Əsas Səhifə > Üst manşet / Güney Press > AAYDA-nın sərhəd tanımayan özbaşınalığı
AAYDA-nın sərhəd tanımayan özbaşınalığıBu gün, 07:28 |
Metronun “Koroğlu” stansiyasının ətrafında körpünün salınması, yolların genişləndirilməsindən təxminən 15 ildən çox vaxt keçsə də, bu məqsədlə əmlakı sökülən vətəndaşlar arasında hələ də kompensasiyasını ala bilməyənlər var.Bizimyol.info xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasında yerləşən, hər mərtəbəsi 300 kvadrat metr olmaqla, ümumilikdə 600 kvadrat metrlik ikimərtəbəli obyektin sahibi də bu problemlə əlaqədar məhkəməyə müraciət edib. Mülkiyyətçi məhkəmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) qarşı iddia qaldırıb. Onun sözlərinə görə, obyektin bütün sənədləri qaydasında olub. Kompensasiya ödənişi üçün məhkəmədən əvvəl AAYDA-ya ərizə göndərib, lakin oradan imtina cavabı gəlib. Cavabda göstərilib ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Koroğlu metrostansiyası ətrafında müxtəlif səviyyəli yol qovşağının tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən maneələrin sənədləşdirilməsi, dəymiş ziyana görə kompensasiyaların ödənilməsi üçün həmin dövrün qanunvericiliyinə uyğun olaraq, Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdı. Tikinti altına düşən maneələrin siyahıya alınması da komissiya tərəfindən aparılıb və təsirə məruz qalan əmlak sahiblərinə kompensasiya ödənilib. Şikayətçi bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Koroğlu” metrostansiyası ətrafında fəaliyyət göstərmiş obyektlərin digər ərazilərdə yenidən bərpa edilməsi, yaxud da bərpa qiymətini ödəməklə bağlı öhdəlikləri vardı. Lakin bu qurum öz vəzifəsini yerinə yetirməyib, hərəkətsizlik eləyib: “Onların qanunsuz və əsassız olaraq dəymiş ziyanın ödənilməsindən imtinası mənim mülkiyyət hüquqlarımı pozur”. Mülkiyyətçi qeyd edir ki, Azərbaycanın Konstitusiyası da, digər qanunları da mülkiyyətin toxunulmazlığına təminat verir. Baş verənlər isə mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır: “Söküntü dövlət ehtiyacına görə həyata keçirilibsə, bu halda da “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunla tənzimlənməlidir. Lakin bu qanunun da tələbləri pozulub”. Şikayətçinin sözlərinə görə, 18 ildir ki, bu problemlə əlaqədar çətin vəziyyətə düşüb: “Həm torpağın, həm də əmlakın özünün çıxarışı vardı. Söküntü işlərinin aparılmasında birbaşa icra başçısının özü də iştirak edirdi. Bir müddət əvvəl 22 nəfər sahibkar birlikdə Prezident Administrasiyasına müraciət etdik. Dedilər ki, məhkəməyə müraciət edin”. Sahibkar əlavə edib ki, uzun mübarizədən sonra əmlakının bir hissəsi ilə bağlı təzminat əldə edə bilsə də, qalan hissə indiyə qədər qalıb. Geri qayıt |