“ABŞ Prezidenti Co Bayden ABŞ-də “TikTok” sosial şəbəkəsini bloklamaq üçün addım atmayacaq, video xidmətin taleyini yeni seçilmiş prezident Donald Trampın administrasiyası həll edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə adı açıqlanmayan rəsmiyə istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Agentlik izah edir ki, Baydenin vəzifədən getməsinə üç gün qalmış onun administrasiyası yeni qanunun “TikTok”a tətbiqi problemini və sosial şəbəkənin mümkün bloklanması problemini Trampın administrasiyasına buraxmaq qərarına gəlib.
Qeyd edək ki, “TikTok”un mümkün bloklanması məsələsi son günlər ABŞ-də aktiv şəkildə müzakirə olunur, çünki 2024-cü ildə qəbul edilmiş qanuna görə, bu, yanvarın 19-da baş verməlidir. Trampın andiçmə mərasimi elə ertəsi gün baş tutacaq. Əvvəllər Çin sosial şəbəkəsinə düşmən münasibət bəsləyən respublikaçı uğurlu prezidentlik kampaniyasından sonra platformanın pərəstişkarına çevrilib.
Agentlik qeyd edir ki, “TikTok”un baş direktoru Çu Şou Tzu Trampın andiçmə mərasiminə dəvət olunub ki, bu da seçilmiş prezidentin komandasının ölkədə sosial şəbəkənin fəaliyyətini təmin etmək üçün həll yolu tapmağa hazır olduğunu göstərə bilər.