Həkimin cərrahiyyə əməliyyatı otağında, həm də iş başında ad gününü qeyd etməsi pasiyentin sağlamlığını riskə atmaq və peşə etikasının kobud şəkildə pozulmasıdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Həkimlər İctimai Birliyinin sədr müavini, radioloq həkim Aydın Əliyev söyləyib. Qeyd edək ki, Bakıda özəl klinikalardan birində cərrah öz ad gününü əməliyyat otağında, iş başında qeyd etməsinin görüntülərini paylaşıb. Məlumata görə, hadisə "German Hospital"da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrahı, mama-ginekoloq Ləman Əliyeva olub. Ləman Əliyeva mətbuata açıqlamasında bildirib ki, doğum gününü qeyd etdikdə artıq əməliyyat başa çatıb: "Həmin şəxslər otağa daxil olarkən xəstənin tikişləri qoyulmuşdu. Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları da sanitar geyimdə idilər".
Artıq əməliyyat zamanı doğum gününü qeyd edən həkimlə bağlı araşdırmalara başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mətbuat katibi Mətin Məcidli bildirib. O, deyib ki, faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. "Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək."- M.Məcidli əlavə edib. Aydın Əliyev isə bildirib ki, həkim aseptika və antiseptika qaydalarını pozub: "Cərrahiyyə əməliyyatının aparıldığı otaq, steril olmalıdır. Əməliyyatxanada aseptika – yaraya infeksiya düşməməsi məqsədilə profilaktika qaydası kobud şəkilə pozulub. Həmçinin antiseptika – infeksiyalaşmış yaranın birincili cərrahi işlənməsi tələbi pozulub. Fiziki antiseptika – elə metoddur ki, bu zaman yarada mikrobların artıb çoxalmaması üçün və zəhərli maddələrin sorulub toksiki təsir göstərməməsi üçün şərait yaradılır. Bu zaman hiqroskopik pambıq-tənzif sarğılarının qoyulması, quruducu tamponların, tozların, drenajın və havanın köməyindən istifadə edilir. O videoda açıq şəkildə görünür ki, xəstə əməliyyat masasındadır, otağa bir dəstə tibbi personal daxil olur. Onların çoxunun ağzında və əlində maska yoxdur, üstəlik əllərində telefon var. Həkimlə görüşüb onu təbrik edirlər. Artıq burada yuxarıda sadaladığım aseptika və antiseptika qaydaları pozulmuş sayılır. Cərrahiyyə otağına daxil olanların üzərlərində bakteriya ola bilər. Bu işin bir tərəfi, orada həkim personalının diqqəti yayınır. Heç bir cəhətdən bu düzgün deyil." O, qeyd edib ki, əməliyyat həkim əməliyyatxanadan çıxanda bitmiş sayılır. Ona görə də, həkim yayılmış videoya görə üzr istəməlidir. A.Əliyevin sözlərinə görə, cərrahın pasiyentin görüntülərini icazəsiz paylaşmasına da qanun icazə vermir. Amma bu gün həkimlərin bəziləri özlərini reklam etmək üçün əməliyyat otağından canlı yayım açır, bu da onların reklamına xidmət edir. Bu zaman isə çox vaxt gigiyena qaydaları kobud şəkildə pozulur. "German hospital"ın direktor müavini Səftər Əliyev isə mətbuata açıqlamasında bildirib ki, cərrah mama-ginekoloqu Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırılıb: "Dünən kütləvi informasiya vasitələrində məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradıldı və aparılan araşdırmalardan sonra məlum oldu ki, həmin videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. Dərhal onlar kadrlar şöbəsinə dəvət olundular, izahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı. Yəni bütün bu araşdırmalar tam yekunlaşdırılıb, qərarlar qəbul ediləndən sonra müəyyən olunacaq ki, həkimlə əməkdaşlığımızı davam etdirəcəyik, ya yox."
Buna paralel olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) sözügedən müəssisəyə plandankənar yoxlama açıb. "Biz bütün sənədləri onlara təqdim edəcəyik. Onlar bizim əməkdaşlarla görüşlər keçirdilər, profilaktiki söhbətlər apardılar, nizam-intizam qaydalarının pozulması barədə məlumat verdilər. Artıq növbəti qərarları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qəbul edəcək" - direktor müavini əlavə edib.