Əsas Səhifə > Üst manşet / Güney Press > "İki gündür internetimiz kəsilib, amma..."

"İki gündür internetimiz kəsilib, amma..."


Dünən, 09:04

Aztelekom istifadəçisi, jurnalist İmran Kərimli iki gündür internetsiz qalıb. O, bu barədə öz sosial media hesabında paylaşım edib. Bildirib ki, artıq ikinci gündür evdə internet xidməti göstərilmir. Bu müddət ərzində dəfələrlə “Aztelekom”un 170 Çağrı Mərkəzinə müraciət etsə də, problem həll olunmayıb.

Tribunainfo.az xəbər verir ki, şikayətçi bu halların artıq dəfələrlə təkrarlandığını bildirib.

“Deyirlər ki, müraciətiniz qeydə alınıb, amma heç bir tədbir görülmür. Bu hallar dəfələrlə baş verib və insanı bu provayderi seçdiyinə peşman edirlər. Günlərlə internet olmamasına baxmayaraq, nə kompensasiya, nə güzəşt, nə də üzrxahlıq edilir. Amma ödəniş vaxtı çatanda o saniyə xidməti dərhal kəsirlər”, – deyə o qeyd edib.

Şikayətçi əlavə edib ki, xidmət göstərilməməsinin səbəbi barədə heç bir izahat verilmir və texniki heyət hadisə yerinə baxış keçirmir:

“Çox adamın işi internetlə bağlıdır və bu, ciddi zərər və çətinlik yaradır. Əgər mən meqabayta görə ayrıca pul ödəyirəmsə, onda provayderə qoşulmağın nə mənası var? Sanki internet xidmətinə “Aztelekom” yox, başqa qalaktikadan hansısa qurum cavabdehdir. Danışanda deyirlər 5G, optik internet, yüksək texnologiya, amma ən sadə xidməti belə təmin edə bilmirlər”.

İmran Kərimli həmçinin, internet olmadığı halda məcburən dəfələrlə mobil telefonla çağrı mərkəzinə zəng etməli olduğunu, bunun üçün əlavə xərclər çəkdiyini vurğulayıb:

“Operatora bağlanmaq üçün uzun müddət musiqi dinləməli oluruq. Bizdə bir dənə də olsun sağlam sahə qalmayıb.”

Şikayətçi müasir dövrdə hər şeyin internetdən asılı olduğunu nəzərə alaraq, problemin tezliklə həll edilməsini tələb edir.


Geri qayıt