Əsas Səhifə > Partiya, Güney Press > ATƏT-in seçki müşahidəçiləri bu gündən fəaliyyətə başlayır
ATƏT-in seçki müşahidəçiləri bu gündən fəaliyyətə başlayır8-03-2018, 09:25 |
Aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2018" Müstəqil Media Mərkəzi martın 7-dən fəaliyyətə başlayıb. Martın 7-də “Seçki-2018" Müstəqil Media Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə MSK sədri Məzahir Pənahov, MSK üzvləri və MSK Katibliyinin təmsilçiləri iştirak ediblər. ”Seçki-2018" Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə tanış olan MSK sədri yerli və beynəlxalq KİV-in asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün öz tövsiyələrini də verib. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək “Seçki-2018" Müstəqil Media Mərkəzi namizədlər və onların səlahiyyətli nümayəndələrinin mətbuat konfransları keçirmək və bəyanatlar verməsi üçün də açıqdır. Prezidentliyə namizədliyi qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını mərkəzdə yerləşdirə bilərlər. “Seçki-2018" Müstəqil Media Mərkəzinin www.secki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və videogörüntülər təqdim edilir. Məzahir Pənahov həmçinin bildirib ki, prezident seçkilərində müşahidə aparmaq üçün dünya ölkələrinə və beynəlxalq təşkilatlara dəvət göndərilib. O qeyd edib ki, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərib. M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasının müşahidəçi kimi martın 8-dən fəaliyyətə başlayacağını məlumat verib. MSK sədri həmçinin qeyd edib ki, namizədlər seçkiqabağı təşviqat kampaniyası başlamamış təbliğat aparmamalıdırlar. Təbliğat kampaniyası başlamamış təşviqat aparmaq qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları-onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”. Seçkiqabağı təşviqat martın 19-da başlayır. Bu arada İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb. İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manat, maksimum qiyməti isə 50 manat müəyyən edilib. Bu isə o deməkdir ki, 1 dəqiqə çıxış üçün minimum 1200, maksimum 3000 manat tələb olunur. İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır. Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər. İctimai Televiziya və Radio Yayımları Şirkəti prezidentliyə qeydə alınan namizədlərə həm də ödənişsiz efir vaxtı ayıracaq. Həmin müddət namizədlər arasında bərabər bölünəcək. Martın 7-də isə MSK-nın qeydə aldığı namizədlərin sayı 4-ə (Buna qədər YAP-ın namizədi İlham Əliyev qeydə alınmışdı) çatıb. MSK-nın iclasında prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Orucun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova iclasda məlumat verib ki, Zahid Orucun, Araz Əlizadənin və Qüdrət Həsənquliyevin müdafiəsi üçün toplanan imzalar MSK-ya təqdim edilib, Mərkəzi Seçki Komissiyası həmin imzaları yoxlayıb və hər birinin 40 mindən artıq seçici imzası etibarlı sayılıb, onların prezidentliyə namizədliyinin qeydə alınması üçün əsaslar var. Onların namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Hər üç namizəd Milli Məclisin deputatıdır. Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. İddiaçıların bəziləri artıq imzatoplama kampaniyasını yekunlaşdırıblar. Bəziləri isə hələ davam edirlər. Dünən daha bir iddiaçı-VİP-in namizədi Əli Əliyevin imzatoplama kampaniyası başa çatdırılıb. VİP mətbuat xidmətindən verilən xəbərə görə, tələb olunan imzalar toplanıb. Dairələr üzrə əhatəliliyi araşdırılır, imza vərəqələri qərərgaha toplanaraq yoxlanışdan keçirilir. Vərəqələrin düzgünlüyü yoxlanandan sonra MSK-ya təqdim olunacaq. Prosesin həftə sonuna qədər tamamlanacağı qeyd olunur. “Yeni Müsavat” Geri qayıt |