Əsas Səhifə > Partiya, Güney Press > "Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"
"Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"19-05-2018, 09:29 |
Avropa Şurası Parlament Assambleyası komitəsinin “rüşvət qalmaqalı” məsələsini ortaya atıb Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiya tətbiq etməsinin Azərbaycanla Avropa Şurası arasında münasibətlərin kəsilməsinə gətirəcəyi gözlənilmir. Bunu son üç gündə Azərbaycan hakimiyyətinin təmsilçilərinin açıqlamalarına, Milli Məclisdə dünənki müzakirələrdəki çıxışlara əsaslanmaqla söyləyə bilərik. Həm AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həm də digər hakimiyyət təmsilçiləri Azərbaycanın Avropa Şurasında fəaliyyətini davam etdirəcəyini bəyan ediblər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsilçiliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və vaxtilə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən hazırkı prezident İlham Əliyevin əsasını qoyduğu strategiya üzrə davam etdirir. O qeyd edib ki, bu strategiyanın mahiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq siyasətini davam etdirən Ermənistanı ifşa etməkdir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov haqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu, AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək”. Müxalifət düşərgəsindən də Avropa Şurası-Azərbaycan əlaqələri barədə açıqlama gəlib. ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2001-ci ildən Avropa Şurasına daxil olduqdan sonra Azərbaycanda demokratiya sahəsində geriləmə start götürüb: “Azərbaycanda demokratiyanın pik həddi Azərbaycan Avropa Şurasına üzv olduğu ərəfədə olub. Azərbaycanda o dövrdə çoxlu sayda müxalifət mətbuatı olub, müxalifət partiyalarının, QHT-lərin fəaliyyəti üçün imkanlar olub. Avropa Şurasına üzv olduqdan sonra bu vəziyyət mənfi istiqamətdə inkişaf eləməyə başladı. Bunda Avropa Şurasının da məsuliyyəti var. Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib. Nəticədə indiki vəziyyətə gəlib çatmışıq. Avropa Şurasının təmsilçilərinin, müşahidəçilərinin rüşvətə bulaşması Azərbaycandakı proseslərə adekvat münasibət ortaya qoyulmasına imkan verməyib. Nəticədə Azərbaycanın Avropa Şurasına inteqrasiyası ölkəmiz üçün heç bir müsbət nəticələrə gətirib çıxarmayıb. Avropa dövlətləri Azərbaycanda iqtisadi maraqlarını əsas götürdükləri üçün demokratiyanın müdafiəsi üçün heç bir addım atmayıblar. Avropa Şurası da həmin üzv dövlətlərin marağına uyğun davranış nümayiş etdirib. Azərbaycanla münasibətlərdə Avropa dövlətləri dövlət maraqlarını təmin ediblər. Avropalıların demokratiya ilə bağlı məsul şəxsləri isə fərdi maraqlarını təmin eləyiblər. Məsələnin mahiyyəti bundan ibarətdir. 2001-ci ildən vəziyyət bu cür olub". S.Cəlaloğlu hesab edir ki, artıq Azərbaycanda əvvəlki neft bumu, əvvəlki iqtisadi maraqlar yoxdur və indi Azərbaycanda geopolitik maraqlar birinci yerə çıxmağa başlayır. Ona görə də Avropa Şurası məlum məsələni ortaya atıb və məlum sanksiyanı qəbul etdi: “Bax buna görə də Avropa Şurasının ”yadına düşüb" ki, demokratiyanın boğulmasında rüşvət amili rol oynayır. Səməd Seyidova və digər bir neçə avropalı deputata qarşı sanksiyanı Azərbaycana qarşı qərəz kimi qəbul etmirəm. Çünki Azərbaycandan yalnız Səməd Seyidova qarşı qəbul olunubsa, Avropadan 3-4 deputata qarşı qəbul olunub bu sanksiya. Mən bu sanksiyanın qəbul olunmasında ermənilərin əlinin olduğunu iddia etməyi erməniləri şişirtmək, olduqlarından daha böyük təqdim etmək kimi qəbul edirəm. Biz Avropada bizə qarşı nə olursa, arxasında ermənilərin dayandığını bəyan etməklə dolayısı ilə erməniləri həddən artıq böyütmüş oluruq. Belə çıxır ki, ermənilər bütün dünyanı idarə edir, Avropa Şurası ermənilərin əlindədir, Avropa Birliyi ermənilərin diktəsi ilə hərəkət edir. Ona görə də biz gərək erməniləri gözümüzdə böyütməyək. Hər şeydə erməninin əlinin olduğunu deməklə, qaş düzəltdiyimiz yerdə gözü çıxarmış durumuna düşə bilərik. Gəlin, erməniləri az qala bütün dünyanı idarə eləyən millət səviyyəsinə qaldırmayaq. Ermənilər bu qədər güclü olsaydılar Avropa Şurasında özlərinin xeyrinə, Qarabağ məsələsində öz maraqlarına xidmət edən qərarlar qəbul etdirərdilər. Ancaq belə qərarları qəbul etdirmək gücündə deyillər. Səməd Seyidov bu sanksiyanı əsassız, qərəzli sayırsa, Avropa Məhkəməsinə şikayət etsin. Məncə, o, belə bir şikayəti etməyəcək". ADP sədri onu da dedi ki, Azərbaycanın iqtidar təmsilçilərinin Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyimizi bəyan etməsi normaldır. Biz həqiqətən də orada qalmalıyıq və mübarizə aparmalıyıq: “Kimlərsə, Avropa Şurasından çıxarıq kimi bəyanatlar verirsə, bunlar blefdir. Azərbaycanın dövlət kimi mövcudluğu həm də ABŞ-la, Avropa ilə əməkdaşlıqdan keçir. Bunu unutmaq olmaz”. Geri qayıt |