Əsas Səhifə > Şou-biznes > "Gələn təklifləri təkidlə rədd etmişəm"
"Gələn təklifləri təkidlə rədd etmişəm"Bu gün, 10:07 |
Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Rasim Balayev “Real FM”ə müsahibə verib. Bu barədə danışan aktyor bütün dünya ulduzlarının reklamlarda rol aldığını bildirib. “Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur. Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur, ölüb. Kino var ki, orada çəkiləm? Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onsuz da mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik”. Sosial şəbəkələrdə və media müstəvisində iki fərqli mövqe formalaşıb: bir tərəf sənətkarın reklamda görünməsini sənətə hörmətsizlik sayır, digər tərəf isə sənətçinin buna məcbur qaldığını və təqdir olunmalı olduğunu bildirir. Dünyada necədir? Qardaş Türkiyədən tutmuş Hollivuda qədər bir çox ölkələrdə tanınmış aktyorların reklam çarxlarında iştirakı kifayət qədər yayılmış praktikadır. Məsələn, Al Paçino, Robert De Niro, Morqan Friman kimi dünya şöhrətli aktyorlar qəhvə, avtomobil, saat, bank, hətta dərman reklamlarında çəkiliblər. Türkiyədə Haluk Bilginer, Kenan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ kimi sənət adamları tez-tez böyük reklam kampaniyalarının siması olurlar. Bəs niyə Azərbaycanda bu məsələ birmənalı qarşılanmır? Məsələ ondadır ki, Azərbaycan cəmiyyətində Xalq artisti adına xüsusi bir yük, simvolik status yüklənir. Rasim Balayev kimi sənət adamları bir çoxlarının gözündə yalnız monumental bədii obrazlarda görünməli, yüksək ideya daşıyan əsərlərlə assosiasiya olunmalıdır. Onun “Nəsimi” obrazı ilə yadda qalmış aktyor kimi kolbasa reklamında çəkilməsi bu simvolik auraya zidd qəbul edilir. Amma bu mövqeyin özü də suallar doğurur: kino sənayesi durğun vəziyyətdədirsə, aktyor illərlə işsiz qalırsa, sadəcə, “simvol” olaraq yaşamaq mümkünmü? Digər tanınmış sənətçilər, aktyorlar müəyyən məbləğ qarşılığında reklama çəkilərdilərmi? Onlar Rasim Balayevi haqlı sayırmı? Xalq artisti, tanınmış aktyor-rejissor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Şeyx Əbdül kolbasa reklamına çəkildiyi üçün həmkarını sərt şəkildə qınayıb: “Rasim Balayev kinonun hesabına çatdığı mərhələdən heç olmasa utanardı. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir, kinonun rəhbərlərindən biridir, lazım gələndə ölkə rəhbəri ilə görüşə o gedir. Bəs niyə bu kino üçün heç nə etmir? Axırda "Nəsimi"dən sonra gedib kolbasa reklamına çəkilir. Görün, indi kinomuz hansı səviyyəyə çatıb. Mən də onun davasını çəkirəm ki, gəlin milli kinomuzu ayağa qaldıraq. Şəxsən mənim “Şah İsmayıl Xətai”, “Ağaməhəmməd Şah Qacar” və daha neçə-neçə ssenarim ortada qalıb. “Qapı bağlı” olduğu üçün gedirlər kolbasa reklamına çəkilirlər. Belə getsə, kolbasa reklamına çəkilməyə şükür edəcəklər - onları bundan da pis reklamlar gözləyəcək. Sənətkarların reklama çəkilməsinə gəlincə, reklamların da səviyyəlisi, səviyyəsizi olur. Əlbəttə ki, Türkiyədə də məşhur sənətkarlar reklamlarda çəkilirlər. Amma baxın, onlar özlərinə layiq olan reklamlarda çəkilirlər. Mənə də reklama çəkilmək üçün təkliflər olub. Məsələn, bu günlərdə iki belə təklif almışdım - biri paltar, biri isə yemək reklamı idi. Dedim: gedin yeməyi satın, geyimi də ekranlara çılpaq çıxan qadınlara geyindirin. Bəli, mənim ehtiyacım çoxdur. Amma əgər normal ideologiyamıza, milli-mənəvi dəyərlərimizə uyğun reklam olarsa, çəkilərəm. Bu gün bütün dünya reklam üzərində qurulub. Amma baxır kim, nə və hansı şəraitdə, hansı mövzuda reklama çəkilir". Əməkdar incəsənət xadimi, məşhur aktyor və rejissor Elxan Cəfərov isə deyib ki, bu məsələ çox şəxsi və spesifik məsələdir: “Burada aksiom yoxdur. Demək olmaz ki, bunu etmək olar və yaxud etmək olmaz. Təbii ki, dünyada belə təcrübələr var. Elə aktyorlarımız var ki, seriala çəkilir, eləsi də var ki, çəkilmir. Bədii filmdə çəkilən aktyorlarımız serialda da, reklamda da görünür. Bu, yaradıcı insanların sosial dayanıqlı bir mövqedə olmamalarından irəli gələn məsələlərdir. İndi, təbii ki, kimsə 5 manat artıq qazanmaq istəyirsə, burada qəbahətli heç nə yoxdur. Əlbəttə, Rasim Balayevin kolbasa reklamına çəkilməsi şəxsən mənim üçün, bir tamaşaçı kimi, bir qədər dartınaraq qəbul etdiyim hal oldu. Bizim çoxsaylı sənətkarlarımız var ki, bəzən onları avtobusda, metroda görəndə insan bir anlıq tərəddüd edir. Düşünürsən ki, mənim qəhrəmanım mənim üçün əlçatmazdır, bir xülyadır - niyə adi insan kimi metroya, avtobusa minməlidir?", - rejissor deyib. “Bəs sizə reklama çəkilmək üçün təkliflər gəlibmi?” - sualına isə Elxan Cəfərov belə cavab verib: “Çox gənc yaşımda, yaxın bir dostun və tanışın xahişi ilə bir mobil operatorun reklamına çəkilmişdim. Amma ondan sonra çəkilməmişəm. Gələn təklifləri isə təkidlə rədd etmişəm və bildirmişəm ki, bir daha bu cür təkliflər olunmasın. Şəxsən mən istəməzdim o cür reklamlarda çəkilim. İstəyərdim ki, insanların düşüncəsində yaradıcı insanlara qarşı olan o mifik münasibəti qoruyub saxlayım". “Yeni Müsavat” Geri qayıt |