Əsas Səhifə > Güney Press > İran niyə narahatdır?

İran niyə narahatdır?


4-09-2024, 17:50
İran niyə narahatdır?
İran Rusiyanı Azərbaycanın Ermənistan üzərindən Zəngəzur nəqliyyat dəhlizini açmaqla Naxçıvan anklavına maneəsiz çıxış əldə etmək tələbini dəstəklədiyinə görə tənqid edib. İranın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını faktiki kəsəcək.
Xatırladaq ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. Görüşdə İranın “Qafqazda istənilən geosiyasi dəyişikliyə” qarşı olduğunu bildirib. Görüşdə tanınmış beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərə qarşı çıxmaq, eləcə də bütün region ölkələrinin qanuni maraqlarını və narahatlıqlarını nəzərə almağın zəruriliyi vurğulanıb.

Biz uzun illərdir ki, İranın Ermənistan "sevgi"sinə şahidik. Buna Birinci və İkinci Qarabağ müharibələrində əyani şəkildə şahid olmuşuq. Bu "sevgi" nədən qaynaqlanır?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran və Rusiya müttəfiq dövlətlər olsalar da, hər ikisinin imperial maraqları və ambisiyalarından yaranan qarşıdurmalar, anlaşmazlıqlar mövcuddur. Elə buna görədir ki, artıq 20 ildən çoxdur Rusiya və İran arasında yeni “hərtərəfli əməkdaşlıq” (ing.- comprehensive agreement) sazişi imzalanmır.

Ekspert vurğulayıb ki, iki tərəfin anlaşmadığı mövzular arasında Körfəz mövzusu qeyd oluna bilər: “Məsələn, 2023-cü ilin dekabrında Rusiyanın Körfəz ölkələri ilə imzaladığı birgə bəyanat və İranın BƏƏ ilə mübahisəli adaları mövzusunda Rusiyanın vasitəçilik təklifi İranda mənfi qarşılanmışdı. İran və Rusiya arasında razılaşdırıla bilməyən mövzulardan biri də Cənubi Qafqazın status-kvosu ilə əlaqədardır. Bilirik ki, İran Azərbaycanın bölgədə irəliləyişinin öz maraqlarını təhdid etdiyini düşündüyünə görə 44 günlük Vətən müharibəsindən bəri ölkəmizlə siyasi-diplomatik böhranlar yaşadı, hətta sərhəd təlimləri ilə gövdə göstərisi etdi. Hazırda biz bu münasibətləri, o cümlədən Tehrandakı səfirliyimizi bərpa etmişik”.

Şəhla Cəlilzadə qeyd edib ki, 2022-ci ilin 11 martında Azərbaycan və İran arasında imzalanan anlaşma memorandumu Azərbaycan və Naxçıvan arasında yolun Şərqi Zəngəzur ərazisindən, İran vasitəsilə keçəcəyinin bəyanı idi.

“6 oktyabr 2023-cü ildə isə daha bir sənəd imzaladıq ki, bununla da Zəngilanın (yəni, Şərqi Zəngəzurun) Ağbənd qəsəbəsində İranla avtomobil yolu körpüsünün, gömrük-sərhəd infrastrukturunun təməli qoyuldu. Həmin dövrdə Hikmət Hacıyev “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün cəlbedici deyil, biz İradan keçən marşruta üstünlük veririk” deyə açıqlama verdi. Ötən ay Azərbaycan Ermənistanla sülh müqaviləsinin şərtləri arasından Zəngəzur dəhlizi məsələsi çıxarıldı və bu məsələnin müzakirəsi sülh müqaviləsindən sonrakı danışıqlar mərhələsinə saxlanıldı. Yəni, Azərbaycan, Ermənistan və İran bu məsələdə artıq anlaşmışkən Rusiyanın dövlət başçısı Putinin və xarici işlər naziri Lavrovun timsalında Zəngəzur dəhlizini təkrar gündəmə gətirməsi, təbii olaraq İranı qıcıqlandırır”-deyən politoloq hesab edir ki, bu, onların əsas ehtiyat etdiyi bir neçə məsələ ilə əlaqədardır. Belə ki, birincisi İran Azərbaycanın Naxçıvanla əlaqəsində nəzarət funksiyasını və əlaqədar gəlirlərini itirmək istəmir; ikincisi İran Ermənistanla sərhəddində xarici güclərin, o cümlədən Azərbaycanın, Türkiyə və Rusiyanın nəzarət imkanları əldə etməsini istəmir; üçüncüsü Zəngəzur dəhlizi Türkiyəni Mərkəzi Asiyanın türk dövlətləri ilə birləşdirəcəyi üçün İranda “Türk yolu” olaraq algılanır və buna təhdid yaradan amil olaraq baxılır; dördüncüsü bu dəhlizin açılmasında həm də Qərb maraqlıdır.

“ABŞ Dövlət katibinin köməkçisinin 2023-cü ilin noybardın Bakıya səfərində səsləndirdiyi fikirləri xatırlamaq olar. O, Azərbaycanla Naxçıvan arasında əlaqənin İran deyil, Ermənistan üzərindən həyata keçirilməsinə üstünlük verildiyini, dolayısıyla Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın maraqlı olduğunu bəyan edirdi. Beləliklə, Ermənistandan keçən, yəni Qərbi Zəngəzurdan keçən dəhlizin açılması həm də o deməkdir ki, qlobal nəqliyyat-logistika zəncirində İranın çıxdaş edilməsi ilə nəticələnə bilər. Bütün bunları nəzərə alaraq İranın qayğıları anlaşılandır. Bu, nə İranın “erməni sevgisi”, nə də Azərbaycana qarşı qərəzi deyil, birbaşa olaraq onun maraqlarının təmin olunub-olunmaması ilə bağlı strateji məsələdir, lakin həm də Azərbaycan milli maraqlarının təmin olunmasına ziddir”-deyən Şəhla Cəlilzadə xatırladıb ki, Paşinyan da “Sülh Kəsişməsi” layihəsini təqdim edib. Burada Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı Şimal-Cənub dəhlizinin Ermənistanı İran və Hindistan ilə bağlaması, o cümlədən Körfəz və Qara dəniz arasında Ermənistanın keçid rolu təqdim olunur.

Şəhla Cəlilzadə vurğulayıb ki, Şimal-Cənub dəhlizinin dəmiryol xətti Azərbaycan ərazisindən keçir və bu istiqamətdə müvafiq işlər artıq görülür: “Ermənistan və İran iki ölkə arasında qlobal dəhliz yaradacaq avtomobil yolunun inkişafında maraqlıdır. Bu yolun inkişaf etdirilməsinə həm İran, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı ciddi dəstək olur. Təbii olaraq bu dəstəyin alınmasında Ermənistanın Qərbyönümlü siyasətinin mühüm təsiri olduğu söylənə bilər. Beləliklə, qlobal müstəvidə maraqların mübarizəsi gedir və hansı layihənin ilkin və ön plana çıxacağı hansı qlobal gücün maraqların toqquşmasında daha üstün olacağı ilə əlaqədardır”.

Geri qayıt