Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan iqtidarını mitinqlərlə qorxutmaq mümkün deyil”

“Azərbaycan iqtidarını mitinqlərlə qorxutmaq mümkün deyil”


3-04-2018, 08:47
“Azərbaycan iqtidarını mitinqlərlə qorxutmaq mümkün deyil”
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi Milli Şura və Müsavat artıq iki etiraz mitinqi keçirib. Martın 10-u və 31-də keçirilən bu aksiyalardan hakimiyyətin çəkinib-çəkinmədiyi barədə birmənalı fikir yoxdur.

Doğrudur, iqtidara yaxın mətbu orqanlar bu aksiyalara sərt tənqidi ruhdan yazılar həsr edir. Bu da daha çox hakimiyyətin aksiyalardan ehtiyat etməsi kimi qələmə verilir. İqtidar rəsmiləri isə Milli Şura və Müsavatın aksiyalarının əhəmiyyətsiz olduğunu qeyd edirlər. Müxalif düşərgənin də bu məsələyə münasibəti birmənalı deyil.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu mitinqlərdən qətiyyən çəkinmədiklərini söylədi: “Aksiyaları təşkil edənlərin özləri də yaxşı bilirlər ki, bunlar varlıqlarını yada salmaq üçündür. Bunların sosial bazaları o qədər zəifdir ki, insanların yaddaşlarından çıxırlar. Görürlər, Azərbaycanda prezident seçkiləri ilə bağlı mühit çox demokratik, şəffafdır, kifayət qədər şəxs namizədliyini irəli sürüb, onlara geniş imkanlar yaradılıb, onlar da kənarda qaldıqlarını görüb, özlərini yada salmaq istəyirlər. Əgər sizlər var idinizsə, o zaman namizədliyinizi irəli sürərdiniz. Qrant almaq, müxalifət imici qazanmaq üçün meydana çıxırsınız. Bu cür vəziyyətdə onların aksiyaları niyə bizi narahat etməlidir? Əgər bunların güclü sosial bazaları olsaydı, seçkilərə qatılsaydılar, onları dəstəkləyənlərin sayı barmaq hesabı deyil, bir qədər çox olsaydı, o zaman haradasa düşünmək olardı ki, bəlkə bunlar bizə rəqibdir. Onlar iqtidar üçün heç mininci sırada dayanan rəqib deyillər. 31 mart faciə günümüzdür, bu gündə mitinq keçirməyin yeri yox idi. Onlar qəsdən mitinq gününü 31 marta saldılar ki, iqtidar dediklərimi nəzərə alıb onlara icazə verməsin. Onlar da desinlər ki, sərbəst toplaşmaq hüququmuz pozuldu. Bütün bunların hamısı oyunbazlıqdır. Bu cür oyunlarla Azərbaycan iqtidarını qorxutmaq mümkün deyil. Çünki hakimiyyəti bütün xalq dəstəkləyir.

Bu günlərdə keçirilən sorğular da göstərdi ki, iqtidarın, Yeni Azərbaycan Partiyasının nümayəndəsi hamıdan çox səs toplayacaq. Mənim özüm də YAP tərəfindən bu görüşlərdə iştirak edirəm, insanlarla birbaşa təmasdayam. Hamı yetkinliklə səsini kimə verəcəyini müəyyənləşdirib. Buna görə heç kimdən, heç bir qüvvədən çəkinmirik. İqtidara yaxın mətbuat orqanlarında o mitinqlər barədə yazıların dərc olunmasına gəlincə, deyə bilərəm ki, bizim mətbuatda o mitinqlərlə bağlı yazılara heç bir yer verilmir. Amma informasiyanın biri də odur ki, ”Məhsul" stadionunda icazəli mitinq keçirilir. Hər bir mətbuat orqanı da sərbəstdir, istəsə o barədə yazılar verə bilər. Hər halda, o aksiyalar barədə müsbət nəsə demək mümkün deyil. Əvvəla, matəm günündə mitinq keçirilib, digər tərəfdən nə gücləri var ki, onların işindən bəh-bəhlə danışılsın? Dedikləri də insanların düşüncələrindən tam uzaq olan, 90-cı illərdən gələn sözlərdir. Bir var, qısa xəbər verəsən, biri də var ki, informasiya təqdim edəsən. İnformasiya verəndə isə istər-istəməz jurnalistin özünün də o məsələyə münasibəti həmin yazıda görünür. Münasibət də odur ki, bu mitinq deyil, şoudur".

AMİP katibi Əli Orucov yer aldıqları düşərgənin bir kəsiminin keçirdiyi bu aksiyaların hakimiyyət üçün təhlükəli olmadığını düşünür: “İqtidar islahatları kimdənsə, hansısa düşərgədən çəkinməsinə görə aparmamalıdır. Bunu dövlətin möhkəmləndirilməsinə və inkişafına görə həyata keçirməlidir. Məncə, ağıllı iqtidarlar inkişafa mane olan halları müəyyən edib qısa zaman kəsiyində aradan qaldıra bilirsə, həmin iqtidarların ömürləri uzun, xalqdan aldıqları dəstək də güclü olur. Bunun əksi isə hakimiyyətləri zəiflədir, onu və dövləti təhlükəli nəticələrə sürükləyir. Müxalifətin keçirdiyi aksiyalar təhlükəli deyil. Çünki son zamanlar keçirilən mitinqlər bir daha sübut etdi ki, protest çoxluq kütləvi aksiyalara həvəs göstərmir. Bunun müəyyən səbəbləri var. Müxalifətin vitrinində demək olar xalqa təqdim edəcək heç nə yoxdur, nə alternativ proqram və layihələr, nə müasir idarəçilik, nə demokratik yanaşma, nə də kadrlar. Müxalifət bir sıra sahələrdə iqtidardan geri qalır. Üstün cəhətlərdən isə yerində və ağıllı istifadə edə bilmirlər. Ona görə də hakimiyyət müxalifət düşərgəsindən deyil, hakimiyyətdaxili müxalifət və mübarizədən çəkinir. Hakimiyyətdaxili müxalifət və getdikcə şiddətlənən mübarizə daha təhlükəli və təsirlidir. Hakimiyyət bir tərəfdən idarəçilikdə islahatlara getməyin zəruriliyini anlayır, digər tərəfdən isə bu islahatlarla mühafizəkarlar tərəfindən törədilən ciddi əngəlləri aradan qaldırmağa, qısa zaman kəsiyində maneələri dəf etməyə risk etmir. Azərbaycan kimi ölkələrdə illərlə vəzifədə olan və şəbəkələşən, geniş inzibatı, iqtisadi və maliyyə resurslarına malik oliqarx məmurların maraqlarına toxunan hansısa islahatlar aparmaq və köklü dəyişikliklər etmək asan məsələ deyil. Bu, hətta o dərəcədə risklidir ki, hakimiyyətin varlığına belə ciddi təhdid yarada bilər. Bu baxımdan da hesab edirəm ki, hakimiyyət iki yoldan birini seçməlidir: seçkilərdən sonra ya mütərəqqi hakimiyyətdaxili və cəmiyyətin, o cümlədən demokratik düşərgənin dəstəyinə güvənib geniş və kardinal islahatlara, dəyişikliklərə getməlidir, ya da inkişafa və tərəqqiyə mane olan indiki oliqarx məmurlarla yoluna davam etməlidir. İqtidar siyasətini dəyişməsə, qarşıdakı illər onun üçün çox çətin və təlatümlü olacaq”.
“Yeni Müsavat”

Geri qayıt