşması təkcə suyun qiymətinin artacağı anlamına gəlməməlidir. Su tariflərinin diferensiallaşdırılması zamanı bəzi bölgələrdə suyun qiyməti ucuzlaşa da bilər".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası dosenti Fərzəli Həsənov söyləyib.
Qeyd edək ki, Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq. Bu, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da əksini tapıb. Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır. Bunun üçün "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları"nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Beləliklə, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin diferensiallaşdırılması və pilot layihə çərçivəsində tətbiqi təmin olunacaq. Yekunda ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin tətbiqinə keçid və diferensiallaşdırılmış tarif siyasətinin regional miqyasda tətbiqi üzrə sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi və tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq.
Ekspertin qənaətinə görə, su tarifinin diferensiallaşdırılması dünyada mövcud olan praktikadır.

F.Həsənov bildirib ki, su mənbələrinə yaxın yerlərdə suyun qiyməti baha olmamalıdır. Dosentin sözlərinə görə, su mənbələrinə yaxın yerlərdə suyun qiyməti Bakı və Abşerondan ucuz olmalıdır.
"Suyun düzgün diferensiallaşdırılmasının arxasında duran məsələ ondan ibarətdir ki, əhali ölkənin müxtəlif yerlərində içməli su mənbələrinə yaxın və ya aralı yaşayır. Onlara suyun çatdırılmasının maya dəyəri də müxtəlifdir. Suyun maya dəyəri Bakı və Abşerona çatdırılana qədər kəskin artır. Abşeronda su mənbəyi yoxdur. Su Bakı və Abşerona bölgələrdən gətirilir. Ona görə də, suyun daşınma xərci hesablanmalıdır. Kürdən gətirilən su Bakı və Abşeronda əhaliyə verilməzdən öncə həm də təmizlənməlidir. Suyun süzgəcdən keçirilməsinə də xeyli vəsait xərclənir. Amma məsələn, Cəbrayılda, Füzulidə yerdən çıxan suyun, kəhrizlərdən gələn suyun təmizləməsinə ehtiyac yoxdur. Həmin suyu birbaşa əhaliyə vermək olar. Ona görə də su mənbələrinə yaxın yerlərlə müqayisədə uzaq yerlərdə su tarifləri fərqli olmalıdır. Bu Türkiyədə də belədir", deyə F. Həsənov bildirib.
Həmsöhbətimiz bildirib ki, su resurslarına yaxın olan yerlərdə yaşayanlar suya yüksək qiymət ödəməsi doğru deyil.
İqtisadçı Natiq Cəfərli isə bu qənaətdədir ki, ölkəmizdə tariflərlə bağlı istənilən dəyişikliklər mütləq şəkildə qiymətlərin artmasına gətirib çıxarır.
"Azərbaycanda onsuz da suyun qiyməti çox bahadır. Yeni yanaşma tətbiq olunacaqsa, sözsüz ki, bu qiymət artımına səbəb olacaq. Su tarifləri diferensiallaşdırılarkən qiymət bəzi yerlərdə bahalaşdırıla və ucuzlaşdıra bilər. Ancaq bu barədə hələ ki, məlumat yoxdur. Dünyada suyun qiymətinə fərqli tariflər tətbiq edilir. Amma bu zaman operatorlar fərqli olur. Dövlət topdansatışla məşğul olur. Suyun vətəndaşlara çatdırılması ilə isə özəl yerli şirkətlər məşğul olur. Müqavilələr də əhali ilə fərdi qaydada bağlanır. Buna görə də vətəndaşların suyun keyfiyyətli verilməsini həmin şirkətlərdən tələb etmək hüququ yaranır. Hazırda xüsusilə Bakı və paytaxt ətrafında suyun kəsilərək günlərlə verilməməsi hallarına tez-tez rast gəlinir. Vətəndaşlar dövlətdən suyu tələb etdikdə müxtəlif bəhanələr gətirilir. İnsanlar günlərlə hansısa borunun təmir olunmasını gözləyərək susuz qalır. Amma su özəl şirkətlər vasitəsilə əhaliyə satıldıqda, vətəndaş həmin operator şirkətdən müqaviləyə əsasən dayanıqlı və fasiləsiz su verilməsini tələb edə bilir. Supaylayıcı şirkətlərin üzərinə birbaşa məsuliyyət qoyulur", - deyə Natiq Cəfərli bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov isə bu qənaətdədir ki, su tarifinin regiona yox, vaxta bağlı olması daha məqsədəuyğundur.
"Suyun fərqli tarifi məhsulun maya dəyərinə təsir edəcək. Vaxta görə suyun fərqli tarifi daha məqsədəuyğundur. Suyun qiyməti qışda ucuz, yayda baha ola bilər. Su tariflərinin diferensiallaşdırılması suya qənaət imkanı yaradacaq. Fermerlər su itkilərini azaltmaq üçün daha müasir suvarma üsullarına keçə bilərlər", - Rövşən Abbasov söyləyib.

Geri qayıt