Əsas Səhifə > Üst manşet, Güney Press > "Bütün müraciətlərimə rədd cavabı verilir"
"Bütün müraciətlərimə rədd cavabı verilir"Dünən, 00:29 |
Sabirabad rayonu, Əhmədabad kənd sakini Davrişova Narxanım Paşa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, sosial yardım verilməməsindən şikayətçidir: “Məlumat verim ki, həyat yoldaşım 5-6 il əvvəl vəfat edib. Bir oğlum var, bu ay əsgər aparacaqlar. Həyat yoldaşımın pensiyasın da oğlumun adına alırdıq. Oğlum Türkiyədə universitetə qəbul oldu. Oraya oxumağa gedəndə pensiya kəsildi. Mənim heç nəyim yoxdur. Bir inəyim vardı, onu da oğlumun Türkiyədə yaşaması üçün satdım. Kasıbçılığa görə, oğlumu Türkiyədə oxutdura bilmədim. Çünki ona göndərməyə pulum olmadı. Oğlum da universiteti yarımcıq qoyub, Türkiyədən qayıtdı. İndi deyirlər ki, hərbi xidmətə getdikdən sonra yenə də pensiya verilməyəcək. Ünvanlı sosial yardım almaq üçün, bizə məxsus torpaqla bağlı iki ildir nə dedilərsə düzəldib verdim. Dövlət Sosial Müdafiə Fondunun Sabirabad Rayon Şöbəsinin müdiri Cavid müəllim deyir ki, hər ay otuz manat ödəməlisiniz. Mən də hər dəfə pulu ödədim. Ünvanlı sosial yardım almaq üçün 5-6 dəfə müraciət etmişəm. Lakin hər dəfə imtina cavabı verildi. Qeyd edim ki, qonşudan biraz borc pul alıb, sentyabr ayında Bakıya Sosial Müdafiə Nazirliyinə gəldim. Bir cavan oğlan məni qəbul etdi. Mənə bildirdi ki, ailə başçın olmadığına görə, pensiyanı da, sosial müavinətini də alacaqsan. Mən yenidən Dövlət Sosial Müdafiə Fondunun Sabirabad Rayon Şöbəsinin müdiri Cavid müəllimin yanına gəldim. Mənə dedi ki, sənə yenə də imtina verilib, sənədlərini yenidən göndər. Onu da vurğulayım ki, 30 manatdan başqa, hər dəfə o sənədləri göndərən komputerçi Aslan bəyə də pul verirdim. Noyabrın sonunda yenidən Cavid müəllimin yanına getdim. Dedi ki, yenə sənə imtina verilib. Əlavə etdi ki, 1 il sənəd göndərə bilmərəm. Mən nə edim? Necə dolanım? Yeganə oğlumu da əsgər aparırlar. Xahiş edirəm, mənə köməklik göstərin”. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Sabirabad rayon sakini Davrişova Narxanım Paşa qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti bu il sentyabrın 25-də olub. Ailənin sosial yardım almaq hüququna baxılarkən müəyyən edilib ki, N.Davrişovanın məşğulluğu torpaq pay mülkiyyəti ilə təmin edilsə də, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair “ərizə-bəyannamə”də qeyd olunmuş məlumat öz təsdiqini tapmayıb. Bu səbəblə, ailəyə 25.11.2024-cü il tarixində sistem tərəfindən imtina verilib. Geri qayıt |