
Fevralın 24-dən etibarən “BBC”, “Rossiya Segodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəlikləri, “Amerikanın Səsi” radiosunun isə müxbir akkreditasiyası ləğv edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli mətbuatın sorğusuna cavabda bildirib ki, nümayəndəlikləri ləğv edilən media qurumları yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər.
A.Hacızadə qeyd edib ki, “Sputnik Azərbaycan” “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur. 2015-ci ilin may ayında Azərbaycanda fəaliyyətə başlayan bu agentlik ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.
2025-ci ilin fevral ayında yayılan məlumatlara görə, “Sputnik Azərbaycan”ın Bakıdakı nümayəndəliyinin bağlanması və ya əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılıb. Bu qərarın Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin qarşılıqlı təmsilçiliyindəki uyğunsuzluğun aradan qaldırılması məqsədilə alındığı bildirilir.
“Amerikanın səsi” (Voice of America) isə ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş beynəlxalq multimedia xəbər agentliyidir. 1942-ci ildən fəaliyyət göstərən bu təşkilat 40-dan çox dildə, o cümlədən Azərbaycan dilində xəbərlər, reportajlar və analitik materiallar təqdim edir. Xatırladaq ki, ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və məşhur sahibkar İlon Mask "AzadlıqRadiosu" və “Amerikanın səsi”nin bağlanmasını təklif edib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ayxan Hacızadə fevralın 20-də açıqlamasında bildirib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin “BBC” tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı “BBC”nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir:
“BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə 13 fevral tarixində Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz tam şəkildə qarşı tərəfə izah olunub. Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılmış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb. Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının "BBC" yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub. Xatırlatmaq istərdik ki, oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib".
Mövzunu “Yeni Müsavat”a şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli diqqətə çatdırdı ki, atılan addımlar ölkə qanunvericiliyinə uyğundur. Deputat qeyd etdi ki, hər hansı media resursunun Azərbaycan ərazisində tam xarici maliyyə ilə fəaliyyət göstərməsi qanunaziddir: “Bu təcrübə təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkəsində tətbiq olunmur. Hər bir ölkə özünün informasiya məkanının təhlükəsizliyini qorumaq üçün çalışır. Bu, müasir dövrdə vacib faktlardan biridir. "Rossiya Seqodnya"nın (“Sputnik-Azərbaycan) və "Amerikanın səsi"nin nümayəndəlikləri Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərirdi. Müəyyən informasiya verilirdi, amma alt qatda, ideoloji zəmində yayılan məlumatlar, hazırlanan süjetlər, reportajlar Azərbaycanın ictimai rəyinə zəhər səpməklə məşğul idi. Sözügedən media resurslarının ölkəmizə hər hansı formada fayda verdiyinin şahidi olmamışıq. Hər bir halda atılan addımları hüquqi müstəvidə dəyərləndirmək lazımdır. Adıçəkilən media resursları Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməklə öz bürolarını saxlaya bilərlər. Azərbaycanın başqa ölkələrdəki bürolarında neçə işçi varsa, xarici resursların da ölkəmizdə eyni sayda işçisi olmalıdır. Lakin təsisat, media resursu, subyekt olaraq fəaliyyəti ölkə qanunvericiliyinə ziddir".
E.Mirzəbəylinin fikrincə, proseslə bağlı hüquqi zəmində əks-mövqedən söhbət gedə bilməz: “Azərbaycan resursları hər hansı xarici ölkədə qanunvericiliyə zidd şəkildə fəaliyyət göstərmirlər. Bu günə qədər belə bir presedent olmayıb. Xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv edildi. Həmin vaxt bu addım Rusiyada mədəni icmaların qanunauyğun şəkildə formalaşdırılması əsas götürülərək atılmışdı. Daha sonra təsisat Rusiyanın yeni qanunvericiliyinə uyğun olaraq formalaşdırıldı. O zaman Rusiyaya bununla bağlı irad bildirən olmamışdı. Eyni hüquqi addımlar da Azərbaycan tərəfindən atılır. Digər tərəfdən, ölkənin ictimai rəydə "Rossiya seqodnya"ya münasibətin necə olduğunu hər kəs bilir. Azərbaycanda o resursun fəaliyyətinə heç kim inanmırdı. Bir media resursunun ki, başında Marqarita Simonyan dayanır, onun ölkəmizdə fəaliyyət göstərməsi nonsensdir. Bu baxımdan ölkənin ictimai rəyinin nəzərə alınmasını zəruri hesab edirəm".