Artıq dərslərin başlamasından üç həftə keçir, amma məktəblərdə dərs prosesinin ən vacib sənədi olan jurnallar hələ də verilməyib. Təəssüf ki, məsələ yalnız texniki gecikmə deyil, əlavə “ticarət” açmağa çevrilib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin balansında olan məktəblərə tapşırılıb ki, jurnalları öz hesablarına çıxartsınlar. Beləliklə, 3 və ya 5 manatlıq “müvəqqəti jurnallar” müəllimlərə satılır, yeni qazanc mənbəyi yaradılır.
Elm və Təhsil Nazirliyi hər fürsətdə şagirdlərə dəqiqlikdən, şəffaflıqdan, ədalətdən danışır. Amma real vəziyyət necədir? İndiyədək şagirdlərin davamiyyəti, qiymətləri və fənn planları hansı əsasda sənədləşdirilir? Müəllim dərsini yazmaq üçün əsas sənədi əldə edə bilmirsə, şəffaflıqdan necə danışmaq olar?
Tehsilmedia.az bildirir ki, maddi-texniki bazası yaxşı olan məktəblərdə hər otaqda kompüter, internet var, müəllimlər elektron jurnalı rahat yaza bilirlər. Amma şəraitsiz, informatika otağı belə olmayan məktəblər üçün ən sadə həll – çap olunmuş jurnal – təmin edilmir. Nəticədə, müəllimlər müvəqqəti “kopya jurnallara” məcbur edilir.
Elm və Təhsil Nazirliyi bu vəziyyətdən xəbərdardırmı? Nazirlik şagird və müəllimləri bu cür çətinliklərdə niyə tək buraxır? Əgər ölkənin bütün məktəblərində elektron sistem tətbiq olunacaqsa, onda əvvəlcə infrastruktur yaradılmalı, sonra ənənəvi jurnaldan imtina edilməlidir. Əks halda, “təhsil islahatı” adı altında sadəcə əlavə pul yığma mexanizmi qurulur.
Müəllimlər şagirdlərə dürüstlük öyrədir, amma özləri dürüstlüyün qurbanına çevrilirlər. Nazirliyin bu məsələni diqqətə alması çox vacibdir.
Geri qayıt
|