Azərbaycanın istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb. Ötən il ərzində ölkəmizdən ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,4 milyon dollar dəyərində 146 min ton pomidor ixrac edilib. 2023-cü illə müqayisədə keçən il pomidor ixracı miqdar ifadəsində 3,6%, dəyər ifadəsində 8,3% artıb.
Qeyd edilib ki, kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir: "Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir. İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir".
"Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur", deyə məlumatda vurğulanıb.
18 min hektara yaxın ərazidə pomidor becərilir
Qeyd edək ki, tərkibi vitaminlərlə zəngin olan, olduqca faydalı bitki sayılan pomidor Azərbaycanın kənd təsərrüfatında xüsusi yeri tutur. Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür. Bu bitki təkcə vitaminlərlə qiymətli deyil. Artaq bir neçə ildir ki, pomidor Azərbaycandan xaricə ixrac olunan qeyri-neft məhsulları siyahısında əsas yerlərdən birini tutur. Pomidor ixracı Azərbaycanda kənd təsərrüfatının sabit gəlirli sahəsi hesab olunur. Respublikada pomidor məhsuluna olan təlabat tam ödənilir.
Ekspertlər nə deyirlər?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan pomidoru əsasən Rusiya və Belarusa ixrac edir:
"Məhsulumuz rahat şəkildə Rusiya və Belarus bazarlarına çıxır. Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb. Həm ixrac qiymətində bahalaşma, həm də ixrac miqdarının artması gəlirlərin yüksəlməsinə səbəb olub. Xaricdə pomidorun bahalaşması, ixrac qiymətinin artması sahibkarlarımızı ixraca təşviq edir. Bu zaman sahibkar maraqlı olur ki, böyük miqdarda məhsul ixrac etsin".
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov da Sputnik Azərbaycan-a bildirib ki, ixracın artması bazarın tələbidir. Rusiya bazarında Azərbaycan pomidoruna tələb artıb. Bu məsələni bazar tənzimləyir.
Qeyd edək ki, keçən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 10 ayında Azərbaycanın cəmi pomidor ixracının 98,6%-i Rusiyanın payına düşüb. Komitə bu istiqamətdə 12 aylıq məlumatları hələlik açıqlamayıb.
Pomidor sığortalanan bitkilər siyahısına daxil edilib
Pomidor iqtisadi cəhətdən sərfəli, gəlirli bitki olsa da, çoxsaylı risklərə qarşı həssasdır və xüsusi qulluq tələb edir. Bu səbəbdən pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib. Pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, sel-subasma və s. qoruya bilərlər. Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər. Məsələn, Salyan rayonunda 1000 manatlıq pomidor əkininin sığortalanması üzrə sığorta haqqı 20,2 manat təşkil edir. Bu məbləğin yarısını dövlət, qalan 10,1 manat sığorta haqqını isə fermer ödəyir. Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir.
Xatırladaq ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına fitosanitar sertifikatlar verir. Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər.