Əsas Səhifə > Ölkə, Manşet > MƏTBUAT ŞURASININ RAYON BİZNESİ
MƏTBUAT ŞURASININ RAYON BİZNESİ17-10-2011, 13:29 |
ƏFLATUN AMAŞOVUN İCRA BAŞÇILARINI MÜDAFİƏDƏ MƏQSƏDİ NƏDİR? DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçən həftə bir qrup jurnalistin Salyan rayonuna səfəri baş tutdu. Əslində, burada qeyri-adi bir hadisənin olmadığını və MŞ-nin bu kimi təşəbbüslərinin alqışlanmalı olduğunu söyləmək də olardı. Amma… Məhz bu «amma»lar səbəbindən yuxarıdakı fikri söyləməyimiz mümkün olmur. «Dünya» İnformasiya Agentliyi redaksiysına (diaaz.space) daxil olan məlumatlarda bildirilir ki, əslində Mətbuat Şurasının bu səfərdə məqsədi tamam başqadır. Bu barədə danışan mənbənin sözlərindən məlum olur ki, MŞ-nin bu səfərdə konkret marağı var. Xatırladaq ki, nə zamandır bir sıra qəzetlərdə və xəbər portallarında Salyan rayonundakı özbaşınalıqlarla və bu özbaşınalıqların başında duran rayonun icra başçısı Tahir Kərimovla bağlı məlumatlar yer almaqdadır. Məlumatların davamlı şəkildə qəzet səhifələrinə yol tapması səbəbindən, hətta rayonun icra başçısı öz qoçularını «Yeni Müsavat» qəzetinin redaksiyasına da göndərmişdi. Redaksiyaya basqın edən «rayon ağsaqqalları» Tahir Kərimovla bağlı yazılanların həqiqətə uyğun olmadığını iddia etməklə yanaşı, bu yazıların durdurulmasını da tələb etmişdilər. Amma yazılar durmadı və bu zaman dövriyyəyə Mətbuat Şurası qoşuldu. Qeyd edək ki, Mətbuat Şurasının bu kimi problemlər çıxdığı zaman məmurların, icra başçılarının sipəri rolunda çıxış etməsi heç də ilk dəfə deyil ki, baş verir. Buna qədər də belə hallar yaşanılıb. Məsələn, bir neçə il əvvəl Yevlax rayonundakı qanun pozuntuları mətbuatın xüsusi diqqət mərkəzində idi. Həmin dövrdə rayona başçılıq edən Elmar Vəliyevlə bağlı faktların intensiv qaydada qəzet səhifələrinə yol tapması məhz Mətbuat Şurasının müdaxiləsinin ardından dayandırıldı. Özünə yaxın olan 10-dan artıq qəzet nümayəndəsini başına yığan Mətbuat Şurasının sədri Əflatun Amaşov Yevlaxda təmtəraqla qarşılandı. Təbii ki, bu təmtəraqın bədəli də sonradan səfərdə olmuş qəzet nümayəndələrinin yazıları ilə qarşılandı. Paralel olaraq Əflatun Amaşovun da Elmar Vəliyevə bir-iki «xoş sözü» də bədəl kimi qarşılandı. Amma MŞ sədri üçün bu səfəri unudulmaz edən həm də Yevlaxda ona bağışlanan qızıl saat oldu. Həmin ərəfədə yayılan məlumatlarda o da qeyd olunurdu ki, Yevlaxa gedən digər həmkarlarımız da əliboş qayıtmayıblar. Onların da hər birinə 1000 manatlıq zərflərin təqdim olunduğu söylənilir. İndi isə Mətbuat Şurasının təşkilatçılığı ilə Salyana baş vuruldu. Mənbəmiz eyni təmtərağın Salyanda da yaşandığını bildirməklə yanaşı qeyd etdi ki, məhz bu səfərin təşkilinin müqabilində MŞ sədrinə əməlli-başlı görüm-baxım edilib. Hər halda, bu faktın hansı dərəcədə həqiqətə uyğun olduğunu bilmirik. Bildiyimiz isə odur ki, MŞ-yə aid ayrı-ayrı şəxslər dəfələrlə müxtəlif KİV-dən Salyan rayonu icra hakimiyyətinin başçısı Tahir Kərimovun xahişini ediblər. Yəni heç nə təsadüfi deyil. Onu da bildirək ki, əslində Mətbuat Şurası yaranarkən sırf olaraq mətbuatın üzləşdiyi problemlərin həlli məqsədilə düşünülüb. Yəni o zamanlar əksər qəzetçilər zənn edirdilər ki, Mətbuat Şurası bir növ qəzetlərlə hakimiyyət arasında ünsiyyət vasitəsi, barışdırıcı körpü rolunu oynayacaq. Amma indi məlum olur ki, Mətbuat Şurası qəzetlərin hakimiyyətə satılmasının təşkilində arçılıq edir. Qəzetlərin diz çökdürülməsində Mətbuat Şurası bir alət olaraq istifadə olunur. Elə hal-hazırda barəsində haqsız olaraq cinayət işi qaldırılan «Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri də məhz Mətbuat Şurasının «qurbanlarından» hesab olunur. Geri qayıt |