“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.
Qəza nəticəsində həyatda qalanlardan biri də Heydər Qədirovdur. O, hazırda Qazaxıstanın xəstəxanasında müalivə alır və tezliklə Azərbaycana gətiriləcək.
Heydər Modern.az-a açıqlamasında Qazaxıstan prokurorluğuna izahat verdiyini bildirib.
"Sadəcə onu demək istərdim ki, Allah ekipaj üzvlərinə rəhmət eləsin. Ona görə ki, özləri ölsə də, sərnişinlərin yarısını sağ-salamat olması üçün əllərindən gələni etdilər", - o, qısa açıqlamasında deyib.