Əsas Səhifə > Üst manşet, Güney Press > Yuxarı qiymətə aşağı keyfiyyət...
Yuxarı qiymətə aşağı keyfiyyət...6-10-2024, 07:51 |
“Aztelekom” və “Baktelekom” internetin qiymətini 2024-cü ilin avqustun 15-dən artırıb. 40 Mbits interneti 18 manata təklif edən provayderlər, sürəti 100 Mbits-ə yüksəltdiklərini bildirərək qiyməti də 25 manata qaldırıblar. Qiymət artımından sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama vermişdi ki, “Aztelekom”da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki imkanı yoxdur: ““Aztelekom” aldığı və satdığı trafik barədə məlumat vermir, bunu qapalı saxlayır. Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var. Bununla da “Aztelekom” abonentlərə müqavilədə nəzərdə tutulanı deyil, aşağı sürətləri təqdim edəcək. Sadə vətəndaşların bundan xəbəri olmayacaq. Sadə vətəndaşlara qarşı sadəcə, “çəkidə oğurlamaq” prinsipi tətbiq ediləcək”. Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelecom” və “Baktelecom” dövlət telekommunikasiya provayderlərinin tətbiq etdikləri qiymət dəyişikliklərinin yoxlanılmasına başlayıb. Araşdırmada məqsəd provayderlərin hərəkətlərinin Rəqabət Məcəlləsinə uyğun olub-olmadığını və yeni tariflərin hüquq normalarına uyğun tətbiq edilib-edilmədiyini müəyyən etməkdir. Qiymət artımından sonra isə əhali arasında narazılıq yaranıb. Bildirilir ki, internetin qiyməti artsa da, keyfiyyətində, sürətində heç bir dəyişiklik yoxdur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qiymətdəki artımdan sonra bir sıra vətəndaş internet xidmətindən imtina etmək qərarına gəlib. Qeyd edilir ki, “Aztelecom”un yerlərdəki qovşaqlarından bölgələrdəki vətəndaşlara internet xidmətindən imtina etdikləri halda modemlərin geri alınmadığı və özlərinin də 130 AZN cərimə olunacaqları bildirilib. Məsələ ilə bağlı “Aztelecom”dan münasibət öyrənmək mümkün olmayıb. Hüquqşünas Ramil Süleymanov deyir ki, İqtisadiyyat Nazirliyi yanına Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə internetin qiymətinin bahalaşdırılmasına etiraz olaraq kifayət qədər müraciətlər daxil olub: “Dövlət Xidməti artıq bir iradə ortaya qoymalıdır və vətəndaşların haqlı olaraq pozulan hüquqlarının təmini ilə bağlı bazarda üstün mövqedə duran internet provayderlərini qanunun tələblərinə və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dəvət etməlidir. Belə olmayacağı təqdirdə, bu, hüquqların və qanunların pozulması anlamına gəlir. Vətəndaşlar dövlət qurumundan bununla bağlı müsbət cavab almayacağı təqdirdə, yaşadıqları ərazi üzrə rayon-şəhər məhkəmələrinə müraciət edə bilərlər”. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Meydan TV-yə bildirilib ki, internet xidmətləri bazarında rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə aparılan araşdırma hələ ki davam edir: “Araşdırma yekunlaşdıqdan sonra nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”. Geri qayıt |