"Büdcə paketinə daxil olan qanun layihələri hələ də dərc olunmayıb. Halbuki, qanuna əsasən 25 oktyabradək dərc olunmalı idi". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Buna görə də o cümlədən Vergi Məcəlləsinə ediləcək dəyişikliklər barədə yalnız arabir mətbuata sızdırılan məlumatlardan təsəvvürümüz yaranır. Məsələn, artıq bəllidir ki, əmək haqqından gəlir vergisi tutulacaq. Müəyyən güzəştlər olacaq, lakin hər bir halda tutulacaq. Məni indi başqa məsələ maraqlandırır. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə şəxsin əsas iş yerində maaşı 2500 manatadək olduqda, 200 manat hissəsi gəlir vergisindən azaddır. Yəni məsələn, şəxsin maaşı 500 manatdırsa, vergi yalnız 300 manatdan tutulur. Bu 200 manatlıq limit 2006-cı ildən tətbiq olunur. Həmin dövrdə minimal əmək haqqı 30 manat, orta aylıq əmək haqqı isə 150 manat idi. Hazırda minimal əmək haqqı 400 manat, orta aylıq əmək haqqı isə təxmini 1100 manatdır, gələn ilə isə 1170,8 manata çatacağı hökumət tərəfindən proqnozlaşdırılır. Deməli, ötən 20 il ərzində minimal əmək haqqı 13 dəfədən çox, orta aylıq əmək haqqı isə təxmini 8 dəfə artıb. Birinci rəqəmi rəhbər tutsaq əmək haqqının vergidən azad hissəsi azı 2600 manat, ikinci rəqəmi rəhbər tutsaq isə təxmini 1600 manat olmalıdır. Bəs onda niyə hələ də 200 manatdır? Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdə bu məsələ necə əks olunub?"









