Uzunmüddətli demoqrafik böhran şəraitində Rusiya prezidenti Vladimir Putin 2024-cü ili "Ailə İli" elan etdi. İl ərzində hazırlanmış və ya qəbul edilmiş qanunlar abort, boşanma və "uşaqsızlıq təbliğatı"na qarşı yönəlib.
Rusiyada abort üçün tibbi klinikalara müraciət edən qadınlar bildirirlər ki, indi onlara abortdan imtina etmələri üçün məsləhətlər verilir və ya prosedur saxta bəhanələrlə dəfələrlə gecikdirilir.
Dövlətin ailəyə yönəlik vurğusuna baxmayaraq, istehlakçı məlumatları göstərir ki, 2024-cü ilin ilk yarısında Rusiyada prezervativ tələbatı son beş ilin ən yüksək səviyyəsinə çatıb.
Prezident V. Putinin 2024-cü ili "Ailə İli" elan etməsi ilə qanunvericilər və regional hökumətlər üzərində əlavə addımlar atmaq üçün ciddi təzyiq yaranıb. Onlar da, öz növbəsində, bu gözləntiləri boşa çıxarmayıb.
Abortlara qarşı güclənən kampaniyalar, məktəblilər üçün yeni "ailəşünaslıq" dərsləri və boşanma prosesini çətinləşdirən yeni tələblərlə ötən il Rusiya "ənənəvi ailə dəyərləri" uğrunda mübarizədə yeni sahələrə qədəm qoyub.
Abort əleyhinə kampaniya
Ukraynada apardığı müharibənin gətirdiyi böyük itkilərlə daha da kəskinləşən və artıq onilliklərdir davam edən demoqrafik böhran fonunda Rusiya hökuməti "uşaq bumu"na ehtiyac duyur.
2024-cü ilin ilk yarısında doğum nisbətləri 1999-cu ildəki səviyyədən də aşağı düşüb. 1999-cu il Rusiyanın demoqrafik tənəzzülünün ən dərin nöqtəsi hesab edilir.
Rusiya uzun müddətdir ki, vətəndaşları daha çox övlad sahibi olmağa təşviq üçün maddi stimullardan istifadə edir. Keçən il bu səylər daha da gücləndi. Belə ki, 2024-cü ildə regional hökumətlər yaşı 24-dən az olan analar üçün müxtəlif məbləğlərdə nağd yardımlar ayıraraq doğum nisbətini artırmaq səylərini intensivləşdirdi. Çelyabinsk bölgəsində isə tələbə cütlüklərə, hər iki tərəf həmin regionun ali təhsil müəssisəsində təhsil aldığı halda, 1 milyon rubl (10 min ABŞ dolları) məbləğində müavinət almaq hüququ verildi.
Bununla belə, hökumət "təşviq vasitələri" ilə yanaşı, daha sərt "məcburiyyət alətləri"nə də əl atıb. Son aylarda Rusiyanın ondan çox regionunda "abort məcburiyyəti"nə qarşı qanunlar qəbul edilib. Bu qanunlara əsasən, hamilə qadınları aborta məcbur etməkdə təqsirli bilinən həkimlər və ya işəgötürənlər 100 min rubla (1000 ABŞ dolları) qədər cərimə oluna bilərlər.
Lakin insan hüquqları müdafiəçiləri xəbərdarlıq edir ki, indi tam əks proses baş verir. Abort üçün tibb müəssisələrinə müraciət edən qadınlar ya abortu etməməyə yönəlik məsləhətlər alır, ya da prosedur saxta səbəblərlə gecikdirilir.
Bununla yanaşı, hökumət idarələrində və dövlət universitetlərində abort əleyhinə mesajların yayılması genişləndirilib. 2024-cü ilin noyabrında Rus Pravoslav Kilsəsinə bağlı bir kanalın istehsal etdiyi, abort əleyhinə təbliğat mesajları verən film nümayiş etdirilməyə başlanıb. Məktəblilər, universitet tələbələri və dövlət qulluqçuları üçün bu filmin xüsusi nümayişləri təşkil olunub.
Hazırda bir çox rusiyalı Dövlət Dumasının Ailə Müdafiəsi Komitəsinin sədri Nina Ostaninanın "xüsusi demoqrafik əməliyyat" adlandırdığı hökumət təşəbbüsünün faktiki olaraq ölkədə abortun tam qadağan edilməsi ilə nəticələnəcəyindən narahatdır.
2024-cü ildə qanunvericilər "doğuşdan əvvəl və sonra" hüquq anlayışını "Rusiya Federasiyasında sağlamlığın qorunmasının əsasları haqqında" qanuna əlavə etdilər.
"Uşaqsızlıq təbliğatı"na qarşı mübarizə
Digər bir cəbhədə mübarizə aparan Rusiya Dövlət Duması 2024-cü ilin noyabrında qanun qəbul edərək "könüllü" uşaqsızlığın təbliğinə görə cəzalar müəyyən edib. Uşaqsızlığın müsbət tərəflərini təbliğ edən təşkilatlar 45 min ABŞ dolları, fərdlər isə 4 min ABŞ dolları miqdarında cərimələnə bilər.
Yeni qanun 2022-ci ildə qəbul edilən "LGBT təbliğatı"nın qadağan edilməsi ilə bağlı olan qanunla oxşar olub. Bu qanun 2013-cü ildə "ənənəvi ailə dəyərləri"ni təşviq edən qanunun əsasında qəbul edilmişdi.
Bundan başqa, ötən ilin martında Rusiya əslində mövcud olmayan "beynəlxalq LGBT sosial hərəkatı və onun struktur bölmələri"ni ekstremist təşkilatların siyahısına daxil edib.
Boşanmaların qarşısının alınması
Doğum səviyyələrinin azalması fonunda boşanma halları da artmaqdadır. Dövlət tərəfindən dəstəklənən Rusiya İctimai Rəyi Araşdırma Mərkəzinin (VTsIOM) məsləhətçisi Yelena Mixaylova bildirib ki, 2024-cü ildə hər 10 yeni nikaha 8 boşanma qeydə alınıb.
2024-cü ilin sentyabrında hakim "Vahid Rusiya" Partiyasından olan bir millət vəkili Dövlət Dumasına qanun layihəsi təqdim edib. Bu qanun layihəsinə əsasən, boşanmaq istəyən cütlüklərə məhkəmələr tərəfindən barışıq üçün üç aylıq müddət verilməsi və hər iki tərəfin məcburi psixoloji məsləhətləşmələrdən keçməsi tələb olunacaq.
Əgər qanun qəbul edilərsə, azyaşlı uşaqları olan və ya tərəflərdən birinin evliliyi qorumaq, digərinin isə boşanmaq istədiyi hallarda cütlüklər məcburi "yenidən tərbiyə" prosesindən keçməli olacaqlar.
Qanun layihəsinin bu hissəsi xüsusilə məişət zorakılığı qurbanları üçün ciddi təhlükə yaradır. Rusiyada məişət zorakılığı geniş yayılmış problem olaraq qalır və 2017-ci ildə qismən dekriminallaşdırılıb. Qadın QHT-ləri Konsorsiumunun araşdırmalarına görə, 2022–2023-cü illərdə ən azı 2 min 284 qadın məişət zorakılığı nəticəsində həyatını itirib. Onların 93 faizi partnyorları tərəfindən öldürülüb.
Vətənpərvərlik təhsili
Bu arada, "ənənəvi ailə dəyərləri"nin təşviqi artıq Rusiya məktəblərinə də yol tapıb. 2024-cü ilin sentyabrından başlayaraq məktəblərdə "Ailəşünaslıq" adlı yeni bir fənnin tədrisinə başlanılıb. Bu fənnin məqsədi uşaqlara ailənin hər bir dövlətin təməli olduğunu öyrətməkdir. Lakin məlumatlar göstərir ki, rusiyalılar ailə planlaması məsələsində ehtiyatı əldən verməyə tələsmirlər. "Vedomosti" biznes qəzeti bildirir ki, 2024-cü ilin birinci yarısında rusiyalılar kontraseptivlər almaq üçün apteklərə axın edib və bunun üçün 19.3 milyard rubl (təxminən 177 milyon dollar) xərcləyiblər. Bu rəqəm Rusiyada son beş ilin rekordudur.
Mənbə: Azadlıq Radiosu